Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:26

Həmən göl, həmən qurbağa...


7 aprel 2010 - “Sizi deyib gəlməmişəm”

Aprelin 7-si Azərbaycan tarixində ən məşhur satirik jurnalın - "Molla Nəsrəddin"in "doğum günüdür".

“İCTİMAİ SÜRƏTİN YEGANƏ ÖLÇÜSÜ EŞŞƏKDİR”

Çar Dumasında İrəvan quberniyasını təmsil edən Məhəmməd ağa Şahtaxtinskinin “Şərqi-rus” qəzetinin 107 il qabaq coğrafi baxımdan adı bəlli olmayan Azərbaycana bəxş etidiyi iki önəmli töhfədin biri - xəstə arvadını Tiflisə müalicəyə gətirən Cəlil Məmmədquluzadənin “Novruzəlinin poçt qutusuna məktub salma hekayəsi”ni oxuyub ona Tiflisdə qalmağı təklif etməsi; ikincisi isə Bakıdan məktub göndərən 19 yaşlı Məmmədəmin Rəsulzadənin bu ilk mətbu yazısını çap etməsi olub.

Siyasi fəaliyyəti ilə yanaşı, Məhəmməd ağa Şahtaxtinski “Əkinçi”nin sahibi Həsənbəy Zərdabi, “Qafqaz” və “Ziyayi-Qafqaziyyə”nin sahibi Ünsizadə qardaşları və “Tərcüman”ın sahibi İsmayıl bəy Kaspralıdan sonra bu coğrafiyanın dördüncü “Şeyxül-mühərririn”i idi.

Cəlil Məmmədquluzadə Tiflisə sadəcə “Poçt qutusu” baqajı ilə gəlməmişdi - məktəbində müdir olduğu bir kənddən “Danabaş” adlı bir dünya modeli yaradaraq Qafqazın o vaxtkı paytaxtına təşrif gətirmişdi.

“Danabaş kəndinin əhvalatları”nı təhlil edən mərhum Yaşar Qarayev belə yazmışdı:” Danabaş kəndi sərhədləri məlum olan ölü bir məkandır. Burada yel əsmir, yarpaq titrəmir; ictimai sürətin yeganə ölçüsü - eşşəkdir”.

“Danabaş təfəkkürü” ilə 2010-cu ildə də dünyanın istənilən guşəsində ən yüksək kreslolarda oturmaq, kostyumun ən bahalısını geyib “qraxmallı qalstuk”un ən zərlisini taxmaq-bu təfəkkürün məzmun və mahiyyətində “novatorluq” yaratmağa kifayət etmir.

Bu baxımdan yaxın dostu Qurbanəli Şərifzadəyə məktəbində direktor olduğu kənddən yazdığı məktubda “ Həmən göl: həmən qurbağa” - deyirdi....

Tiflisə əli dolu gələn Məmmədquluzadənin oradakı fəaliyyətinin həlledici mərhələlərindən birini Ömər Faiq Nemanzadə ilə tanış olmağı təşkil etmişdi.

Ədəbi-publisistik tariximizin başqa bir Şeyxül-mühərririni olan Nemanzadə ilə “Qeyrət” mətbəəsini satın alaraq “Novruz” adlı qəzet çıxaran Mirzə Cəlili “Molla Nəsrəddin”in nəşrinə doğru aparan yolda Faiq əfəndinin rolu çox böyük idi.

AZAD SÖZÜ NƏ YARADIR?


Azad söz azad mühiti yaradır, yoxsa azad mühit azad sözü?

“Molla Nəsrəddin”i çıxarmaq üçün yaranmış mühiti təsvir edən Mirzə Cəlilin sözlərindən öyrənirik ki, azad mühit azad sözü yaradır: çar Nikolayın 17 oktyabr 1905-ci il manifestindən sonra yaranan azad mühit Tiflisdəki “Kukureku” jurnalında padşahın başının xoruz şəklində çəkilməsinə qədər gedib çıxmışdı.

Jurnalı küçədə satıcı uşaqdan alan Məmmədquluzadə mətbəəyə - Ömər Faiqin yanına gedərək :”Faiq əfəndi, məgər durmaq vaxtıdır?

Bax, camaat padşahın başını xoruz şəklində çəkir?”-həyəcanını Nemanzadəyə də yoluxdurandan sonra “Molla Nəsrəddin” jurnalının çıxarılmasına qərar verilmişdi.

Deməli, Mirzə Cəlil “Xatirat”ında heç də təsadüfən demirdi:” Molla Nəsrəddin”i zəmanə özü yaratdı, təbiət özü yaratdı”.

Nemanzadə və Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının sahibləri idilər.

Bu sahiblik duyğusu jurnalın maddi cəhətdən güclənməsi üçün lazımi tədbirlərin görülməsini vacib qılırdı.

Jurnalın satışı və abunə işinin təşkilindən də qabaqda gələn məsələ-onun ətrafına dərgini maddi və mənəvi cəhətdən yaşada biləcək yazarların toplanması idi.

Məmmədquluzadə bunu böyük ustalıqla həyata keçirdi- sahibkarlıq duyğusu mühərrirlik professionallığı birləşəndə “Molla Nəsrəddin”in səhifələrinə o vaxta qədər heç kimin tanımadığı - sabun bişirib satan Mirə Ələkbər Sabir çıxdı.

MİRZƏ CƏLİLİN HACI ZEYNALABDİNDƏN FƏRQİ

Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”in ətrafında birləşən şair, yazıçı və karikaturaçıları bir mətbuat orqanının sahibi kimi qoruduğunu görürük - onu qəzet və jurnal sahibi olan neft milyoneri Hacı Zeynalabdin Tağızadədən fərqləndirən əsas cəhətlərdən biri bu idi.

Tağızadəni nə qədər sevsək də, bir vaxtlar onun qəzet və jurnallarını çıxarıb sonra məhz özünün təzyiqləri ilə Bakıdan qaçmağa məcbur qalan Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlunun aqibətini də qulaq ardına vura bilmirik.

Bu baxımdan Mirzə Cəlil milli burjuaziyanın Tağızadədən qətiyyən əksik olmayan bir nümayəndəsi idi. Bəlkə elə buna görə idi ki, o, Tağızadəni “Çar Rusiyasının mənafeyini müdafiə etməkdə” günahlandıra bilirdi...

Məmmədquluzadənin ağır xəstə olan Sabiri ömrünün axırına yaxın Tiflisə müalicəyə dəvət etməsi (Mirzə Cəlil özü o vaxt Qarabağda olduğuna görə, “Molla Nəsrəddin”in redaksiyasında qalan Sabirin müalicə işləri ilə Həmidə xanım məşğul olurdu) onun sənətkar həmrəyliyi ilə yanaşı, jurnal sahibi məsuliyyətindən xəbər verir.

Bəlkə elə bunu bildiyinə görə, Firidun bəy Köçərli 22 may 1911-ci ildə “Molla Nəsrəddin”ə göndərdiyi “Bəradərim Cəlildən çap olmağını iltimas edirəm” başlıqlı məktubunda yazmışdı:”Sabirin təbində bir o qədər zəriflik və dilində elə bir lətafət vardır ki, güldürə-güldürə ağladır və ağlada-ağlada güldürür.

Bizi dərin fikrə salan, bizim bu qədər bihümmət, biqeyrət olmağımızdır, qədir bilməməyimiz və əmək itirməyimizdir.

Hacı Seyid Əzimin dəsti-pərvərdəsi olan Sabir kimi xoştəb şairimiz, əhli-qələmimiz ehtiyac və zillətdən xəstə olub yatır.

Amma biz onun yoxsulluğundan və ağır naxoşluğundan bixəbər və qafil oturmuşuq.Onun varlığı ilə yoxluğu halımıza xələl gətirmir, keyfimizi pozmur.

Bizi bu qədər geri salan səbəblərdən birisi də bu qəflət və bu qədrnaşünaslıq deyilmi?

İndi yenə də ürəfa və əhli-qələmimizə rücu edib xəstə şairimizə maddi kömək etməyi təmənna edirik və bu kömək nə qədər tez olsa, bir o qədər yaxşı və faydalıdır”.

Siz deyin, Məmmədquluzadə “Molla Nəsrəddin”i dövlətin pulu ilə çıxarsaydı, Sabir kimi müxalif bir şairə maddi yardım toplamaq üçün bu məktubu öz səhifəsinə çıxara bilərdimi?

SOVETLƏRİN “MOLLA NƏSRƏDDİN”Ə YARDIMI...

Xatirələrdən öyrənirik ki, sosialist inqilabından sonra da nəşrə davam edən jurnala Bakı soveti aylıq yardım etməyi qərarlaşdırıbmış; ancaq jurnalın gəliri kifayət edəndə Mirzə Cəlil bu yardımı almırmış....

7 aprel 1906-da “Sizi deyib gəlmişəm” - parolu ilə yola çıxan “Molla Nəsrəddin nə istəyirdi?” - sualının cavabını bu sözlər müəyyən dərəcədə ifadə edir: bu günkü Azərbaycan, Türkiyə və İran coğrafiyası üçün tərəqqi və demokratiya.

Buna 28 may 1918-ci il fenomeni Axundzadədən başlayıb “Molla Nəsrəddin”lə davam edən bir işıqlanma prosesinin zirvəsi və tacıdır.

Əgər bu gün məmləkətin qızları 9 yaşında siğəyə tabe tutula bilmirsə, bunu istisnasız olaraq hər kəs “Molla Nəsrəddin” ədəbi məktəbinə və xüsusilə, Məmmədquluzadənin “Ölülər”də atdığı o tüpürcəyə borcludur.

Bu baxımdan Mirzə İbrahimovun 1957-ci ildə çıxan və Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitabının adının “Böyük demokrat” olması da son dərəcə anlamlıdır.

Milli hökumətin qurulmasını görəndən sonra “Molla Nəsrəddin”i Təbrizdə çıxarmağa qərar verən Məmmədquluzadənin bu düşüncəsi - əslində Bakı ilə Təbrizin milli təməldə birləşməsi üçün edilən son həmlə idi.

Ancaq “Molla Nəsrəddin”in sahibindən asılı olmayan səbəblərə görə, bu həmlə baş tutmadı və Tehranda maarif naziri olması üçün təklif alan Mirzə Cəlil Bakıya döndü.

Dönməsəydimi?

Sahibkarlıq duyğuları ilə yaşamış bir adam üçün sosializmin necə bir fəlakət olduğunu görmək baxımından Cəlil Məmmədquluzadənin taleyi ibrətamiz bir örnəkdir.

Onun çıxardığı jurnal artıq özünün deyildi - bunu yaxşı anladığına görə, 1927-də “Dəli yığıncağı”nı yazdı.

BU İNQİLAB MİRZƏ CƏLİLİN İNQİLABI DEYİLDİ

Cəmiyyətin ən ağıllı adamlarının dəlixanaya doldurulmasının mükəmməl bədii təsvirini verdi.

”Dəli yığıncağı”- 2010-cu ilin dünyasının bəzi guşələrində cərəyan edən hadisələrin universal modelidir.

Sosializm dövründə onu ən çox məmnun edən çox az şeylərdən biri də - bir vaxtlar dil məsələsi üstündə kəskin plolemikalara girdiyi Əli bəy Hüseynzadənin 1926-cı ildə “Molla Nəsrəddin”in redaksiyasına gəlməsi olmuşdu.

İ Türkoloji qurultayda iştirak etmək üçün İstanbuldan Bakıya gələn Hüseynzadə Mirzə Cəlillə görüşündə “Sadə yazmağı bacarmaq lazımdır” - sözləri ilə onun gücünü etiraf etmişdi.

Əslində sosialist inqilabı onun maddi cəhətdən sahib olduğu hər şeyinə əl qoymuşdu.

Hətta oraya qədər ki, Əli Vəliyev onun Yazıçılar İttifaqı üzvü kitabçasını “Ver, dınıjkanı der” –sözləri ilə dartıb əlindən almışdı.

Bəlkə o sahibkarlıq duyğusundan məhrumluğun qəhrini və acısını yaşadığına görə, əlyazmalarını sobaya atıb yandırmışdı...

Sahibi olduğu yeganə əmtəə olan kamançasını yanğılı-yanğılı çalaraq son akkordu vurmuş və bu dünyayla vidalaşmışdı...

Əgər sahibkarlıq duyğusu və qüruru ona çox görülübsə, ondan sonra gələn biçarələr nə edə bilər ki?

Sahibkarlıq duyğusunun itdiyi yer-köləliyin başladığı nöqtə deyilmi?

“Biz hamımız Mirzə Cəlilin “Poçt qutusu”ndan çıxmışıq”-deyən bir yazar ondan müqayisə edilməz dərəcədə yuxarıda tutulursa, deyiləcək söz varmı?

Bu durumda öz adıma mənim deyə biləcəyim söz- “Sizi deyib gəlməmişəm”dir.

İnanın ki, “Poçt qutusu”ndan çıxdığını etiraf edən yazarın özü bu günkü duruma üsyan edərdi.

Bunun səbəbi, Köçərlinin dediyi “bizim bihümmətliyimiz, biqeyrətliyimiz” deyilmi?

Əziz Şərifin, Qulam Məmmədlinin, Abbas Zamanovun, Əziz Mirəhmədovun, Xeyrulla Məmmədovun xatirələri önündə baş əyirəm.

“Analamaq dərdi” məqaləsinin və “Sizi deyib gəlmişəm” pyesinin müəllifi Anara uzun ömür diləyirəm....
XS
SM
MD
LG