Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:22

Nüvəsiz dünyaya doğru...


Praqada Amerika prezidenti Obama və Rusiya prezidenti Medvedev arasında imzalanan müqaviləyə görə, hər iki ölkə öz nüvə başlıqlarını qarşıdakı 7 ildə təxminən 30 faiz azaldacaq.

İndi onların hər birinin 2200 nüvə başlığı var, ixtisardan sonra onların sayı 1550-yə enəcək.

Bundan başqa müqaviləyə görə, Rusiya və Amerika nüvə başlıqlarını daşıyan qurğuların – bombardmaçı təyyarələrin, raketlərin sayını da yarıbayarı azaldacaq.

Bütün bu ixtisarların necə aparıldığına nazərt üçün ildə 18 yoxlanış keçiriləcək.

Bu müqavilənin mühümlüyü ondadır ki, indi dünyada olan atom bombalarının təxminən 95 faizi Amerika və Rusiyaya məxsusdur.

Bu bombalar hətta ixtisar olunandan sonra da Yer üzərində həyatı bir neçə dəfə tamamilə məhv etməyə qadir olacaq.

BİR İL ƏVVƏLKİ SÖZÜNÜ TUTDU

Obama müqaviləni “Nüvəsiz dünya” istiqamətində mühüm addım adlandırıb.

“Bir il qabaq mən buraya - Praqaya gəldim və Amerikanın nüvə silahının yayılmasının qarşısının alınması və yekunda nüvə silahının tamamilə məhv edilməsi ilə bağlı qarşısına qoyduğu məqsəddən danışdım.

Bir daha təkrar edirəm ki, bu uzunmüddətli bir məqsəddir. Ola bilsin ki, heç buna mənim ömrüm də çatmadı.

Amma bunu etməklə biz soyuq müharibədən daha da uzaqlaşacağıq və dünyada nüvə silahlarının yayılmaması rejimini möhkəmləndirmək, Amerikanı və dünyanı daha təhlükəsiz yerə çevirmək məqsədinə nail olacağıq”.

Rusiya prezidenti Medvedev isə sazişi “tarixi hadisə” adlandırıb.

“Biz elə bir sənəd hazırlamışıq ki, burada həm Amerikanın, həm də Rusiyanın maraqları balanslı şəkildə nəzərə alınır.

Əsas məqam odur ki, burada udan, yaxud uduzan yoxdur, hər iki tərəf udur.

RUSİYA MÜQAVİLƏDƏN ÇIXA DA BİLƏR...

Bundan əvvəlki nüvə razılaşması iki ölkə arasında 1991-ci ildə imzalanmışdı, həmin müqavilənin müddəti keçən ilin dekabrında başa çatıb.

Amma Medvedev həm də xəbərdarlıq edib ki, əgər Amerika Avropada raketdən müdafiə sistemləri qurmaq planlarını həyata keçirməyə çalışsa, Rusiya indi imzalanan müqavilədən çıxacaq.

Rusiya prezidenti müqavilə imzalanarkən bunun nəzərə alındığını deyib.

Amma imzalanmadan dərhal sonra Ağ evin rəsmisi Medvedevin dediklərinə münasibət bildirərkən deyib ki, bu, Kremlin şəxsi fikridir, sazişdə belə bir müddəa yoxdur.

Obama onu da deyib ki, Rusiya ilə bağlanan indiki müqavilə İranın mübahisəli nüvə proqramına münasibətdə iki ölkə arasında əməkdaşlığın daha faydalı olacağına da zəmin yaradır.
XS
SM
MD
LG