Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:57

Prezidenti tutmaq üçün xüsusi əməliyyat hazırlanır


Almaz Atambayev
Almaz Atambayev
Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevi ələ keçirmək üçün hökumət xüsusi əməliyyat hazırlayır. Bunu Qırğızıstanın keçid hökuməti bildirib.

Bakiyev isə öz doğma kəndi Teyyitdə keçirdiyi nümayişdə deyib ki, onu tutmağa istənilən cəhd qan tökülməsinə gətirəcək:

«Qoy tutmağa, öldürməyə cəhd etsinlər, görsünlər nə olur».

Bakiyev deyir ki, «bu, heç kimin haqq qazandıra bilməyəcəyi böyük qanlara aparacaq».

Bakiyev öz kəndindəki nümayişə 1500 adam toplayıb.

AzadlıqRadiosunun müxbiri Brüs Panier həmin nümayişdən xəbər verir ki, «adamlar gəlirdilər, çıxış edirdilər. Bakiyev isə onların dediyindən razı görünürdü. O gülürdü, sevinirdi və ümumiyyətlə arxayın görünürdü. Nümayişə gələn az idi. Ancaq bu yağan yağışla bağlı ola bilər. Çünki belə görünür, Bakiyevə müəyyən dəstək var».

İSTEFA YA HƏBS

«Qoy tutmağa, öldürməyə cəhd etsinlər, görsünlər nə olur»
Qırğızıstanda xalq ayağa qalxıb Bakiyev hakimiyyətini devirəndə azı 81 adam öldü.

Bakiyevin opponentlərinin başçılıq etdiyi keçid hökuməti deyir ki, aprelin 7-dəki o qanlı hadisələrə görə qisas almaq istəyənlər çoxdur və hökumət Bakiyevin təhlükəsizliyinə təminat verə bilməz. Ona görə Bakiyev ya istefa verməlidir ya da həbs olunacaq.

Yeni hökumətin başçısının müavini olan Almaz Atambayev deyib ki, «Biz Bakiyevə qarşı xüsusi əməliyyat hazırlayırıq, çünki Bakiyev insanlardan qalxan düzəldib, arxasında gizlənir. Biz ümid edirik ki, qansız ötüşə biləcəyik».

Atambayev əməliyyatın detalları barədə heç nə deməyib. Keçid hökumətinin başçısı Roza Otunbayeva da Bakiyevi ələ keçirmək üçün hazırlanan əməliyyatın nədən ibarət olmasını demək istəməyib.

Bakiyev isə bildirir ki, öz doğma regionu olan cənub regionunda çərşənbə axşamı yeni nümayiş keçirəcək.

BAKİYEV KƏNDİNƏ QAYIDIB

Bakiyevin hazırda sığındığı doğma kəndi Teyyit Cəlalabad şəhərinin yaxınlığındadır.

Bakiyev Teyyit kəndində «Reuters» agentliyinə deyib ki, «onu öldürmək cəhdi Qırğızıstanı qana boyayacaq».

Bakiyev bildirib ki, BMT-nin xüsusi nümayəndəsi ilə danışıb, ondan xahiş edib ki, BMT Qırğızıstana sülhü mühafizə qüvvələri göndərsin:

«Mən xahiş etmişəm ki, vəziyyətin gələcək gərginləşməsinin qarşısını almaq üçün BMT ölkənin şimalına sülhü mühafizə qüvvələri göndərsin».

Amerikanın Dövlət katibi Hillari Klinton şənbə günü keçid hökumətinin başçısı ilə danışıb.

Bakiyevdən «Reuters» soruşub ki, onunla dünya dövlətlərinin liderləri danışırlarmı?

Bakiyev deyib ki, «yox», çünki, onun sözlərinə görə, dünya liderləri onun yerini dəqiq bilmirlər, ona görə onunla kontakt yarada bilmirlər.

BAKİYEV «QULDUR» DEDİKLƏRİ İLƏ DANIŞIQLARA HAZIRDIR

Qırğızıstanda xalq ayağa qalxıb Bakiyev hakimiyyətini devirəndə azı 81 adam öldü
Bakiyev keçid hökuməti ilə danışıqlara hazır olduğunu deyir. Ancaq eyni vaxtda aprelin 12-dəki nümayişdə öz tərəfdarlarına deyib ki, «mən indi hakimiyyətə gələnlərə yalnız quldur deyərdim. Onlara müxalifət demək olmaz».

Bakiyevin kəndinə gedən müxbirlərin dediyinə görə, orda heç bir böyük müdafiə və təhlükəsizlik tədbiri gözə dəymir. Ancaq Bakiyevi qoruyan silahlılar var.
Bakiyev aprelin 7-də başlanan xalq qiyamı vaxtı xalqa atəş açmağa göstəriş vermədiyini deyir.

O deyir ki, əksinə, snayper onun kabinetinə iki güllə atmışdı və onu aradan götürmək istəyirdilər.

Bakiyev iddia edir ki, o, Bişkekdən qaçmasaydı, indi ölən daha çox idi.


QIRĞIZISTAN HAQDA BÜTÜN YAZILARI BURADAN OXU

MÖVZUNU BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG