Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:09

Azərbaycan yazıçıları hansı beynəlxalq mükafatlara iddia edə bilər?


Nobel mükafatının medalı
Nobel mükafatının medalı
Azərbaycanda mükafat almağa nə var ki... Ölkədə çoxlu sayda xalq şairi, yazıçısı, prezident təqaüdü alan yazar olsa da, hələ ki onlardan heç biri ən nüfuzlu beynəlxalq mükafatlara sahib çıxa bilməyib. Həmin mükafatlar aşağıdakılardır:

BEYNƏLXALQ İMPAC DUBLİN ƏDƏBİ MÜKAFATI

IMPAC - ayrıca götürülmüş nəsr əsərinə verilən ən nüfuzlu beynəlxalq mükafatdır.

Bu mükafatı “Mənim adım qırmızı” əsərinə görə alan Orxan Pamuk və “Kal gavalılar diyarı” əsərinə görə alan Herta Müller sonradan Nobel mükafatına da sahib olublar.

1996-cı ildə təsis edilən bu mükafata dünyanın istənilən ölkəsinin yazıçısı əsər təqdim edə bilər.

Əsər istənilən dildə yazıla bilər, amma ingiliscə çap edilməlidir.

Əsərin ingiliscəyə tərcüməsi mükafata təqdim olunmasından iki il qabaq çapdan çıxmış olmalıdır.

Mükafata iddialı əsərləri dünyanın böyük şəhərlərinin ictimai kitabxanaları təqdim etməlidir.

Məsələn, bu ilin İMPAC mükafatı üçün dünyanın 123 şəhərinin 163 kitabxanasından 156 əsərin namizədliyi ürəli sürülüb.

“Uzun siyahı” oktyabr, yaxud noyabr aylarında, “qısa siyahı” isə mart, yaxud aprel aylarında açıqlanır. Mükafatın təqdimatı adətən iyunun ortalarında keçirilir.

Mükafatın təşəbbüskarları - İrlandiyanın paytaxtı Dublin şəhərinin bələdiyyəsi və dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən, məhsuldarlığın artırılması üzrə ixtisaslaşan İMPAC şirkətidir.

Mükafatla bağlı inzibati işləri Dublinin İctimai Kitabxanaları görür.

Mükafatın dəyəri 100 min avrodur və mükafatlandırma mərasimi adətən iyunda keçirlir.

Münsiflər heyəti hər il yenilənir və üzvləri dünyanın müxtəlif ölkələrini təmsil edir.

Qaliblər:

1996 – Devid Maluf “Babili xatırlarkən” (Avstraliya)
1997 – Xavyer Matias “Bəmbəyaz ürək” (İspaniya)
1998 – Herta Müller “Kal gavalılar diyarı” (Almaniya)
1999 – Endryu Miller “İngenious pain” (İngiltərə)
2000 – Nikola Barker “Wide open” (İngiltərə)
2001 – Əlistər Maklaud “No great mischief” (Kanada)
2002 – Mişel Uelbek “Elementar hissəciklər” (Fransa)
2003 – Orxan Pamuk “Mənim adım qırmızı” (Türkiyə)
2004 – Tahar Ben Cellun “İşığın kor edən yoxluğu” (Mərakeş)
2005 – Edvard P.Cons “Məlum dünya” (ABŞ)
2006 – Kolm Toybin “Usta” (İrlandiya)
2007 – Per Petterson “Haydı, atları oğurlamağa” (Norveç)
2008 - Ravi Hac “De Nironun oyunu” (Kanada)
2009 – Maykl Tomas “Man Gone Down” (ABŞ)

FRANS KAFKA BEYNƏLXALQ ƏDƏBİ MÜKAFATI

Mükafat 2001-ci ildə 20-ci əsrin ən ünlü yazıçılarından olan Frans Kafkanın xatirəsinə Çexiyada təsis edilib.

Kafkanın Praqadakı heykəli
Mükafatı Çexiyadakı Kafka Cəmiyyəti və Praqa şəhərinin rəhbərliyi birgə təsis ediblər.

Mükafata Çexiya Parlamentinin Senatının prezidenti və Praqanın Lord-meri himayədarlıq edirlər.

Dəyəri 10 min dollar olan mükafatın təqdimatı hər il bir qayda olaraq oktyabrın sonlarında Praqada keçirilir.

Qalibə həm də diplom və Kafkanın bürünc heykəlciyi - Praqadakı heykəlinin kişik miniatür modeli də təqdim edilir.

Mükafatın meyarı belədir: “Mükafata layiq görülən əsərlər humanist səciyyə daşımalı, mədəni, milli, dini və dil dözümlülüyünə xidmət etməlidir”.

Bundan başqa əsərlər yazıldığı dövrü xarakterizə etməlidir.

Münsiflər Heyətinin tərkibi beynəlxalqdır. Onlar tanınmış ədəbiyyatünaslardır.

John Calder (Böyük Britaniya),
Prof. dr. Peter Demetz (ABŞ),
André Derval (Franca),
Dr. Marianne Gruber (Avstriya),
Prof. dr. Oldřich Král (Çexiya),
Prof. dr. Kurt Krolop (Çexiya),
Prof. dr. h.c. Marcel Reich-Ranicki (Almaniya),
Pr. Jiří Stránský (Çexiya),
Prof. dr. Hans Dieter Zimmermann (Almaniya).

Münsifər heyəti ildə bir dəfə yığışaraq özlərinə bir illik rəhbər seçirlər.

Frans Kafka Mükafatının qalibi əvvəlcədən razılaşdırılmış qaydada gizli səsvermə yolu ilə müəyyən edilir.

Mükafata dünyanın istənilən ölkəsindən istənilən şəxs iddia edə bilər.

Namizədlər roman, hekayə, esse, dram əsəri, şeir müəllifi ola bilərlər. Amma onların əsərləri buna qədər kitab şəklində çap edilmiş olmalıdır.

Mükafata iddialı şəxsin azı bir kitabı Çex dilində nəşr edilmiş olmalıdır.

Qaliblər:

2001 – Filip Rot (ABŞ)
2002 - İvan Klima (Çexiya)
2003 – Peter Nadaş (Macarıstan)
2004 – Elfrida Yelinek (Avstriya)
2005 – Harold Pinter (Böyük Britaniya)
2006 – Haruki Murakami (Yaponiya)
2007 – İv Bonfua (Fransa)
2008 – Arnoşt Lustiq (Çexiya)
2009 – Peter Handke (Avstriya)

(Bu mükafatı oxşar adlı - Amerikadakı Roçester Universitetinin qadın yazarlara verdiyi "Janet Heidiger Kafka Prize" ilə qarışdırmamalı.

Onların hər ikisi adətən “Kafka mükafatı” adlandırılır. Bundan başqa UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Kafka Cəmiyyəti də Kafkanın adına “Böyük qızıl medal” verir.

Amma bunların heç biri Çexiyada təsis edilən Beynəlxalq Frans Kafka Mükafatı qədər nüfuzlu deyil).

Milliyyətcə yəhudi olan Kafka alman dilində yazsa da, onun doğulduğu Bohemiya vaxtilə Avstriya-Macarıstan İmperiyasının tərkibinə daxil olsa da, indi Çexiyanın vilayətidir. Kafkanın qəbri Praqadadır.

davamı var
XS
SM
MD
LG