Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Ataol Bəhramoğlu:” Dövlətin mənə ev təklif etməsindən söhbət gedə bilməz” (davamı)


ƏVVƏLİNİ BURDA OXU

Tanınmış türk şairinin “Azadlıq”ın “Oxu zalı”na müsahibəsi. Şairlə Mais Əlizadə söhbətləşib.

...- Həmkarlar təşkilatı 1974-cü ildən bəri fəaliyyət göstərir və 36 ildir ki, tamamilə şəxsi yardımlar hesabına yaşayır.

Mən biləni, Azərbaycanda sovet dönəmindən qalma şəkildə bir dövlət yardımı vardır. Bu, bəlkə də müəyyən dərəcədə olmalıdır.

Yardım Yazıçıların həmkarlar təşkilatının şəxsiyyətini ipoteka altına almaq mənası daşımaz.

M.Ə. Ancaq burda çox önəmli bir incə çizgidən söhbət getmirmi?

Yazar iqtidara yaxınlaşanda bunu öz mənfəəti üçün edir; iqtidar yazara yaxınlaşanda bundan öz mövqeyini gücləndirmək üçün istifadə edir.

Sizcə də bu şəkildə deyilmi? İqtidar şairə həm ev verib, həm də onun tənqidlərini eşitmək istəyərmi?

A.B.Məncə, bu, müəyyən dərəcədə həm iqtidarın, həm də yazarların şəxsiyyəti ilə də əlaqədardır. Bunu çox yaxşı bilirəm.Fransada sürgündə yaşadım.Orada mədəniyyət nazirliyinə bağlı bir qurum vardır.

Çıxan bütün jurnallara, hətta bəzi nəşriyyatlara maddə dəstək verir. Mən sürgündə Fransada jurnal çıxarırdım-bizim jurnal belə o qurumdan dəstək aldı.

M.Ə. O dəstəyin əvəzində sizin onları mədh etməyinizi istədilərmi?

A.B. Bundan söhbət gedə bilməz. Biz onlarla görüşmürdük ki? Azərbaycanda mənim yaxın dostlarım Anar və Fikrət Qocanın hər hansı dəstək qarşısında baş əyməyəcəklərini yaxşı bilirəm.

M.Ə. Gəlin, söhbəti konkretləşdirməyək-ümumi prinsiplər üzərindən gedək. Bu sahədə Türkiyədəki hal-hazırkı mənzərəni necə dəyərləndirirsiniz? Türkiyədə əvvəllər belə bir durum var idimi?

A.B.Bu dərəcədə əsla olmadı. Qabaqlar da iqtidara tərəfdar olan yazarlar çıxardı.Ancaq media, sənət, yaradıcılıq sahəsində iqtidarla ziyalıların bu qədər qol-boyun olmasını görməmişdik.

AKP iqtidarı ilk dəfə ziyalılara bu qədər çəngəl atıb öz tərəfinə çəkmişdir. Ancaq bu, sadəcə siyasi iqtidar-yazar münasibəti deyildir. Burada çox böyük miqdarda puldan söhbət gedir.

Bu, sistemlə əlaqadar olan bir şeydir. Yazar, jurnalist, sənətkar sistemin taleyi ilə əlaqədar olan bu pullara qarşı son dərəcə diqqətli olmaq məcburiyyətindədir.

M.Ə. Həmkarlar təşkilatınızın hər hansı üzvü barədə nazirliklərə yardım müraciətiniz oldumu?

A.B. Mən bunu dəqiq xatırlamıram. Ancaq ola da bilər.Yaşlı, xəstə və yardıma möhtac yazıçılarımız ola bilər.

Mədəniyyət nazirliyinin xəstə bir yazıçıya yardım etməsindən təbii nə ola bilər ki? Çünki yazar hər hansı iqtidarın deyil ki-ölkənin yazarıdır?İqtidar da ölkənindir.

Bunu şəxsi mənafe ilə qarışdırmamaq lazımdır.Yardıma ehtiyacı olan bir yazara dəstək verilməsi başqa bir şeydir.

M.Ə. Kirayədə yaşadığınızı bilirəm.Bir ziyalı kimi hər hansı iqtidarın sizinlə bağlı hər hansı maddi düşüncəsi ola bilərdimi?

Mais Əlizadə və Ataol Bəhramoğlu
A.B.Mənimlə bağlı belə bir şeydən nə dünən söhbət gedə bilərdi, nə də bu gün.

Sabah da gedə bilməyəcəyini umuram. Mən bu gün iqtidar partiyasının təzminat iddiası ilə üz-üzə qalmışam.Baş nazir məndən 15 min dollar təzminat istəyir.

M.Ə.Niyə?

A.B. Bir TV proqramında baş naziri “təhqir etdiyim” iddia edilir. Dediyim sözlər belədir:”Bu iqtidar seçkilərdə kifayət qədər səs almasa da, iqtidarı əldən buraxmamaq üçün əlindən gələn hər şeyi edəcəkdir.Lazım gəlsə, qanunsuz yollara da müraciət edəcəkdir”.

M.Ə. Bu fikir azadlığıdır...

A.B.Onlara görə, bu, fikir azadlığı yox, təhqir imiş. Məndən 15 min dollar istəyirlər.

M.Ə. Baş nazir bu məsələlərlə bağlı tez-tez məhkəmə iddiaları qaldırır.Sizcə, bunun səbəbi nədir?

A.B. Baş nazir bu sahədə rekordçudur. Hər şey ortadadır. Mənim də əməkdaşı olduğum “Cümhuriyyət” qəzeti çox qərarlı və tutarlı müxalifət yürütdüyünə görə, yazarlarımız həbsdə və daimi təzyiq altındadır.

Biz cümhuriyyətimizin dəyərlərini müdafiə etdiyimizə görə, başımıza bu işlər gəlir.İşin mahiyyəti bu cürdür.

M.Ə. Sizcə, bu siyasi gərginlik Türkiyəni hara doğru aparar?

Seçkiyə bir ildən bir az çox qalıb. Sizin ziyalı mövqeyinizi öyrənə bilərikmi?


A.B. Türkiyənin durumunu bu coğrafiyada imperializmin hakimiyyət qurma planlarından ayrı şərh edə bilmərik.

Türkiyədəki siyasətçilərin bu bölgədə oynanılan oyunlara qarşı necə mövqe nümayiş etdirəcəkləri çox önəmlidir.

Türkiyədəki fəhlə sinfinin, kapitalizmin, ziyalıların, məmurların prosesləri hansı şəkildə görüb ona necə reaksiya göstərəcəkləri çox önəmlidir.

Bu gün baxanda görürük ki, Türkiyədə iqtidar ordunu tamamilə təsirsiz hala gətirib.İndi növbədə ədliyyə sistemi var-hökumət onunla müharibə edir.

Deyirlər ki, 1982-ci il konstitusiyasının əsas prinsiplərini dəyişdirirlər.Əslində isə 1961-ci il konstitusiyasının əsas prinsiplərini alt-üst edirlər.

Əgər məhkəmələri də öz əllərinə keçirərlərsə, meydanda yeganə qüvvə kimi Cümhuriyyət Xalq Partiyası qalacaqdır. Ona görə də bütün mülki qüvvələr CHP-nin ətrafında birləşərək AKP-yə qarşı vahid güc mərkəzi yaratmalıdır.

Bu qaçınılmaz məcburiyyətdir.

Əgər bu fürsət əldən gedərsə, məncə, Trkiyənin gələcəyi qaranlıqdır.

M.Ə. Yeni bir əks-inqilab baş verəcəyini deyirsinizmi?

A.B. Əks-inqilab xeyli irəliləyib.Mən buna “mülki çevriliş” deyirəm və bu adda kitabım da çıxdı.

Əslində onlar son zərbəni vurmağa hazırlaşırlar. Ancaq hamı əlbir olmazsa, onlar məhkəmələrin də strukturunu dəyişdirib bu işi axıra çatdıracaqlar.

Türkiyədə işçi sinfinin və ya əməkçi xalqın mübarizəsi ilə bunun öhdəsindən gəlmək mümkün deyildir. Sadəcə bütün qüvvələrin güclü müttəfiqliyi lazımdır.Mülki güclər vahid cəbhə yaratmalıdır.

Bu günkü iqtidar sadəcə Kemalist dəyərlərə qarşı deyil; bunlar insan hüquqlarına, fəhlə sinfinə də düşməndirlər.TEKEL işçilərinə tutulan divanı hamımız gördük.

Bunlar Türkiyədə kənd təsərrüfatını da çökdürdülər. Əcnəbi sərmayənin super marketlərinin mənafeyinə uyğun olaraq əsnafı öldürdülər.Məmurun, pensiyaçının durumu pərişandır. Hamı bir yerə birləşməli və CHP bu mübarizənin lideri olmalıdır.

M.Ə. CHP-dən də qabaqda ziyalıların getməsi lazım deyilmi?

A.B. Lazımdır.Ziyalılar müxalifətin mübarizəsinə dəstəyi qətiyyən əsirgəməməlidir. Burada siyasi istiqbal gözləmək yerinə, ziyalı vicdanı ilə hərəkət etmək lazımdır.
XS
SM
MD
LG