Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:38

Herkel: "Azərbaycanda mənə rüşvət təklif etməyiblər"


Andres Herkel, 7 fevral 2008
Andres Herkel, 7 fevral 2008
- Cənab Herkel, hara gedirsiz, bilmək olarmı? Planlarınız nədir?

- Hələ ki, bu tezliklə getmirəm. Avropa Şurasının qaydalarına əsasən həmməruzəçilər öz postlarında ancaq beş il müddətində qalmalıdırlar. Mən isə beş il yarım olmuşam. Amma bütün hallarda həmməruzəçi öz məruzəsini başa çatdırıb təhvil verəndən sonra gedə bilər. Beləliklə, hesabat təqdim olunana qədər postumda qalacam.

- Bir neçə ay həmməruzəçi qalacaqsız?

- Nəzərdə tutmuşuq ki, növbəti məruzə iyunun sonundan o tərəfə qalmasın. Çünki qarşıdan seçki gəlir, o vaxtacan hazırlıq işləri görülməlidir, müşahidə missiyası təyin olunmalıdır.

- Bəs Avropa Şurası Parlament Assambleyasında qalmaq fikriniz varmı?

- Onu hələ bilmək olmaz. Gələn ilin martında Estoniyada növbəti parlament seçkiləri keçiriləcək. İndidən demək çətindir ki, mənim partiyamın nəticələri necə olacaq. Amma seçkiyə qədər həm Estoniya parlamentində, həm də AŞPA –da qalacam.

PLANIM VAR Kİ, MEMUAR YAZIM

- Azərbaycan üzrə həmməruzəçi olduğunuz müddətdə öz fəaliyyətinizi özünüz necə qiymətləndirirsiz. Məsələn, beşballıq şkala üzrə özünüzə qiymət versəz, neçə verərdiz?

- Özümün öz fəaliyyətimə müəllimsayağı qiymət verməyim çətindir. Bircə onu deyə bilərəm ki, hər şey olduqca maraqlı oldu. Müxtəlif adamlarla tanış oldum. Həbsxanalarda maraqlı jurnalistlərlə, alimlərlə görüşdüm. O cümlədən, hökumətdə, parlamentdə, müxalifətdə, QHT sektorunda maraqlı adamlarla qarşılaşdım. Hətta belə bir planım da var ki, bu haqda memuar yazım.

Bu ayrı məsələdir ki, beş–altı il bundan əvvəl Azərbaycanda fəaliyyətə başlayanda daha optimist idim və gözləntilərim daha yüksək idi. Fikirləşirdim ki, Qərbsayağı demokratiyanı bərqərar etmək üçün daha çox iş görmək olar. Təkcə Azərbaycanı nəzərdə tutmurdum, ümumiyyətlə bütövlükdə post-sovet ölkələrində. Amma təəssüf ki, Azərbaycanda da daxil olmaqla demoktiya necə deyərlər nəzarətdə olan formada inkişaf etdi.

Əlbəttə ki, bu illərdə Azərbaycan iqtisadiyyatının güclənməsi müsbət haldır. Baxmayaraq ki, bu güclənmə başqa sektorlardan daha çox neft gəlirlərinin hesabınadır. Bundan başqa, bu illər ərzində Azərbaycanda siyasi məhbusların sayı azaldı. Düzdür, bəziləri hesab edirlər ki, siyasi məhbus problemi ölkədə ümumiyyətlə həll olunub, amma mən bu fikirlə razılaşmıram – Eynulla Fətullayev və digərləri hələ də həbsdədirlərsə, deməli, problem həll olunmayıb. Və əlbəttə ki, ölkədə siyasi partiyalar və siyasi plüralizm istənilən səviyyədə fəaliyyət göstərmir.

- Sizcə, beş-altı il əvvəlki optimizminizin reallaşmamasının səbəbi nə idi?

QLOBAL MƏNADA DEMOKRATİYANIN İNKİŞAFI İSTİQAMƏTİNDƏ BİR LƏNGİMƏ MÜŞAHİDƏ OLUNDU

- Bunun səbəbini demək çox çətindir. Berlin divarları yıxılanda ümid böyük idi ki, xalqların demokratiya uğrunda addımları daha sürətli olacaq. Amma sonra qlobal mənada demokratiyanın inkişafı istiqamətində bir ləngimə müşahidə olundu. Real demokratiya nəzarət edilən demokratiya ilə əvəzləndi. Bu hal təkcə Azərbaycan üçün xarakterik deyil, siz Rusiya Federasiyasında da, digər ölkələrdə də eyni prosesi görə bilərsiniz.

- Bəs bir həm məruzəçi kimi Azərbaycanda demokratiya prosesini sürətləndirmək üçün siz hansı işləri gördünüz? İşiniz ancaq monitorinq aparıb məruzə etmək oldumu?

- Yox, məruzəçinin başqa keyfiyyəti də cəmiyyətlə müzakirələrə açıq olmaqdır. Məsələn, müsahibələrə razılaşmaq. Məncə, Azərbaycanla bağlı bəzi məsələlər var ki, hələ də həll olunmayıb. Diffamasiya qanunu qəbul olunmayıb, siyasi məhbus problemi həll edilməyib. Azərbaycan cəmiyyəti sanki bağlanıb, bir neçə il əvvəlki iqtisadi və ya müxtəlif səbəblərdən fəaliyyətlərini dayandırıblar, müxalifət partiyaları marginallaşıb. Düzdür, hansısa mesajları ötürmək üçün bəzi imkanlar qalır. Hesab edirəm ki, bu mesajı xaricilərin verməsi ən yaxşı yol deyil, yaxşı olar ki, bu haqda siyasətçilər, yaxud da QHT nümayəndələri danışsınlar. Amma onlar da bunu edə bilmədiklərini bildirirlər, deyirlər ki, onları telekanallara buraxmırlar. Bax bu, məni narahat edir.

- Cənab Herkel, sizə dinləyicilərin də çoxlu sualları var. Bişkekdən Ataqan yazır ki, AŞ son illər demokratiya konsepsiyasını real siyasətlə uyğunlaşdırır.

- Həmişə həmkarlarımı çağırmışam ki, aktiv olsunlar. Təəssüf ki, mən də bu tendensiyanı hiss edirəm. Biz Çeçenistanla bağlı son insan haqları məruzəsini 2005-ci ildə hazırlamışıqsa, mən nə deyə bilərəm. Bununla belə, Avropa İnsan Haqları Məhkəməsi kimi güclü bir qurum var və üzv ölkələrin öhdəliklərinə necə
Andres Herkel, 18 sentyabr 2008
riayət etməsinə daha ciddi nəzarət edə bilərdi.

- Məcid soruşur ki, sizcə, Azərbaycanda İlham Əliyevdən sonra kimin prezident olmaq şansı daha çoxdur?

- (Gülür) Bu sual mənə aid deyil. Amma bir şeyi əlavə edim ki, əsas kimin seçiləcəyi deyil, əsas odur ki, seçki azad və ədalətli keçirilsin.

- Mübariz soruşur: Cənab Herkel, fəaliyyətiniz dövründə dəfələrlə prezident İlham Əliyevlə görüşmüsünüz. Heç ondan soruşmusunuzmu ki, xalq tərəfindən seçilibsə, xalqdan niyə qorxur?

- Bu formada sualı prezidentlə söhbətimdə heç vaxt qoymamışam. Amma əlbəttə ki, həm İlham Əliyevlə, həm də başqa hökumət rəsmilərlə söhbətlərimdə onları təkliflərə daha həssas olmağa çağırmışam.

- Fuadın sualı belədir: Andres Herkel həmməruzəçi təyin olunanda Azərbaycanda demokratiyanın vəziyyəti necə idi, indi necədir. Əgər irəliləyiş yoxdursa, bu qədər vaxt itirməyə dəyərdimi?

- Ən ciddi nailiyyətlərdən biri də budur ki, ölkədə daha az siyasi məhbus qalıb. Amma təəssüf ki, bu problem tam həllini tapmadı.

- Sadiqdən də oxşar sual. Deyir ki, cənab Herkel axı vaxtınızı niyə boş-boşuna keçirdiniz Azərbaycanda. Heç bir nəticə əldə etməmisiz və təəssüf ki, özünüzdən sonra keçmiş həmməruzəçi Andres Qross kimi «əsl demokrat» imici qoyub getmirsiniz...


MƏN AZƏRBAYCANIN PREZİDENTİ, YA DA PARLAMENTİNİN SPİKERİ DEYİLƏM

- Mən həmişə öz hesabatlarımı hazırlayarkən dürüst olmuşam. Özü də ki, bu məruzələr təkcə mənim fikrimdən ibarət olmur, həm Andreas Qrosla, həm də başqa həmməruzəçilərlə birlikdə hazırlanır. Bu, məsələnin bir tərəfi. İkincisi, həmməruzəçi bir məsləhətçidir, o, demokratikləşmə prosesini necə həyata keçirə bilər axı?! Onun verdiyi məsləhətlərin necə icra olunması hökumətlərin iradəsindən və istəyindən asılıdır. Beləliklə, mən hər cür tənqidə açığam, amma tənqidçi mümkünsə, desin ki, mənim verdiyim təkliflərdə hansı yalnışlıqlar olub. Mən Azərbaycanın prezidenti, ya da parlamentinin spikeri deyiləm. Bəzi məsələlərdə əgər bizim dialoqumuz baş tutmayıbsa, ola bilsin ki, mən mesajı kifayət qədər uğurlu şəkildə çatdıra bilməmişəm, amma qoyun mən də bir sual verim. Bunu kim edə bilərdi? Həmməruzəçi bütün ölkənin məsuliyyətini öz üzərinə götürə bilməz. O ancaq məsləhət verə bilər.

- Cənab Herkel, növbəti sual budur - belə şayiələr gəzir ki, hökumət sizə rüşvət verib ki, kəskin danışmayasız...

- Yox, heç vaxt belə bir şey olmayıb! Əgər kimsə mənim həmməruzəçilikdən getməyimi nəzərdə tutub bunu deyirsə, aydınlıq gətirim ki, bu, ancaq AŞPA-nın daxili qaydalarına görə baş verir.

- Yeri gəlmişkən, cənab Herkel, bir sual da mən soruşum -
Azərbaycanın hansısa hökumət üzvü tərəfindən heç tənqidi baxışlarınıza görə sizə hansısa təzyiqlər olubmu? Ya da məsələn, sizə rüşvət təklif etsinlər?

MƏN İSTİSNA OLUNACAQ QƏDƏR SƏRT OLMUŞAM

- Yox, olmayıb. (Gülür) Məncə, mən istisna olunacaq qədər sərt olmuşam.

- Samir soruşur – cənab Herkel, Azərbaycan hökuməti saxta yolla seçilib, bu halda bu hökuməti qələbə münasibətilə təbrik edən hökumətlərə sözünüz nədir?

- Bu, diplomatiyanın qaydalarıdır. Avropa Şurası və Azərbaycanda seçkini müşahidə edən başqa beynəlxalq təşkilatların rəyi həmişə tənqidi olub. Ölkələr isə başqadır, heç bir ölkə üçün uyğun deyil ki, hansısa prezidentin qeyri-legitim olduğunu desin. Söhbət hansısa seçki qanunlarının pozuntusundan gedə bilər.

- Mühacirətdə olan jurnalist Fikrət Hüseynli Fransanın Azərbaycanın 1-ci ledisi Mehriban Əliyevaya orden verməsini yada salır və bildirir ki, ölkədə insan haqları pozulduğu halda bu cür ikili yanaşmanı necə qiymətləndirirsiz?

- Məncə, ikitərəfli əlaqələr başqa məsələdir, prezident və onun xanımı başqa. İkitərəfli əlaqələrin olması o demək deyil ki, Avropa ölkələri insan haqları barədə danışmayacaqlar. Onlar bu haqda danışmalıdırlar.

- Növbəti sual: Cənab Herkel, gürcülərlə azərbaycanlılar arasında əsas fərq nədir? Niyə Gürcüstanda korrupsiya, rüşvət Azərbaycandan daha azdır?


- Bu suala cavab vermək çətindir. Məncə, Gürcüstan prezidentinin inqilabdan sonra apardığı islahatlar çox mühüm təsir göstərib.

- Bəs İlham Əliyevin apardığı islahatlar?

Həmməruzəçilər Andres Herkel və Cozef Debono Qrex Bakıda mətbuat konfransında, 11 fevral 2010
- Məncə, bu istiqamətdə görülməli çoxlu işlər var. Korrupsiya ilə mübarizə Azərbaycan hökumətinin gündəliyində var, olub, olacaq da. Bu istiqamətdə görüləsi işlər var.

- Amin soruşur - Siz Azərbaycan xalqı üçün nə etmisiniz?

PROBLEMLƏRİN HƏLLİ XALQIN ÖZ ƏLİNDƏDİR

- Mən işimi görmüşəm. Edə bildiyim qədər. Çox vaxt sərf etmişəm ki, Azərbaycan xalqının problemlərini başa düşüm. Amma problemlərin həlli xalqın öz əlindədir. Mən həmişə azadlığı müdafiə etmişəm. Cəmiyyətin nəzarətdə yox, öz qərarlarını vermək haqqını müdafiə etmişəm.

- «Talışı-sədo» qəzetinin həbsxanada vəfat etmiş baş redaktoru Novruzəli Məmmədovun nümayəndəsi Hilal Məmmədov soruşur ki, nəyə görə Bakıya gələndə Novruzəli Məmmədovun ailəsi ilə görüşməmisiniz.

- Novruzəli Məmmədov həbsdə tanış olduğum ən maraqlı adam idi. Təəssüf ki, Bakıya gələndə onun ailəsi ilə görüşməyə imkan olmadı, proqramım çox sıx idi.

- Növbəti sual: Azərbaycandan ötrü darıxacaqsızmı?

- Bəli.

- Nəyinə görə?

- (Gülür) Adamlarına görə. Bəzi hallarda yeməyinə görə. Şimal ölkəsindən gələn bir adam üçün bilirsizmi Azərbaycan pomidoru nə deməkdir. Pomidor, xiyar və başqa tərəvəzlərdən olan salat.

- Bir tələbənin sizdən soruşmaq istədiyi budur ki, Qərb universitetləri Azərbaycanda təhsil sistemindəki korrupsiyadan xəbərdardırlarmı, əgər belədirsə, niyə yerli universitetlərin diplomuna inanırlar?

- Bilmirəm ki, Qərbdəki universitetlərin bu məsələdən xəbərləri var, ya yox. Amma bu haqda – təhsildə rüşvətin olması haqda mən bir neçə mənbədən eşitmişəm.

- Azərbaycan dilini öyrənə bildinizmi?

- Xeyr. Cəhd eləmişəm, indi lüğətlə bir az başa düşürəm.

- Başqa bir sual. Cənab Herkel, demokratiya Azərbaycana nə vaxt gələcək?

- Mən sizin tarixinizi öyrənmişəm. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasını, Bakının keçən əsrin əvvəlində necə demokratik və açıq şəhər olmasından xəbərim var. Sovet hökumətinin təsiri altında qalmaq ümumilikdə bu ənənəyə mənfi təsir etdi. Amma hesab edirəm ki, daha yaxşı təhsil və daha az korrupsiya müsbət təsir edə bilər.
XS
SM
MD
LG