Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:51

Müxalifət nədən aksiyaları birgə keçirmir?


«Azadlıq» blokunun aksiyası, 26 aprel 2010
«Azadlıq» blokunun aksiyası, 26 aprel 2010
Parlament seçkisi öncəsi birləşə bilməyən aparıcı müxalifət qüvvələri kütləvi aksiyalara da ayrılıqda qərar verib. Üç müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku gələn həftə, Müsavat Partiyası isə iki həftə sonra mitinq keçirmək niyyətindədir.

Azad seçkidən tutmuş Dağlıq Qarabağa qədər ən müxtəlif şüarları gündəliyə gətirmək niyyətində olan «Azadlıq» blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Fuad Qəhrəmanlı deyir ki, şəhər rəhbərliyi bu dəfə də mərkəzi meydanlarda aksiya keçirməyə «yox» cavabı versə, yenə geri çəkilən deyillər. Onların qanuni istəyinin zorakı metodlarla qarşısının alınmasının məsuliyyəti isə hakimiyyətin üzərində qalacaq.
Fuad Qəhrəmanlı
Aksiyaların birgə keçirilməsinin vacibliyi üzərində dayanan Fuad Qəhrəmanlı bunun baş tutmamasını isə Müsavat Partiyasının tərəddüdləri ilə izah edir.

MÜSAVAT TƏZYİQLƏRDƏN EHTİYATLANIR?

Fuad Qəhrəmanlının deməsinə görə, aksiyaların birgə keçirilməsi ilə bağlı Müsavata müraciət etsələr də, hələ oradan müsbət cavab almayıblar. O, Müsavat Partiyasının tərəddüdlərini hakimiyyətin təzyiqlərindən sığortalanmaq istəyi ilə izah edir:

- Biz hesab edirik ki, hakimiyyətə qarşı mübarizədə iqtidarın necə düşünəcəyini yox, xalqın rəyini nəzərə almalıyıq. Müxalifətin parlamentdə demokratik təmsilçiliyini də hakimiyyətin ayırdığı yerlər yox, aparılan mübarizə müəyyən etməlidir. Biz hakimiyyətə qarşı səmimi müxalifətdə olan bütün qüvvələrlə əməkdaşlığa hazırıq.

DANIŞIQLARI AXCP POZUB?


Sülhəddin Əkbər
Qarşı tərəfdə isə düşünürlər ki, aksiyanı birgə keçirmək planını AXCP pozub. Müsavat Partiyası Ali Məclisinin sədri Sülhəddin Əkbər deyir ki, hələ bir müddət əvvəl aksiyaları birgə keçirməklə bağlı hər iki partiyanın rəhbərliyi arasında razılaşma olmuşdu. Sadəcə, Azərbaycan Xalq Cəbhəsi Partiyası sonradan onlarla razılaşmadan ilkin olaraq aksiyanın gününü təyin edib. Sülhəddin Əkbər onların təzyiqlərdən ehtiyatlanmaları ilə bağlı deyilən fikirlərlə də razılaşmır:

- Bu, yanlış dəyərləndirmədir. Mən təəssüf edirəm ki, kütləvi aksiyalara start verildiyi bir vaxtda belə dəyərləndirmələr eşidilir.

Ancaq bununla belə hər iki tərəf yaxın gələcəkdə birgə aksiyaların keçiriləcəyini istisna etmirlər.

MÜXALİFƏT SEÇKİYƏ YOX, FORS-MAJOR ŞƏRAİTƏ HAZIRLAŞIR?

Rauf Mirqədirov
«Zerkalo» qəzetinin əməkdaşı Rauf Mirqədirov isə deyir ki, onsuz da müxalifətin birləşib-birləşməməsi Azərbaycanda şəraiti dəyişməyəcək. Çünki hakimiyyətin demokratik seçki keçirmək iradəsi olmadığından azad rəqabətə imkan vermək niyyətində deyil.

Rauf Mirqədirovun fikrincə, yalnız fors-major bir hadisə ölkədə şəraiti dəyişə bilər. Onun fikrincə, bunu yaxşı anlayan müxalifət də seçkiyə hazırlaşmaqdan çox, fors-major şəraitinin yetişməsini gözləyir. Belə olan halda isə onlara birləşməkdən çox, özlərini ayrılıqda təqdim etmək daha münasib görünür.

Rauf Mirqədirov düşünür ki, hakimiyyət daxildə heç bir rəyə hörmət etmədiyi kimi xaricdə də, özünə yeni-yeni rəqiblər tapır. Bu isə fors-major şəraitin yetişməsini sürətləndirir.
XS
SM
MD
LG