Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:44

Türkmən prezidentinin Bakıda kitabı buraxıldı


2007-ci ildə diktator Niyazovun ölümündən sonra hakimiyyətə gələn və Türkmənistanda islahatlar aparacağına söz verən prezident Qurbanqulu Berdıməhəmmədov indiyəcən nə edib və nələri etməyi düşünür?

Berdıməhəmmədovun Bakıda çap olunan “Türkmənistanın iqtisadi siyasəti: xalqa arxalanmaqla və xalqın naminə” kitabı da elə bu haqdadır. Daha doğrusu prezident özünün nailiyyət saydığı addımlarından və qarşılaşdığı çətinliklərdən danışır.

Kitabı Azərbaycandakı türkmən səfirliyi nəşr etdirib. (Trend)

“Bizim ölkəyə peşəkar kadrlar hava və su kimi lazımdır. Elə kadrlar ki, xalq üçün taleyüklü məsələlərdə məsuliyyət yükünün altına girə, onu – getdikcə mürəkkəbləşən dünyada irəli apara bilsinlər.

Gələcək mütəxəssisləri biz həm ölkədə hazırlayırıq, bunun üçün yeni ali məktəblər və yeni ixtisaslar üzrə fakültələr açırıq, həm də yüzlərlə gənci oxumaq üçün xaricə göndəririk, özü də getdikcə onların sayı artacaq”.

Səfirlikdən bildiriblər ki, əsas məqsədləri “Qardaş Azərbaycan xalqını Türkmənistan prezidentinin həyata keçiridiyi islahatlarla tanış etməkdir”.

Berdıməhəmmədov kitabda - özünün başlıca məqsədinin Türkmənistanı əsasən neft, qaz və başqa xammal ixrac edən ölkədən yüksək keyfiyyətli sənaye malları istehsalına və ixracına köklənən ölkəyə çevirmək olduğunu elan edir, kənd təsərrüfatını, turizmi dirçəltmək üçün çoxsaylı proqramlara başladığını bildirir.

Prezidentin kitab yazması və həmin kitabların təbliği Türkmənistanda yeni bir şey deyil.

Keçmiş prezident Niyazov özünün “Ruhnamə” əsərini bütün orta və ali məktəblərdə məcburi tədris etdirirdi. Berdıməhəmmədovun hakimiyyətə gəlişindən sonra “Ruhnamə”nin məktəblərdəki tədris saatları kəskin şəkildə azaldılsa da, hələ də keçilir.

Berdıməhəmmədovun özünün kitabları da müəyyən fənlər çərçivəsində şagird və tələbələrə oxutdurulur.

Küçə və meydanlarda isə Niyazovun portretlərini Berdıməhəmmədovun portretləri əvəzləyib.

Keçən il xarici ölkələrin dəstəklədiyi təhsil proqramları üzrə Türkmənistandan kənarda oxuyan bir qrup tələbə ölkələrinə tətilə gələndən sonra növbəti tədris ili üçün ölkəni tərk etmələrinə icazə verilməmişdi.
XS
SM
MD
LG