Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:41

Uşaqların əyləncə yerində Heydər Əliyev Mərkəzi


Heydər Əliyev Mərkəzi 1200 kvadratmetr ərazini əhatə edəcək
Heydər Əliyev Mərkəzi 1200 kvadratmetr ərazini əhatə edəcək
Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində Mahir Qədirov küçəsinə daxil olarkən küçənin ortasında oynayan uşaqların və onların yoldan çəkilmələri üçün verilən maşın siqnallarının səsləri diqqəti çəkir.

Balacalarla söhbətdən məlum olur ki, əvvəllər onlar yaxınlıqdakı «Heydər Parkı»nda oynayırlarmış. Uşaqlar təmir-bərpa işləri gedən parkda onlar üçün də şərait yaradılacağını arzu edirlər:

- Nə oynayırsınız?

- Qaçdı-tutdu.

- Oynamağa başqa yeriniz yoxdur?

- Yox, hərdən o tərəfdə futbol da oynayırıq.

- Bəs, necə yerdə oynamaq istəyərdiniz?

- Qəşəng yerdə, istəyərdik ki, çoxlu karusellər olsun, qəşəng olsun.

Parkda başlanan təmir işləri zamanı buradakı attraksionlar sökülüb, yerində Heydər Əliyev Mərkəzi inşa olunur. Bunu Mahir Qədirov küçəsində rastlaşdığım sakinlər deyir. Amma Mərkəzin tikintisinə sakinlərin münasibətləri fərqlidir:

HEYDƏR ƏLİYEV MƏRKƏZİ BİZİM ÜÇÜN VACİB DEYİL

- Parkda uşaqlar üçün əyləncə olsa, uşaqlar gedib orda oynasalar, dincəlsələr, yaxşı olardı.

- Ölkəmiz dinamik inkişaf edir. Hər yer gözəlləşir, abadlaşır. Nə tikirlər, bizim üçün tikirlər.

- Uşaqlara əylənmək üçün bir yer lazımdır. Heydər Əliyev Mərkəzi bizim üçün vacib deyil.

- Karuselin sökülməsi bu Mərkəzin tikilməsinə görə oldu.

- Hələ ki, bizim qəsəbədə uşaqlar üçün yerlər yoxdur, ona görə də uşaqlar küçələrdə yollarda oynayırlar. Yaxşı olardı ki, uşaqlar üçün şərait yaradaydılar. Düzdür bu cür mərkəzlərin də öz yeri var, amma bizim qəsəbədə elə də vacib deyil.

- Parkda karusel də var idi. İndi sökdülər yerində Heydər Əliyev Mərkəzi tikirlər.

Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Natiq Əliyev əhalinin narahatlığına ehtiyac olmadığını deyir. Onun sözlərinə görə, parkda uşaqlar üçün bütün şərait yaradılacaq:

PARK ƏSASLI TƏMİR OLUNARAQ SAKİNLƏRİN İXTİYARINA VERİLƏCƏK

- Bu ilin sonuna kimi təmir-tikinti işləri başa çatacaq. Park əsaslı təmir olunaraq sakinlərin ixtiyarına veriləcək. Mərkəzdə rayondaxili və digər ictimai tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda keçmiş prezident Heydər Əliyevin də təbliği olacaq.

Natiq Əliyev deyir ki, Mərkəzdə həm də şahmat məktəbi, fiziki qüsurlu uşaqların yaradıcılıq mərkəzləri də fəaliyyət göstərəcək. O ki, qaldı attraksionların sökülməsinə, Natiq Əliyev bunları bildirdi:

- Uşaqların asudə vaxtının səmərəli keçirilməsində şərt o deyil ki, onlar karuseldə fırlansınlar. Orda rəsm, musiqi dərnəyi olacaq. Sökülən karusel, attraksionun hamısı köhnə idi, istifadə olunmurdu. Parkda müasir tipli karusellər quraşdırılacaq.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ 1200 KVADRATMETR ƏRAZİNİ ƏHATƏ EDƏCƏK

M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən sahəsi 4 hektar olan «Heydər Parkı»nın təmir-bərpasına Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən ayrılan vəsait barədə isə məlumat verilmir. Natiq Əliyevin sözlərinə görə, park tam müasir standartlara uyğun bərpa olunacaq, parkda inşa olunan Heydər Əliyev Mərkəzi isə 1200 kvadratmetr ərazini əhatə edəcək. Parkın ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.

Beləliklə, ən azından ilin sonuna kimi Mahir Qədirov küçəsində yaşayan uşaqlar maşın yolunda oynamalı olacaqlar. Elə görünür, «Heydər Parkı»nın yaxınlığında söhbətləşdiyim sürücü də ilin sonuna qədər ehtiyatlı olmalıdır:

- Bu küçədə maşın sürmək olduqca çətindir. Allaha and olsun elə dünən maşın vurdu uşağı atdı bir tərəfə. Uşaqlar yolun ortasında oynayırlar. Əlbəttə, bütün sürücülər üçün çətindir.
XS
SM
MD
LG