Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:55

Təbii fəlakət təkcə bitkiçiliyə 50 milyon manat ziyan vurub


Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, çay qrağında ev tikmək olmaz, tikilən evlərsə sığorta olunmalıdı
Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, çay qrağında ev tikmək olmaz, tikilən evlərsə sığorta olunmalıdı
İlkin hesablamalara görə, təbii fəlakət təkcə bitkiçiliyə təxminən 50 milyon manat ziyan vurub. Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev deyib.

RAYON MƏRKƏZİ SU ALTINDA QALA BİLƏR

Hacıqabul sakini Əliman Məmmədov isə Talış kəndində Bakı şəhərini içməli su ilə təmin edən stansiyanın su altında qalmaq təhlükəsi ilə üzləşdiyini bildirib. Onun sözlərinə görə, stansiya su altında qalarsa həmin əraziyə yerləşdirilmiş tankdan açılan silah vasitəsilə çayın qarşı tərəfindəki Sabirabad ərazisində bənd dağıdılacaq ki, su o biri tərəfə axsın. Əliman Məmmədov bildirib ki, əhalinin kənddən çıxarılması istiqamətində hələlik iş aparılmır. Rayon sakini deyib ki, su bir qədər qalxsa və Meyneman kəndindəki bəndi uçursa, 4-5 kənd, həmçinin rayon mərkəzi su altında qalacaq.

Hidroloq alim Fərda İmanov Arazın Kürdən ayrılması məsələsinə toxunaraq bildirib ki, bu fikrin kökü var. Bu, təbiətin hökmüdür. Çayların məcrasını dəyişməsi birinci hal deyil. Mütəxəssis deyib ki, Kürün Arazdan ayrılması yaxşı fikirdi, amma əvvəlcə köhnə yatağın yerini müəyyənləşdirmək lazımdı. Baxmaq lazımdı ki, bu başa gəlirmi? Mütəxəssislər arasında bu fikrin çoxdan səsləndiyini deyən ekspert bildirib ki, Azərbaycanda mühəndis qurğuları baxımından yaxşı infrastruktur var.

Daşqın ehtimalının həmişə olduğunu söyləyən alim bildirib ki, buna hazır olmaq lazımdı. Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, çay qrağında ev tikmək olmaz, tikilən evlərsə sığorta olunmalıdı.
Saatlıda Araz üzərindəki dəmiryol körpüsü
Hidroloq bildirib ki, çayın məcrasını dəyişməsindən yüz illər ötüb. İndi Kürün Arazdan ayrılması üçün xeyli vaxt lazımdı:

«Hazırki təbii fəlakət ərəfəsində bu real söhbət deyil».

ÇİRKLƏNMİŞ SU XƏZƏRDƏ ÖLÜ ZONA YARADACAQ

Kürün deltasının lilləndiyini söyləyən Fərda İmanov deyib ki, Kür dənizə yaxınlaşanda meyllilik azalır. Xəzərin səviyyəsinin də qalxması çayın dənizə qovuşmasında problem yaradır. O, bunu birinci səbəb kimi görür. Digər səbəb isə eyni vaxtda hər iki çay hövzələrində yağıntıların artımı ilə bağlıdır. Alim deyib ki, Kür və Araz boyu ərazi risk altındadı. Onun üçün hidroloq təklif edir ki, vahid bir qurum yaradılmalıdı ki, təkliflər ortaya çıxsın.

Yaşıllar Hərəkatınını sədri Fəridə Hüseynova isə bildirib ki, təbiətin işinə qarışmaq düzgün deyil: «Belə olan halda Arazın suyunu nə edəcəyik?».

Fəridə xanımın sözlərinə görə, Araz çayının Ermənistandan keçərkən çirklənmiş suyu Xəzər dənizində ölü zona yaradacaq.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini Əli Qəniyev isə Mingəçevir su anbarı üçün heç bir təhlükənin olmadığını bildirib: «Suyun səviyyəsinin bugünki artımı ilə hələ 2-3 ay heç bir təhlükə gözlənilmir».

BAHALIQ GÖZLƏNİR

Qubad İbadoğlu
İqtisadçı ekspert Qubad İbadoğlu isə deyib ki, təbii fəlakət kənd təsərrüfatı bazarına mənfi təsir edəcək. Onun sözlərinə görə, bu məhsuldarlığın aşağı düşməsinə, məhsulun maya dəyərinin bahalaşmasına gətirib çıxaracaq.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə bildirib ki, nazirlik dəymiş ziyanla bağlı ilkin hesablamaları Maliyyə Nazirliyinə təqdim edib. Nazirlik rəsmisinin sözlərinə görə, ilkin hesablamalara görə, təxminən 50 milyona yaxın bitkiçiliyə, 5-6 milyon manat isə heyvandarlığa ziyan dəyib: «Ola bilsin ki, bu miqdar artsın».

Sabir Vəliyev deyib ki, komissiyaların hesablamalarına görə, təbii fəlakət zonasında 120 baş iribuynuzlu, 300 başa yaxın qoyun-keçı, 15 min baş toyuq-cücə tələf olub və cəsədi təyin olunmuş yerlərdə basdırılıb. Şöbə müdiri ərazilərdə xəstəliklər yayılmasın deyə, ölmüş heyvan cəsədlərinin oradan çıxarılmasına və basdırılmasına xüsusi diqqət ayırdıqlarını bildirib: «Ölmüş heyvanların cəsədi bazarlarda satıla bilməz».



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG