Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

Amerika heç kimə cihadçı və islamçı deməyəcək


Barak Obama İraqda, 7 aprel 2009
Barak Obama İraqda, 7 aprel 2009
Amerika prezidenti Barak Obama Amerikanın yeni Milli Təhlükəsizlik Strategiyasını elan edib. Bu strategiya Buş dövrünün strategiyasından fərqlidir.

Təhlilçilərin fikrincə, Obama əvvəlki strategiyanı «sındırdı». Yeni strategiyanın məğzi budur ki, təhlükəsizliyi qlobal əməkdaşlıq və birgə iş təmin edir, hərbi güc və təkbaşına hərəkət yox.

TƏHLÜKƏSİZLİYƏ YENİ YANAŞMA

Yeni Strategiyanın əsas prinsiplərini, daha doğrusu təhlükəsizliyə yanaşmanın əsas prinsiplərini Obama mayın 22-də elan etmişdi. Bu prinsiplər və baxışlar belədir: birtərəfli hərəkətdən çoxtərəfli əməkdaşlıq yaxşıdır, olan alyansları gücləndirmək, yeni tərəfdaşlıqlar qurmaq, insan haqlarını irəlilətmək.

Buş hökumətinin öz təhlükəsizlik strategiyasında üstünlük verdiyi «birtərəflilik və müharibənin qabağını əvvəlcədən alma» prinsiplərinə toxunan Obama deyir ki, Amerika əməkdaşlıqdan geri çəkilməklə qazanmadı.

Ancaq Obamanın yeni təhlükəsizlik doktrinası terrorizmə və terrorçulara münasibəti yumşaltmır.

Con Brennan
Obamanın milli təhlükəsizlik müşavirinin müavini, ölkənin təhlükəsizliyi və kontr-terrorizm məsələlərinə baxan Con Brennan deyir ki, Amerika «Əl Qaida» ilə müharibədədir. Amerika «Əl Qaida»nın hər yerdə - Əfqanıstanda, Pakistanda, Yəməndə, Somalidə kökünü kəsmək üçün müharibə aparır.

TERRORLA MÜBARİZƏDƏ DİNİ TERMİNLƏRDƏN İMTİNA OLUNUR

Brennan deyir ki, Amerika düşmənlərini cihadçı və ya islamçı adlandırmaqdan imtina edir. Çünki cihad müqəddəs mübarizə deməkdir. Cihad islamın qanuni dəyəridir.

Brenna deyir ki, günahsız insanları öldürənlər islamçı və cihadçı deyillər:
«Günahsız qadınları, uşaqları, kişiləri öldürməyin müqəddəsliklə və ya qanuniliklə və yaxud islamla heç bir əlaqəsi yoxdur. Səhv təəssürat var ki, guya onlar müqəddəs mübarizəni müdafiə edən dini liderlərdir. Ancaq onlar qatillərdir, o cümlədən minlərlə müsəlmanları qıran qatillər».

Brennanın fikrincə, düşmənləri dini terminlərlə təsvir etmək düzgün deyil. Onda belə yanlış təsəvvür yaranır ki, guya Amerika islamla müharibədədir.

ABŞ ordusu Əfqanıstanda, 26 fevral 2010
Brennan deyir: «Amerika islamla heç vaxt müharibə aparmayıb və aparmır». İslam Amerikadakı əqidələrdən biridir.

Yeni doktrinanın xüsusiyyətlərinə toxunan Brennan deyir ki, Obamanın yeni təhlükəsizlik strategiyası birinci növbədə ölkə daxilində terrorizmin qabağını almağa ünvanlanıb. Çünki ekstremist ideologiyaların toruna düşən amerikalıların sayı artır.

«DƏYƏRLƏRƏ HÖRMƏT BİZİM KİMLİYİMİZİ GÖSTƏRİR»

Brennan onu da deyir ki, Obamanın doktrinası Amerikanın ənənəvi dəyərlərinə əsaslanır:

«Universal dəyərlərə ölkə daxilində və dünyada hörmət etmək bizim kim olduğumuzu müəyyən edir, daha güclü əməkdaşlıq vasitəsilə dünyada sülhü, təhlükəsizliyi təmin edir. Bu, qlobal sınaqlara sinə gərməyin yeganə yoludur».

Yeni Təhlükəsizlik Strategiyasında iqtisadiyyat da xüsusi vurğulanır. Deyilir ki, Amerikanın gücünün əsası iqtisadiyyatdır.
XS
SM
MD
LG