Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:55

«Redaktorda istedad»


«Kommunist» qəzetində tez-tez digər qəzetlərin əməkdaşlarının tənqidi ilə rastlaşmaq olar. Belə tənqidi məqalələrdən biri ilə tanış ola bilərsiniz. Məqalə 1950–ci il 9 aprel tarixində dərc edilib.

Redaktorda istedad


«İmişli kolxozçusu» qəzetinin məsul direktoru Hidayət Kazımov yoldaş H. Kazım imzası ilə tez – tez «orijinal» məqalələr dərc etdirir. Qəzetin 28 mart tarixli nömrəsində çıxan məqalə isə əvvəlkilərə bənzəmir. O, kollektiv surətdə yazılmışdır. «İmişli kolxozçusu» qəzetinin mətbəəsində çalışan işçilərdən birinin əli maşın altında qalaraq əzilir və dərisi soyulur. Onu təcili surətdə rayon xəstəxanasına apararaq müalicə edirlər.

Bu münasibətlə H. Kazım, Ç. Bayram və P. Zülfüqar imzası ilə «Cərrahda istedad» sərlövhəli bir yazı dərc olunur. Məlum olur ki, yaralını xəstəxanaya apardıqdan sonra «Cərrahda istedad» sərlövhəli yazının yuxarıda adlarını çəkdiyimiz müəllifləri də xəstəxanaya gedib ağ xalat geyir və cərrahlıq əməliyyatında şəxsən iştirak edirlər.

Onlar redaksiyaya qayıtdıqdan sonra qəzetdə yazırlar:

«Hamımız ağ xalatlıydıq. Cərrahiyyə otağında hər şey hazırlanmışdı. Cərrah Siyab öz sənətinə həvəslə hərəkət etməyə başladı. Biz onun mülayim rəftarına, incəlik və ehtiyatla, sürətlə işlədiyinə valeh idik».

«Sağaldın! Mətbuat işçisidir!»

Müəlliflər həkimin başının üstündə duraraq uca səslə ona deyirdilər:

«Görək doktor Rüstəmov! Sağaldın! Mətbuat işçisidir!»

Məqaləni imzalayanlardan birinin, yəni Ç. Bayramın qəzetin elə həmin nömrəsində «Partiya təşkilatçısı təsərrüfata operativ rəhbərlik etməlidir» sərlövhəli iki sütunluq yazısı buraxılmışdır. Müəllif partiya təşkilatçısının öz üzərində işləməmək və planla işləməyi bacarmamaqda ittiham edərək hədələyici sözlər yağdırır. Məqalənin bir yerində oxuyuruq:

«Həyatla ayaqlaşmır və indinin tələbatının öhdəsindən gələ bilmir».

Bu sözləri «İmişli kolxozçusu» qəzetində lüzumsuz yazılara yol verən məsul redaktor Hidayət Kazımov haqqında da demək olar.
XS
SM
MD
LG