Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:23

Saxlanılanların hamısı buraxılıb


«Azadlıq» blokunun 5 iyun aksiyası
«Azadlıq» blokunun 5 iyun aksiyası
Səbail rayon Məhkəməsi aksiya zamanı saxlanan 5 müxalifətçinin işinə baxıb, onların hər birini 20 manat cərimələyib.

Saxlananların hamısı buraxılıb.

6 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLƏCƏK

«Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığından qanunsuz hesab edilir və qanunsuz aksiyanın qarşısı Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən alınıb».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov belə deyir.

O bildirib ki, aksiyanın qarşısı alınarkən polisə müqavimət göstərən, polisin qanuni tələblərinə tabe olmayan və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verən 15-16 nəfər saxlanıb:

«Onların əksəriyyətinə xəbərdarlıq olunaraq sərbəst buraxılıblar. 6 nəfər barəsində isə protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcək».

AKSİYADAN FOTOLARA BURADA BAX

20-YƏ YAXIN MÜXALİFƏTÇİ 9-CU POLİS BÖLMƏSİNDƏDİR


20-yə yaxın müxalifətçi Səbail rayonundakı 9 saylı polis bölməsindədir.

Bunu AzadlıqRadiosuna həmin polis bölməsindən çıxan AXCP Ali Məclisinin üzvü Şakir Abbasov deyib.

Şakir Abbasova içəridə saxlanan partiyadaşlarına su ötürməyə icazə verilib.

Aksiya zamanı polis jurnalist Orxan Eypə qarşı kobudluq edib.

SAXLANANLARIN HARA APARILDIĞI BƏLLİ DEYİL


«Azadlıq» blokunun aksiyasında saxlananların taleyi bəlli deyil.

Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov jurnalistlərə deyib ki, saxlananları şəhərin müxtəlif yerlərinə aparıb azad edəcəklər.

Amma saxlanan müxalifətçilərdən bəziləri zəng edib, 39 və 9 saylı polis bölmələrinə aparıldıqlarını bildiriblər.

AKSİYADAN FOTOLARA BURADA BAX

30-A YAXIN FƏAL SAXLANIB


Saat 15:10 radələrində aksiya başladı. Müxalifət fəalları «İçərişəhər» metrosundan çıxaraq şüarlar səsləndirməyə başlayıblar. Polis onlara İcra Hakimiyyətinə doğru irəliləməyə imkan verməyib.

Bu zaman 30-a yaxın fəal saxlanıb.

Tutulanlardan 20-si Səbail rayon 39-cu Polis bölməsinə aparılıb.

Aksiyanı beynəlxalq təşkilatların – Avropa Şurasının, ATƏT-in təmsilçiləri də izləyir.

AKSİYANIN YERİ DƏYİŞDİRİLDİ


«Azadlıq» bloku aksiyanın yerinin dəyişdiyi açıqlayıb. Aksiya «Nərimanov» kinoteatrının yox, şəhər İcra Hakimiyyətinin qarşısında keçirilməlidir.

Hazırda İcra Hakimiyyəti və metronun «İçərişəhər» stansiyasının ətrafı polislərlə doludur.

«NƏRİMANOV» KİNOTEATRININ QARŞISI POLİS NƏZARƏTİNDƏDİR


«Nərimanov» kinoteatrı ərazisindəki dükanlar qapadılıb.

Ərazidə polis və xüsusi mülki geyimli şəxslər çoxluq təşkil edir.

Yaxın dəqiqələrdə «Azadlıq» blokuna daxil olan partiyaların «Nərimanov» kinoteatrı qarşısında aksiyası gözlənilir.

Bakı şəhər İcra Hakimiyyəti isə aksiyaya icazə verməyib.
XS
SM
MD
LG