Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:33

YAP: Dövlət seçkiyə pul ayırmasın


YAP-çı deputatlar Seçki Məcəlləsinə qabaqcıl dünya təcrübəsinin tətbiq olunmasını istəyirlər.

İyunun 9-da Milli Məclisə Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi tövsiyə edilib.

Təklif Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir qrup deputat tərəfindən daxil olub.

YAP: MƏCƏLLƏYƏ DÜNYA TƏCRÜBƏSİ TƏTBİQ OLUNSUN

Müraciətdə bildirilir ki, seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma, qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün məcəlləyə əlavə və dəyişikliklər təklif edirlər.

İclasda Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təklifləri YAP-ı təmsil edən deputat Siyavuş Novruzov açıqlayıb. O, birinci təklifin seçki müddətinin azaldılması ilə bağlı olduğunu bildirib:

«Əvvəllər seçki müddəti 4 ay idi. Sonra biz bu müddəti 75 günə qədər azaltdıq. Dünyanın bir çox ölkəsində müddət çox azdır. Bizdə insanların müraciəti olurdu ki, vaxt həddən artıq çoxdur. Təklif edirik ki, seçki müddəti 75 gündən 60 günə endirilsin. Belə olacağı halda, təbliğat müddəti də müvafiq olaraq 28 gündən 23 günə endiriləcək».

«NAMİZƏDLƏRƏ VƏSAİT VERİLMƏSİ DÜZGÜN DEYİL»


S. Novruzov ikinci əsas təklifi də açıqlayıb: «Seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda, əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyil. 2005-ci ildə də əksər şəxslər namizədliklərini təbliğat üçün veriləcək 200 manatı almaq üçün vermişdilər. Qanuna görə, seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti qaytarmalıdırlar. Lakin bu günə kimi vəsaitin geri qaytarılması baş verməyib. Biz təklif edirik ki, bütün seçki proseslərinin dövlət tərəfindən maliyyələşdirilməsi dayandırılsın».

S. Novruzov deyib ki, təkliflər, əsasən bu iki məsələ ilə bağlıdır: «Bu dəyişikliklər isə avtomatik olaraq digər maddələrdə dəyişiklik edilməsini zəruri edəcək».

Müzakirələrdə deputat Qüdrət Həsənquliyev təklifləri dəstəklədiyini deyib. Deputat bildirib ki, oxşar təklifləri vaxtı ilə o da irəli sürüb:

«Mən də təklif edirdim ki, müddət ən azı iki dəfə azaldılsın. Lakin burada təbliğat müddətinin 28 gündən 23 günə qədər azaldılması narahatedicidir. Məncə, bu düzgün deyil. Hamı üçün bərabər təbliğat müddəti götürülə bilməz. Təklif edirəm ki, namizədlikləri qeydə alınan şəxslər təbliğata başlasınlar. Pul vəsaitləri isə elə də böyük deyildi. İnanmıram ki, kimsə 200 manata görə bu işi görsün. Lakin mən bu təklifi də keçərli hesab edirəm. Referendumla bağlı prosesin isə dövlət tərəfindən maliyyələşdirilməsi saxlanılmalıdır. Çünki bu, birbaşa dövlətin taleyi ilə bağlı məsələdir».

Müzakirələrdə çıxış edən deputat Fəzail Ağamalı və Sabir Hacıyev də təklifləri dəstəklədiklərini deyiblər.

«NÜFUZU OLANA UZUN TƏBLİĞAT MÜDDƏTİ LAZIM DEYİL»


Deputat Nizami İsgəndərov da deyib ki, seçki vaxtının azaldılması yerində verilmiş təklifdir. Onun sözlərinə görə, cəmiyyətdə nüfuzu olan şəxs üçün bu qədər təbliğat müddətinin ayrılmasına ehtiyac yoxdur:

«Seçki müddətinin azaldılaraq 75 gündən 60 günə endirilməsi düzgün təklifdir».

Deputat, həmçinin seçkiyə vəsait ayrılmasının sənəddən çıxarılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

«Yeni Azərbaycan Partiyası, doğurdan da, bütün cəmiyyətin mövqeyini ifadə edərək bu təklifləri irəli sürüb. Hesab edirik ki, bu təkliflər kifayət qədər əsaslandırılmış və mütərəqqidir».

S. Novruzov Q. Həsənquliyevin referendumun maliyyələşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, bu məsələyə baxıla bilər:

«Ola bilər ki, bu məsələ MSK-nın təlimatlarında nəzərə alınsın. Hər halda, biz bu təklifə baxarıq».

ATƏT RAZILAŞMIR

ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Martines isə sənədə edilən təkliflərin geniş müzakirəsini tərəfdarı olduqlarını deyib:

«Biz dövlət tərəfindən maliyyənin tamamilə kəsilməsini düzgün saymırıq. Habelə, namizədlərə öz təbliğatlarını aparmaq üçün lazım olan qədər vaxt ayrılmalıdır».

Komitə sədri Əli Hüseynov deyib ki, vaxtı ilə seçki müddətinin nəinki 60 günə, hətta 45 günə endirilməsi ilə bağlı təklif vardı. Lakin o vaxt seçki komissiyaları seçkini bu müddət ərzində keçirməyə hazır deyildi. Bu gün isə MSK kifayət qədər peşəkar bir quruma çevrilib, seçki komissiyaları istənilən seçki prosesinə qısa müddət ərzində hazır olmağa qadirdir:

«Yəni, belə bir təklif vaxtı ilə də səsləndirilmişdi. Hesab edirik ki, bu, çox normal bir təklifdir».

Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə olunub. /APA/
XS
SM
MD
LG