Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:42

«Alman maşını» 4 topla adını favoritlər sırasına yazır


Robert Green «Dəli topu» buraxır
Robert Green «Dəli topu» buraxır
Cümə günü və həftəsonu Dünya çempionatının ilk oyunları keçirildi. Artıq A, B, C və D qruplarında oynanılan ilk görüşlərdən sonra qüvvələr nisbəti haqqında müəyyən fikir söyləmək olar.

Oyunlardan ən yaddaqalanı sözsüz ki, Almaniyanın Avstraliya üzərindəki inamlı qələbəsi sayıla bilər.

Almanlar gənc və təcrübəli oyunçulardan ibarət güclü bir komanda kimi çıxış etdilər. Soyuqqanlı müdafiəsi, sürətli yarımmüdafiəsi və nəhayət səmərəli hücumu olan bu komanda «Alman maşını» ifadəsini bir daha gündəmə gətirdi. Almanların oyunu çempionatın favoritləri sayılan Argentina və İngiltərə ilə müqayisədə xeyli cəlbedici görünürdü.

Etiraz edib demək olar ki, onların qarşılaşdığı Avstraliya yığması nisbətən zəif komanda sayılır. Amma almanların rəqib qapısına vurduqları 4 cavabsız topun 4-ündən də futbol dərsliklərində əyani vəsait kimi istifadə etmək olardı.

Topların müxtəlif oyunçular (Lukas Podolski, Miroslab Klose, Thomas Mueller və Cacau) tərəfindən vurulması da məşqçi Joachim Leownun oyunun bir və ya bir neçə nəfər üzərində deyil, komanda oyunu seçdiyindən xəbər verirdi.

Gözəl qollardan başqa, oyun həm də alman millisinin 3-4, bəzənsə 5 gedişli kombinasiyalarıyla yadda qaldı. Topu birbaşa komanda yoldaşlarına deyil, onun sürətlə açıldığı boş yerə göndərirdilər. Belə kombinasiyaların əsas iştirakçılarında biri də 8 nömrəli oyunçu Məsud Özil idi. (22 yaşlı Özil türk mənşəlidir, Verder Bremen klubunda oynayır).

Dünya çempionatlarının ilk oyunları çox az hallarda favorit komandanın digərlərindən kəskin şəkildə fərqlənməsini nümayiş etdirir. Bir qayda olaraq yarışı qələbə ovqatı ilə başlayanlar hansısa mərhələdə büdrəyir və əksinə çempionatı sönük başlayanlar tədricən forma yığıb qalib ola bilirlər.

Ona görə ekspertlər hələ qəti nəticə çıxarmağa tələsmirlər. Qarşıdakı günlərdə digər favoritlər də oyunlarını sərgiləyəndən sonra ilkin proqnozlar haqqında danişmaq olar. Braziliya, Hollandiya, İspaniya, İtaliya kimi favoritlərin nəyə qadir olduğu yaxın günlərdə müəyyənləşəcək.

Çempionatın digər oyunları sensasiyasız keçinmədi. Serblərin Ghana millisinə məğlubiyyəti (0-1) və Cənubi Koreyanın isə Yunanıstan üzərindəki qələbəsi (2-0) gözlənilməz oldu.

Yaddaqalan epizodlardan isə çempionatdan əvvəl çoxlu müzakirələr doğuran «Dəli topun» reallıqda məhz hansı təhlükə kəsb etdiyinin təsdiqi idi. İngiltərə millisinin qapıçısı Robert Green ABŞ yığması ilə oyunda buraxdığı qolun izahını ancaq yeni topun yeni xüsusiyyətləri ilə izah etmək olar. O, kifayət qədər zəif olan topu tutmaq istəyəndə top canlı məxluq kimi onun əlindən sıçrayıb qapıya diyirləndi. Nəticədə ingilislər qələbəni əldən buraxdılar.
XS
SM
MD
LG