Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Qalmaqal, səs-küy, ədavət və qan çanağı...


1970-CI İLDƏ NƏŞR EDİLƏN «FUTBOL HƏVƏSKARLARI LÜĞƏTİ»NDƏ BU BARƏDƏ YAZILANLAR

Almanların «fusbal», macarların «labduraqaş», polyakların «pilka nojka», italyanların «kalçio», azərbaycanlıların və əksər dünya millətlərinin «futbol» adlandırdığı oyun necə yaranıb?

Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı.

Müasir futbolun «ulu babası» Qədim Çində iki min il bundan əvvəl mövcud olub.

16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. Topu təyin olunan yerə çatdıran və ya eni 400 metr olan «qapı xətti»ni keçən komanda qalib hesab olunurmuş.

Həmin vaxt oyunlar üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb.

İngilis futbolu haqqında 16-cı əsrdə ingilis yazıçısı Stabbes belə yazırdı:


«Futbol özüylə qalmaqal, səs-küy, ədavət gətirir. Bu, dava etmək üçün bəhanələr yığınağı və qan çanağıdır».

Yazıçının digər müasiri isə futbolu belə xarakterizə edirdi –«yanaqlar qançır, ayaq, əl və bel qırılmaları, çıxarılmış göz, bütün qan içərisində olan burun - bax budur futbol».

FUTBOL TƏHLÜKƏLİ SİYASİ MƏŞĞULİYYƏT DƏ HESAB EDİLİB


Hətta bəzi dövrlərdə futbol təhlükəli siyasi məşğuliyyət də hesab olunub. İngilis kralı 2-ci Eduard 1313-cü ildə «şeytanın hoqqası» adlandırdığı futbol oyunlarını krallığın ərazisində qadağan edib. Bu qadağanı pozanlar isə həbsxanaya salınırmış.

1389-cu ildə kral 2-ci Riçard futbol oynayanlara qarşı daha qəddar olub. Onun dövründə futbol oynadığına görə adamlar ölümə məhkum edilirmiş.

Bu qayda 1603-cı ilə qədər davam edib.

QAYDALARA UYĞUN İLK OYUN

Qaydalara uyğun ilk oyun 1681-ci ildə keçirilib. Həmin oyunda kralın komandasının məğlub olmasına baxmayaraq, o, rəqib komandanın oyunçularını mükafatlandırıb.

19-cu əsrin əvvəllərinə qədər ingilis komandalarında oyunçuların sayına hər hansı məhdudiyyət qoyulmayıb, əsas məqsəd qələbə çalmaq olub. Bu vaxt insan ölümünə belə əhəmiyyət verilmirmiş.

19-cu əsrin 20-ci illərində ilk dəfə futbolun qaydalarının yaradılmasına cəhd olub. Amma oyunun ancaq ayaqla, yoxsa həm də əllə oynanılması ilə bağlı müzakirə mübahisə ilə başa çatıb.

Bir tərəf yalnız futbolun ayaqla oynanılmasını desə də, digər tərəf həm də əllə oynanılmasını istəyib.

Nəhayət, uzun müzakirələrdən sonra 1848-ci ildə «Kembric qaydaları» meydana çıxıb. Amma bu qaydalara sonradan heç kim əməl etməyib.

Nəhayət, 1863-cü il oktyabrın 26-da Londonda futbol komandalarının kapitanları toplaşaraq bir daha məsələni müzakirə ediblər.

Həm ayaqla, həm də əllə oynamağın tərəfdarı olanlar toplantını tərk edərək «futbol-reqbi» liqasını yaratdıqlarını bəyan ediblər.

Futbolun yalnız ayaqla oynanılmasının tərəfdarı olan 11 nəfər 13 bənddən ibarət qaydaları işləyib hazırlayıblar.

1863-cü il dekabrın 1-də həmin qaydalar qəzetlərdə dərc olunub. Və beləcə futbol dünyaya gəlib.
XS
SM
MD
LG