Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:57

Cəbhə bölgəsində nə baş verib?..


«İyunun 21-də gecə saat 01.45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçiblər». Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb:

«Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuz da bir itki verib. 1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad rayonundan hərbi xidmətə çağırılan əsgərimiz Şükürov Elgün Rafiq oğlu şəhid olub».

«Turan» agentliyinin məlumatına görə, Ermənistan XİN başçısı Edvard Nalbandyan rəsmi Bakını danışıqlar prosesini pozmaq niyyətində ittiham edib.

Bu, iyunun 18-də saat 23.30-a yaxın Qarabağın şimalında baş vermiş insidentdən sonra olub.

Erməni tərəfinin versiyasına görə, Azərbaycanın 20 nəfərdən ibarət kəşfiyyat qrupu erməni tərəfə keçməyə cəhd göstərib. Döyüş zamanı ermənilər tərəfindən 4 hərbçi öldürülüb və 4 nəfər yaralanıb. Kəşfiyyat qrupu bir cəsədi və hərbi ləvazimatları döyüş meydanında qoyaraq geri çəkilib.

Ermənistan XİN başçısı baş verənləri yüksək səviyyədə təxribat adlandırıb. Belə ki, insident Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinn üçtərəfli görüşündən bir neçə saat sonra baş verib.

«Müharibəyə başlamaq barədə bəyanatlar ilə danışıqları pozmağın mümkün olmadığına əmin olan azərbaycanlılar prezidentlərin görüşündən dərhal sonra açıq təxribata əl atıblar. Azərbaycan rəhbərliyi iyunun 18-dən 19-na keçən gecə Mardakert istiqamətində təxribat əməliyyatı təşkil edib. Bu, danışıqları pozmaq üçün hər şeyə əl atan Bakının əsil simasını bir daha göstərir», - Nalbandyan bəyan edib.

Ermənistan rəhbəri Serj Sarkisyan isə prezidentlərin üçtərəfli görüşündən sonra baş verənləri «alçaq təxribat» adlandırıb. O deyib ki, Ermənistan öz məqsədindən - Dağlıq Qarabağın müstəqilliyinin tanınmasından imtina etməyəcək.

Azərbaycan tərəfdən isə baş verənləri yalnız Müdafiə Nazirliyinin və XİN-in mətbuat katibləri şərh ediblər.

Eldar Sabiroğlu bildirib ki, hücum edən erməni tərəfi olub və öz itkilərinin sayını azaldıb.

«Turan»ın hadisə ilə bağlı şərhində deyilir: «İnsidentin ciddiliyini və hadisənin dövlət başçılarının görüşündən dərhal sonra baş verdiyini nəzərə alaraq, rəsmi Bakının reaksiyası qeyri-adekvatdır, çünki bu, daha ciddi və kəskin olmalı idi.

Əgər, həqiqətən də, ermənilər hücüm ediblərsə, deməli, döyüş Azərbaycan tərəfdə baş verib. O zaman 4 nəfərin cəsədi hanı? Əgər ölənləri və yaralananları ermənilər döyüş meydanından çıxarıblarsa, onlar necə nəfər olublar? Əgər ermənilər belə ciddi pozuntuya yol veriblərsə, Azərbaycan XİN-in bununla bağlı bəyanatı niyə yoxdur?

Əgər ermənilər həlak olmuş azərbaycanlı hərbçinin cəsədini versələr, Azərbaycan tərəfi nə deyəcək? Müdafiə Nazirliyi deyəcəkmi ki, ermənilər onu səhvən götürüblər».

Müdafiə Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavab olaraq bu hadisəni şərh etməkdən imtina edib.
XS
SM
MD
LG