Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:04

AŞ PA Azərbaycanı tənqid edib


AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Andres Herkel Azərbaycanda demokratiya və insan hüquqları sahəsində vəziyyəti tənqidi qiymətləndirib.

İyunun 24-də AŞPA «Azərbaycanda demokratik institutların fəaliyyəti» adlı qətnamə qəbul edib. Sənəd AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Andres Herkel (Estoniya) və Cozef Qreşin (Malta) hesabatı əsasında qəbul edilib.

HERKELDƏN TƏNQİD, QREXDƏN TƏRİF

Herkel çıxışında xüsusilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırıldığını və müxalifətin mitinq keçirməsinə imkan verilmədiyini qeyd edib. Herkel AXCP sədri Əli Kərimlinin xaricə səfər edə bilməsi üçün ona pasport verilməməsini ölkədə siyasi iqlimi səciyyələndirən göstərici adlandırıb.

Herkelin həmkarı, maltalı Qrexin fikrincə, müsbət cəhətlər də var və «onların inkişaf etməsinə şərait yaratmaq lazımdır».

«Düşünürəm ki, biz Azərbaycanı nəzərdə tutduğumuz səviyyəyə qaldıracağıq», deyə Qrex bildirib.

«MÜXALİFƏT PİSDİRSƏ, BAŞQASINDAN ŞİKAYƏTLƏNMƏYİN»

Böyük Britaniyadan olan deputat Henkok, - Bakıda Azərbaycan hökuməti tərəfindən təşkil edilən tədbirlərin qonağı, - Azərbaycan müxalifətini tənqid etməyə başlayıb. «Müxalifətiniz pisdirsə, başqalarından şikayət etmək lazım deyil», - deyə Henkok bildirib. O, məruzənin tənqidi xarakterli olması ilə razılaşmayaraq deyib ki, «Azərbaycanda demokratik sistem olmadığını iddia etmək olmaz».

Çıxış edənlərin əksəriyyəti qarşıda duran parlament seçkiləri mövzusuna toxunublar. Onlar deyiblər ki, bu seçkilər bir növ demokratiya testi olacaq.

«Ortaya seçkilərin keçirilməsi nöqteyi-nəzərdən ölkəyə qarşı etimad məsələsi qoyulub - nöqsanları aradan qaldırmaq lazımdır», deyə Böyük Britaniyadan olan digər deputat Uilşir bildirib.

ANALOQU OLMAYAN SEÇKİ MƏCƏLLƏSİ

Finlandiyadan olan deputat Laakso qarşıda duran parlament seçkiləri zamanı AŞ-ın Azərbaycana köməyi barədə danışıb.

Azərbaycanın AŞ ilə əməkdaşlığı barədə danışarkən o, bu ölkənin Venesiya Komissiyası ilə əvvəlcədən məsləhətləşmədən Konstitusiyaya düzəlişlər etdiyini qeyd edib. Azərbaycanda çox mürəkkəb, dünyada analoqu olmayan Seçki Məcəlləsi mövcuddur. «Bu, həm maliyyə məsələlərinə, həm seçki komissiyalarının mahiyyətinə, həm qeydiyyat məsələsinə aiddir», deyə Laakso bildirib.

EYNULLA FƏTULLAYEVİN AZADLIĞI ZƏRURİDİR

Portuqaliyalı deputat Mendes Bota diqqəti jurnalistlərin həbsinə, QHT-lərin fəaliyyətinə müdaxilə təmayülünə, seçki təcrübəsinə çəkib. O, jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsi zərurətini vurğulayıb. Bu, onun fikrincə, söz azadlığı və demokratiyaya müsbət təsir edəcək.

QADIN NAZİR YOXDUR


O, həmçinin qadınların bərabərliyi məsələsinin həll edilmədiyini deyib. «Bir nəfər də qadın nazir yoxdur. Hakim qadınların sayı azdır. Parlament deputatlarının cəmi 14%-i qadınlardır», deyə Bota qeyd edib. «Azərbaycan iki dəfə imtahanı uğursuz verib, amma üçüncü dəfə də müvəffəqiyyətsizlik olmamalıdır», deyə Bota bildirib.

Eyni zamanda, o, məişət zorakılığına qarşı mübarizə haqqında qanunun qəbulunu müsbət qiymətləndirib.

Polşalı deputat İvinski müxalifəti tənqidə məruz qoyaraq, onun seçkilərdə iştirak etmədiyini qeyd edib. Onun fikrincə, belə olmamalıdır. Deputat qadınların vəziyyətinə və Fətullayevin taleyinə toxunaraq, onun azad edilməli olduğunu qeyd edib.

AZƏRBAYCANIN NOYABR İMTAHANI...

Fransadan olan deputat Ruge Azərbaycanda jurnalistlərin həbsi təcrübəsini tənqidə məruz qoyub.

Qəbul edilmiş qətnamədə qeyd edilir ki, Azərbaycanda noyabrda keçiriləcək parlament seçkiləri 2011-ci ilin yanvarında qeyd edilən ölkənin Avropa Şurasına daxil olmasının 10 illiyi ərəfəsində demokratiyaya sadiqlik üzrə daha bir sınaq olacaq. «Konstitusiyada zəmanət verilmiş hakimiyyət bölgüsü prinsipinin təcrübədə tətbiqi gücləndirməyin, xüsusən parlamentin rolunun və icra hakimiyyətinə nəzarətinin gücləndirilməsi zərurəti olan ölkədə bu seçkilər xüsusilə əhəmiyyətlidir», deyə qətnamədə qeyd edilir.

Sənəddə hakimiyyət parlament seçkilərini «tam mənada Avropa standartlarına uyğun şəkildə» keçirməyə çağırılır. Məruzə müəllifləri hesab edirlər ki, hakimiyyətə «ən yüksək siyasi səviyyədə» saxtalaşdırmaların yolverilməz olduğu haqqında mesaj göndərilməlidir. Eyni zamanda, qətnamədə bütün siyasi partiyalar qarşıda duran seçkilərdə iştiraka çağrılır.

Sənəddə Azərbaycanda ümumilikdə seçki təcrübəsinin təkmilləşdirilməsi və demokratik parlament seçkilərinin keçirilməsi üçün şərait yaradılması üzrə bir sıra konkret tövsiyələr irəli sürülüb. Xüsusən, Seçki Məcəlləsinə yenidən baxılması məqsədilə, o cümlədən seçki komissiyalarının tərkibi ilə bağlı məsələlər barədə Venesiya Komissiyası ilə əməkdaşlıq təklif olunur. Namizədlərin qeydiyyatı üçün azad və ədalətli prosesin və effektli şikayət etmək prosedurunun təmin edilməsi tövsiyyə olunur.

Bundan başqa, sərbəst toplaşmaq və mətbuat azadlığı hüququnun təcrübədə tam şəkildə həyata keçirilməsi yolu ilə ədalətli seçki kampaniyası üçün şərait yaradılması təklif olunur.

Sənəddə hakimiyyət müxalifət namizədlərinə və fəallarına öz kampaniyalarını - istər küçə aksiyalar, istər KİV, o cümlədən televiziya ilə çıxışları səmərəli şəkildə keçirməyə imkan verməyə çağırılır.

Bundan başqa, siyasi iqlimin yaxşılaşdırılması və əhalinin seçki prosesinə inamının möhkəmləndirilməsi üçün həm parlament daxilində, həm də onun hüdudlarından kənarda hakim çoxluq və müxalifət arasında dialoqu dərhal bərpa etmək təklif olunur.

Assambleya həmçinin jurnalistlərin həbsi təcrübəsini pisləyir və böhtana görə cinayət məsuliyyətini ləğv etməyə çağırır.

AŞPA qətnaməsində həmçinin Strasburq məhkəməsinin jurnalist Eynulla Fətullayevin həbsdən dərhal azad edilməsi haqqında qərarını icra etmək çağırışı yer alıb. «Bu kontekstdə Assambleya həmçinin müvafiq olaraq 2 il 6 ay və 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş iki gənc fəal - Emin Milli və Adnan Hacızadənin taleyilə bağlı narahatlığını ifadə edir», deyə sənəddə qeyd edilib. /TURAN/
XS
SM
MD
LG