Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:02

Mehman Əliyev: «Mətbuat Şurası satılmış mətbuatın sifətidir»


Mehman Əliyev
Mehman Əliyev
HAKİMİYYƏT VƏ İCTİMAİYYƏT TAM FƏRQLİ ANLAYIŞLARDIR

«Təəssüf ki, son vaxtlar Əflatun Amaşov hakimiyyətin nümayəndəsi kimi danışır. Elə buna görə də əlbəttə ki, Mətbuat Şurasının sədri Azərbaycan ictimaiyyətinin Emin Milli və Adnan Hacızadəni müdafiə etməsinə skeptik yanaşmalıdır. Onu başa düşmək olar. Çünki hakimiyyət və ictimaiyyət tam fərqli anlayışlardır».

Mətbuat Şurasının sabiq üzvü, «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev qurumun sədri Əflatun Amaşovun son açıqlamalarına münasibət bildirərkən belə deyib.

Əflatun Amaşov iyulun 22-də «Turan»a müsahibəsində deyib ki, həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadənin jurnalistikaya bağlılığı dünyanın bir çox ölkələrində sual doğurur. O ictimaiyyətin Emin və Adnanın hüquqlarını müdafiə etməsinə də skeptik yanaşır.

Mehman Əliyev isə deyir ki, əslində bloqqerlər peşəkar olmasa da, müstəqil yazar kimi jurnalistika ilə məşğuldurlar. Onların da öz fikirlərini cəmiyyətlə bölüşmək haqqı var. Emin və Adnan öz fikirlərini açıqladıqları üçün, mövqelərinə görə həbs olunublar:

«Axı cəmiyyət bloqqerləri jurnalist kimi qəbul edir. Onlar fikirlərini yaymaqla məşğuldurlar. Sadəcə, müasir informasiya sistemi çərçivəsində onların adlarını bloqqer qoyublar. Fərq bundadır, başqa bir şey yoxdur. Mən Adnan Hacızadəni və Emin Millini azad jurnalistlərə aid edirəm. Onların jurnalistikaya aid olması dünyada yox, ancaq Azərbaycan hakimiyyətində və son vaxtlar onun nümayəndəsi kimi danışan Əflatun Amaşovda sual doğurur».

Müsahibəsində dövlət məmurlarının obyektiv tənqidə reaksiyası barədə sualın cavabında Əflatun Amaşov deyib ki, «Azərbaycanda 3 minə yaxın qəzet var və hər biri çalışır ki, nazirləri ləkələməklə onların diqqət mərkəzində olsun».

Mehman Əliyev bu fikirlə də razılaşmır:

MƏTBUAT ŞURASI JURNALİSTİKANIN YOX, HAKİMİYYƏTİN YANINDADIR

Əflatun Amaşov
«Birincisi, mən bilmirəm Əflatun Amaşov Azərbaycanda 3 min qəzet olduğu barədə rəqəmi haradan götürüb. Qəzet odur ki, vaxtlı-vaxtında çıxsın və heç olmasa gündə min nüsxə satılsın. Azərbaycanda dövlət qəzetlərini nəzərə almasaq (onlar daha çox abünə yolu ilə satılır) 1000-dən artıq satılan cəmi 2 qəzet var. Müstəqil, ya da müxalifət qəzetlərdən söhbət gedir. Qalan əksəriyyəti bir neçə nüsxə satır, az sayda qəzetin tirajı 1000-dən aşağı, 500-dən yuxarıdır. Və mən hesab etmirəm ki, bu qəzetlər Əflatun Amaşovun dediyi kimi, diqqəti cəlb etmək üçün nazirləri ləkələməklə məşğuldurlar. Əksinə, həmin nazirlər mətbuata açıqlama verməyə borcludurlar».

Mehman Əliyev hesab edir ki, əslində, Mətbuat Şurasının vəzifəsi hakimiyyətə vəkillik etmək deyil. Mətbuat Şurası isə jurnalistikanın yox, hakimiyyətin yanındadır:

«Azərbaycanda jurnalistikanın əksər hissəsi satılıb və hakimiyyətin yanındadır. O jurnalistikanın da Mətbuat Şurası əlbəttə ki, hakimiyyətin yanında olan mətbuat qurumudur. Bu gün Mətbuat Şurası əslində satılmış mətbuatın sifətidir. Ona görə də onun sədri indi bütün yerli və beynəlxalq təşkilatların müdafiəsinə qalxdığı adamlar, məsələlər barədə belə fikirlər söyləyir».

Sosial media üzrə amerikalı mütəxəssis Mark Briggs isə bu yaxınlarda AzadlıqRadiosuna müsahibəsində deyib ki, bir çox bloqqerlər var ki, onlar ciddi məsələlərdən yazmırlar, informasiya, məlumat yaymırlar. Ancaq əgər bloqqerlər jurnalist fəaliyyəti ilə məşğul olurlarsa, jurnalistlərdir:

«ABŞ-da bloqqerlərin jurnalist olub-olmamaqları barədə debatlar artıq köhnəlib. İndi ABŞ-da «twitter»çilərin jurnalist olub olmamaqları barədə müzakirələr aparılır».

Yerli və beynəlxalq media hüquq müdafiə təşkilatları bu iki bloqqeri müdafiə edirlər.
XS
SM
MD
LG