Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:47

"10 qəpiyin üstünə 10 qəpik"


SİZƏ ELƏ GƏLMİR Kİ, YENİ BÜTPƏRƏSTLİK XALQIMIZA ÇOX BAHA BAŞA GƏLİR?...

Əli Kərimli keçmiş Moskva prospektində yenicə təmir olunmuş, fasadı bahalı üzlük daşlarla bəzədilmiş, 4 beşmərtəbəli binanın sökülməsindən yazıb. AXCP sədri öz bloqunda qeyd edir ki, milyonlarla manat vəsait hesabına təmir olunmuş binaları ona görə sökürdülər ki, Heydər Əliyev Mərkəzi prospektdən daha yaxşı görünsün:

«Mərkəzin tikintisi üçün iqtisadi böhran şəraitində büdcədən 200 milyon manat ayrılmışdı. Müqayisə üçün deyək ki, bu, ölkə əhalisinin təqribən 40%-nin dolandığı kənd təsərrüfatına ayrılan vəsaitdən 2,5 dəfə çoxdur. Bu rəqəmin üstünə onu da gələk ki, H.Əliyev Mərkəzini tikmək üçün əvvəllər həmin ərazidə yerləşmiş, Azərbaycan sənayesinin flaqmanı olmuş Səttarxan adına zavodu sökmüşdülər. İndi də şübhəsiz ki, sökülən 4 binadan çıxarılmış 100-lərlə ailəyə mənzilləri müqabilində dövlət büdcəsindən çox böyük vəsait ödəniləcək. Sizə elə gəlmir ki, yeni bütpərəstlik xalqımıza çox baha başa gəlir?...

Xalqımız gerçəkdən çox dözümlü imiş. Bu millətin böyük bir qismi ağlasığmaz sosial-məişət problemləri ilə baş-başa qaldığı bir zamanda ölkənin milli sərvətləri H.Əliyev Mərkəzi, gül bayramı, bahalı məşqçi və idmançıların transferi, 3 milyona at almaq, az əhəmiyyətli yarışmalarda yer qazanmaq, Avropada muzey təmir etdirmək, Dubayda 9 villanı birdən almaq kimi absurd işlərə xərclənir…».

Araz Önər Füzuli küçəsinin sakinlərinin aclıq aksiyasına toxunub:

«Aksiyaya səbəb kimi evlərinin sökülməsi qarşılığında hər kvadratmetrə görə verilən 1500 manatın onları qane etməməsi göstərilir. Sakinlərdən biri özünə bıçaqla xəsarət yetirib. Bu arada Eynulla Fətullayevin aclıq keçirib-keçirməməsi bir az sual altındadır...Azərbaycan xalqı isə 17 ildir aclıq keçirir».

ƏVVƏL QULAQLARI KƏSƏK, SONRA SAYARIQ

Lehinə adlı bloqçu Araz çayının köhnə qolunun bərpasının kəndlilərin narazılığı ilə qarşılandığını yazır:

Daşqınlar bloqçuların gündəmindən düşmür
«Arazın köhnə qolunun bərpası kəndliləri sözün əsl mənasında orbitlərindən çıxarıb. Bu qol isə kəndlilərin qolunu qırıb. Kəndlilərin şikayəti onların əkin sahələrinin su altında qalması ilə bağlıdır.

«Biz sonra nə qədər əkin sahələrinin su altında qalması ilə bağlı siyahı tərtib edəcəyik. Onlara müvafiq kompensasiyaların ödənilməsi sonra mümkün olacaq».

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəisi Ə.Əhmədzadə bildirib. Yəqin ki, bu qola suyu verməzdən əvvəl yaxşıca fikirləşmək lazım idi. Bəlkə əvvəl su altında qala biləcək əkin sahələrini müəyyənləşdirib sonra suyu vermək lazım idi. Görünür əvvəl işi görüb sonra fikirləşmək qaçılmzadır. Məşhur bir lətifədə deyildiyi kimi «Əvvəl qulaqları kəsirlər sonra sayırlar».

Natiq Cəfərli Türkiyə və İsrail arasında olan insidentə Qarabağ prizmasından yanaşaraq yazır:

«Bir dəqiqəlik təsəvvür edin ki, məsələn, İranda yaşayan ermənilər və ya onların bir təşkilatı, İranın Xəzər dənizi sahilində bir gəmi tutaraq, Qarabağ ermənilərinə yardım aparmaq istəsinlər, və desinlər ki, biz gəmini Bakıya qədər gətiririk, sizin onu yoxlamaq haqqınız yoxdur və bizə hələ üstəlik maşın da verin ki, yükləri Stepanakertə (Xankəndinə) çatdıraq. Bir ölkə olaraq, bizim buna münasibətimiz necə olar?

Ya da ki, Türkiyə, Avropadan və ya İsraildən gələn yardımı PKK terrorçularına aparmaq istəyən qrupa necə münasibət göstərər? Bizim üçün erməni terroristləri, Türkiyə üçün PKK necə alqılanırsa, İsrail üçün də Həmas elə qavranılır…Məncə, problemə bir də bu yöndən baxmaqda fayda var».

BEYNƏLXALQ TƏŞKİLATLARDA SİYASİ İRADƏ BÖHRANI DA KƏSKİNLƏŞİR

«İsrail nə zaman beynəlxalq hüquqa hörmət edib ki? BMT-nin Təhlükəsizlik Şurasının və Baş Məclisinin çoxsaylı sərt qətnamələrinə, dövlət və hökumət rəhbərlərinin saysız-hesabsız kəskin bəyanatlarına, beynəlxalq müqavilə və adət hüququna zidd olaraq hələ də işğal etdiyi ərazilərdən çəkilmir».

Erkin Qədirli belə yazır. Bloqçuya görə hazırda dünyada yeni mövqelər uğrunda kəskin mübarizə gedir. Bu şəraitdə beynəlxalq təşkilatlarda siyasi iradə böhranı da kəskinləşir.

Elnur Aslanov qeyd edir ki, Amerikanın Azərbaycana səfir təyin etməsi müsbət amildir. Onun fikrincə, namizədliyi irəli sürülən Metyu Brayza regionla tanışdır və post-sovet məkanı üzrə mütəxəssisdir: «Onun təyinatı Azərbaycan reallıqlarının dərindən öyrənilməsinə müsbət təsir edəcək».

Devrimsol qeyd edir ki, azərbaycanlıları ölkədə baş verənlərə münasibətinə görə bir neçə qrupa bölmək olar:

Azərbaycanlıları ölkədə baş verənlərə münasibətinə görə bir neçə qrupa bölmək olar
«Birinci qrup aktiv ya passiv formada hakimiyyətin dayağı rolunda çıxış edənlərdir. İkinci qrupa razılaşmayan və etiraz edənlər aiddir. Üçüncü qrup isə daxili mühacirətdədir...».

Bloqçu yazır ki, ölkədə sosial mobillik sıfıra yaxınlaşdıqca bir təbəqədən digərinə keçidin kanalları bağlandıqca, qulun oğlu qul, büdcə oğrusunun oğlu büdcə oğrusu olduqca, daxili mühacirətdə olanların da sayı sürətlə azalacaq...

10 QƏPİYİN ÜSTÜNƏ QOYMAĞA 10 QƏPİK TAPMADIQ

Evə getməyə 10 qəpiyi çatmayan Turxan bloqunda başına gələnləri nəql edir:

«Dostlar bilir ki, dünyada ən iyrəndiyim, ən əzab çəkdiyim şey «28»dən evə piyada getməkdir… Ancaq bu yolda qusan, divara «pişş» edən, zarıyan, gözü çıxan, qulağı kəsik adam görə bilərsən. Özü də eyni anda…10 qəpiyin üstünə qoymağa 10 qəpik tapmadıq deyə, bu küçə ilə evə getmək məcburiyyətində qaldım... Fialetova çatanda dayanacaqda bir rus bomju gördüm…Tüklü, saqqalı adam idi. Tez-tez şəhərin mərkəzi küçələrində olur. Öz-özünə danışırdı. Danışıb, danışıb birdən qayıdıb nə desə yaxşıdır: «Когда показывают пальцем в небо, дурак смотрит на палец».
Əjdaha söhbət idi… Namuslu söhbət idi… Əgər bu fikri müxalifət YAP barədə desəydi çoxdan 99.9% səs toplamışdı… Bu sözü demək divin «bankə»də olan ürəyini yerə çırpmağa bərabər idi… Əmma və lakin…».

Veboxu sosial bloq yazıları müsabiqəsinin keçiriləcəyi ilə bağlı yazıb. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək, onların yazı və yaradıcılıq qabiliyyətlərini artırmaqdır. Bloqçu qeyd edir ki, müsabiqə açıqdır və bütün bloqqerlər iştirak edə bilərlər.
XS
SM
MD
LG