Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:29

«Mitinqçiləri Qobustana aparmaq onları ələ salmaqdır»


Arif Hacılı
Müsavat Partiyası Daxili İşlər Nazirliyini məhkəməyə verə bilər, iyirmidən artıq üzvünün şərəf və ləyaqətinin təhqir olunduğuna görə. Hüquqşünas Aslan İsmayılov belə deyir.

ARİF HACILI: «POLİSİN AĞLINA GƏLƏN İDİOT İDEYA»


Artıq ikinci dəfədir ki, şəhər rəhbərliyi ilə razılaşdırmadan mitinq keçirən partiya üzvlərindən bəziləri Qobustan qoruğuna aparılır. Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılı:

«Məncə, bu, səviyyəsiz bir polis məmurunun ağlına gələn idiot ideyadır. Kobud ifadəmə görə üzr istəyirəm…»

YUXARIDAN VERİLƏN ƏMR - MÜTLƏQ MUZEYİN QABAĞINA GETMƏLİYİK


Arif Hacılı özü də iyulun 31-də qoruğa aparılanlar arasında olub.

Onun sözlərinə görə, 24 nəfər müsavatçını məhz polis bölməsinin qarşısından avtobusa mindirib aparıblar. Avtobus Qobustan qoruğunun qarşısında bir saat dayandıqdan sonra yenidən şəhərə qayıdası olublar. Amma bu dəfə müsavatçıları beş-beş, üç-üç avtobusdan düşürməyə başlayıblar:

«Yol kənarında bizi düşürürdülər. Və biz başqa avtobusla şəhərə qayıtmalı olduq. Bizi aparan zabitə bunun qanuna zidd olduğunu, hətta bizi həbs etmək səlahiyyəti olan polisin bizi girov götürüb şəhər kənarına aparıb orda buraxmağa ixtiyarı olmadığın dedim. Onlar da dedilər ki, əmr bu şəkildə verilib. Hətta trasdan çıxmamağı xahiş etdikdə də eyni cavabı verdilər ki, mütləq muzeyin qarşısına getməliyik. Bu əmr də çox yuxarıdan
Aslan İsmayılov
verilmişdi…»

CƏZA NÖVÜ: QOBUSTANA SƏYAHƏT


Müxalifətçilər niyə məhz Qobustan qoruğuna aparılır? Qanunda belə bir cəza növü varmı?

Hüquqşünas Aslan İsmayılov deyir ki, qanunda belə bir cəza növü yoxdur:

«Ümumiyyətlə, belə cəza növünün olması məntiqə uyğun deyil. Bu sadəcə, ələ salmaqdır. Bu saymazlıqdır, etinasızlıqdır insanlara, ictimai aktiv təşkilatlara qarşı. Bunun başqa adı yoxdur. İnsanlar tənqidi fikrini demək istəyir, azad şəkildə etirazını bildirmək istəyirlər. Buna görə adamları bu istidə avtobusa doldurub Qobustana səyahətə aparmaq ələ salmaqdır».

Aslan İsmayılovun qənaətincə, müsavatçılar məhkəməyə müraciət edə bilərlər. Ələlxüsus da azadlıqlarının məhdudlaşdırılması, həmçinin şərəf və ləyaqətlərinin təhqir olunmasına görə. Arif Hacılının sözlərinə görə, bu məsələni hələlik müzakirə edirlər.

EHSAN ZAHİDOV YENƏ TƏKZİB EDİR

Etirazçı müxalifətçiləri Qobustan qoruğuna aparmaqda məqsəd nədir? Niyə müxalifətçilər məhz qoruğa aparılır? Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, onlar heç kimi qoruğa və ya muzeyə aparmayıblar:

Ehsan Zahidov
- Şəhər icra hakimiyyəti ilə razılaşdırmadan mitinqə cəhd edən bir qrup şəxsin qarşısı alınıb. Cəhdin qarşısı alınarkən də polisə müqavimət göstərmək istəyən, polisin qanuni tələbinə məhəl qoyman bir neçə şəxs polis bölməsinə gətirilib və məhkəməyə göndərilib. Onlar da məhkəmənin hökmüylə müxtəlif cəzayla cəzalandırılıblar. Başqa heç nə olmayıb».

- Amma Arif Hacılı deyir ki, mitinq zamanı 24 nəfər saxlanılıb və sonra Qobustan qoruğuna aparılıb.

- Kimsə Qobustan qoruğuna gəzməyə gedirsə, onu polis aparıb?

- Siz deyirsiz ki, polis aparmayıb onları?

- Xeyr. Polis əməkdaşları mitinqə cəhd edənləri saxlayıb məhkəməyə göndərib.

Arif Hacılı isə deyir ki, polisin məqsədi aydındır, mitinqçilərə əziyyət vermək və onları bezdirmək.

Ötən dəfə – iyunun 12-də polis 23 mitinqçini Qobustan qoruğuna aparanda da bunu inkar etmişdi. Amma mitinqçilər bunu sübut edən fotoşəkillər təqdim etmişdilər. O zaman köşə yazarı Zamin Hacı diqqəti ona yönəltmişdi ki, Azərbaycan polisi artıq muzey və qoruqlardan müvəqqəti saxlama təcridxanası kimi istifadə etməyə başlayıb.

BƏS MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ NƏ DEYİR?


Müxafətçilər Qobustanda
Amma buna o zaman nə Qobustan Dövlət Tarixi-Bədii Qoruğundan, nə də Mədəniyyət və Turizm Nazirliyindən münasibət bildirilmişdi. Bu dəfə biz Mədəniyyət və Turizm Nazirliyinə telefon açırıq. Mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bu hadisədən xəbərsiz olduğunu söylədi.

- Bütün mətbuat yazır, doğrudanmı, xəbəriniz yoxdur?

- Yox, xəbərimiz yoxdur.

- Bununla bağlı sizin nazirlikdən rəsmi mövqe ala bilərikmi?

- Bu, bizə aid məsələ deyil axı.

- Adamları cəzalandırmaq üçün Qobustan qoruğuna aparırlar, sizcə, bu normaldırmı?

- Bunu siz deyirsiz və bu sizin fikriniz olduğu üçün münasibət bildirə bilmərəm. Məlumatım da yoxdur.

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu İdarəsindənsə bildirdilər ki, direktor xəstədir və başqalarının da buna şərh vermək səlahiyyəti yoxdur.

Bu hadisəyə münasibət bildirmək üçün bir neçə ziyalıya üz tutduq. Onlar çox qısaca dedilər ki, bu məsələyə nə şərh verəsən? Hökumət sadəcə, adamları ələ salmağa çalışır.
XS
SM
MD
LG