Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

Musa Musayev: «İqtidarda xəyanətkar insanlar var»


Naftalan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Musayev
Naftalan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Musayev
«Naftalanda seçkiləri mən yox, Zeynal Nağdəliyevin özü saxtalaşdırmaq istəyirdi».

Bu fikri AzadlıqRadiosuna hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Naftalan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Musa Musayev deyib.

Avqustun 23-ü Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya sədrləri üçün keçirilən seminarda Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev deyib ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində bəzi pozuntular olub. Onun sözlərinə görə, həmin pozuntulara yol verən icra strukturları cəzalandırılıb, o cümlədən Naftalan rayonunun icra başçısı vəzifəsindən azad edilib. Şöbə müdrü deyib ki, qarşıdan gələn parlament seçkilərində bu mövqe daha da sərtləşəcək.

MƏN ZEYNAL NAĞDƏLİYEVİN İSTƏYİNƏ GETMƏDİM…

Bu il yanvarın 25-də Naftalan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılan Musa Musayevin sözlərinə görə isə, əksinə son bələdiyyə seçkilərində Zeynal Nağdəliyev ona təzyiqlər edirmiş ki, keçmiş bələdiyyə sədri Zöhrab Adıgözəlov yenidən bu quruma sədr seçilməlidir:

- Mən də o işə getməmişəm. Zeynal Nağdəliyevin istədiyi adam oradan bələdiyyə sədri seçilə bilməyib. Zeynal Nağdəliyev buna görə o fikirləri səsləndirib. Naftalanda heç bir saxtakarlıq olmayıb. Mən Milli Məclisin üzvü olmuşam, qanunları da yaxşı bilirəm. 1990-cı ildən bəri də bir çox seçkilərin keçirilməsində yaxından iştirak etmişəm. 1993-cü ildən bəri də Nəsimi rayonunda keçirilən bir çox seçkiləri mən aparmışam. Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin sədri və müavini kimi.

- Onda sözlərinizdən belə çıxır ki, Naftalanda seçkiləri saxtalaşdırmadığınıza görə işdən çıxarılmısınız?

- Bəli,bəli…

- Ancaq sizin işdən çıxarılma sərəncamınızı ki, Zeynal Nağdəliyev verməyib. Belə çıxır ki, bu məsələ daha yuxarı səviyyədə həll olunub?

SƏRƏNCAMIMDA SAXTAKARLIQ ETDİYİM GÖSTƏRİLMƏYİB

- Xeyr e… məsələ həll olunmur. Mən özüm dəfələrlə demişəm ki, seçkiyə heç bir müdaxilə etməmişəm. Zeynal Nağdəliyev Zöhrab Adıgözəlovu bələdiyyə sədri etmək istəyirdi. O da alınmayıb, indi nə deyir öz işidir. Amma məni işdən cənab prezident azad edib. O sərəncamda isə göstərilməyib ki, mən seçkidə saxtakarlıq etdiyimə görə işdən çıxarılmışam. Mən Zeynal Nağdəliyevi deyə bilərəm. O mənə təzyiq edirdi ki, keçmiş bələdiyyə sədrini yenidən sədr seçdirim. Camaat gəlib ona səs vermədi. Bundan sonra da orada məntəqələri ləğv etdilər.

- O adam seçilsəydi, məntəqələri ləğv etməyəcəkdilər?

- Xeyr.

- Onda belə çıxır ki, bu, təkcə Zeynal Nağdəliyevdən asılı məsələ deyil də?

- Mən bunu deyə bilmərəm. Təkcə onu deyə bilərəm ki, mən Naftalanda heç bir seçkini saxtalaşdırmamışam…

- YAP Siyasi Şurasının toplantılarında iştirak edirsiz?

- Xeyr yaxın vaxtlarda elə bir toplantı olmayıb. Axırıncı dəfə, prezident seçkiləri qabağı qurultay olub, orada iştirak etmişəm.

PARTİYA İSTƏSƏ NAMİZƏDLİYİMİ VERƏRƏM

- Bəs parlament seçkilərində namizədliyinizi vermək istəmirsiniz ki?

- Yox indi belə bir fikrim yoxdur. Ancaq partiya istəsə namizədliyimi verib, seçkilərə qatıla bilərəm.

- Musa müəllim hələ deputat olarkən kəskin çıxışlarınızla yadda qalardız. Deyərdiniz ki, hakimiyyətdəkilərin bəziləri prezident İlham Əliyevə sədaqətli deyillər.

- Bəli, bəli…

- İndi də o fikirdə qalırsınızmı? Bəziləri indi düşünür ki, məhz o kəskin çıxışlarınıza görə cəzalandız.

İQTİDARDA XƏYANƏTKAR İNSANLAR VAR

Nəzər yetir:
  • Musa Musayev «od püskürdü»



- Birincisi, mən cəzalanmamışam, cənab prezident məni təyin etmişdi, o da azad elədi. Bəli, bu gün iqtidarda cənab prezidentimizə, dövlətimizə sədaqətsiz, xəyanətkar insanlar var. Bu həmişə olub, bu gün də var. Eyni zamanda mən onu da vurğulaya bilərəm ki, cənab prezidentə sədaqətli adamlar, həmişə ona sədaqətli olaraq qalacaqlar.

- Musa müəllim xəyanətkər, sədaqətsiz insanlar kimdir?


- Mən onu demirəm, tarix göstərir. Hətta parlamentdə onların bəzilərinin adlarını da göstərmişdim. İndi onların bəziləri vəzifədə deyil, türmədədirlər. Təbii ki, belə insanlar həmişə olduğu kimi, indi də var. Onlar layiqli cəzalarını alacaqlar.

- Musa müəllim onların xəyanətləri nədir?

- Xəyanətkar, xəbis insanlar prezidentə, dövlətə sədaqətli olan insanları sevməyənlərdir. Partiyaya sədaqətli adamları istəməyənlərdir. Mən belə bilirəm.
XS
SM
MD
LG