Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:27

Polis monitorinq aparanları saxladı


«Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev
«Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev
Daşqın bölgəsində alternativ monitorinq aparan «Kür» Vətəndaş Cəmiyyəti nümayəndələrini Sabirabad rayon polisi saxlayıb.

Bu barədə AzadlıqRadiosuna «Kür» Vətəndaş Cəmiyyəti qərargahının rəhbəri Oktay Güləliyev məlumat verib.

Onun sözlərinə görə, avqustun 25-də cəmiyyət üzvlərindən üçü monitorinq aparan zaman rayonun Qaragüney kəndindəki bölməsinə aparılıb. Bir neçə saatdan sonra sərbəst buraxılan cəmiyyət nümayəndələrinə rayonu tərk etmək barədə xəbərdarlıq edilib.
Avqustun 26-da isə rayonu tərk etmədiklərinə görə monitorinq aparanlar yenidən saxlanılıb.

Polis bölməsində onlara bildiriblər ki, apardıqları alternativ monitorinqlər daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı hökumətin yürütdüyü siyasəti gözdən salır:

«Biz isə bildirdik, polislərin bu məsələlərə müdaxilə etməsi qanunsuzdur və biz sadəcə alternativ monitorinq aparırıq və burda hökumətin siyasətinə qarşı hər hansı bir addım atılmır».

Sabirabad rayon polis idarəsində isə bu məsələni nə təsdiq, nə də təkzib ediblər. Sadəcə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Oktay Güləliyevin sözlərinə görə, «Kür» Vətəndaş Cəmiyyəti indiyə qədər daşqınlardan ziyan çəkən 2 mindən çox təsərrüfatda monitorinq aparıblar. Nəticəni monitorinqlər başa çatandan sonra açıqlayacaqlarını deyən Oktay Güləliyevin əlavə edir ki, vətəndaşlar bu sahədə hökumətin işindən razı deyillər.

Monitorinq aparanlar üzləşdikləri problemlə bağlı Daxili İşlər Nazirliyinə müraciət hazırlayırlar.

Daşqınlardan zərər çəkənlər bir neçə dəfə Bakıda və Sabirabad rayonunda kütləvi etiraz aksiyaları keçiriblər.
XS
SM
MD
LG