Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:52

Pamuk yeni Konstitusiyaya “hə” deyəcək


Nobel mükafatlı türk yazarı Orxan Pamuk yeni Konsitusiyaya “hə” deyəcək.

O, NTV telekanalına müsahibəsində deyib ki, sentyabrın 12-də keçiriləcək referendumda Konstitusiya dəyişiklikləri paketinə səs verəcək, amma bu heç də dəyişiklikləri təklif etmiş hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləmək kimi anlaşılmamlıdır.

Pamuk dəyişikliklərə “hə” deyən, amma seçkilərdə AKP-yə səs verməyəcək çox insan ola biləcəyinə diqqət çəkib.

Referendumun tarixi simvolikdir. Düz 30 il qabaq həmin tarixdə Türkiyədə sayca üçüncü hərbi çevriliş baş vermiş və hərbçilər Konstitusiyanı dəyişdirmişdilər.

1980-ci il hərbi çevrilişindən bir çox adamın əziyyət çəkdiyini xatırladan Pamuk həmin

ÇEVRİLİŞ ZAMANI QANUNSUZLUQ TÖRƏDƏNLƏRİN MƏSULİYYƏTƏ CƏLB EDİLMƏSİNİN GƏRƏKLİYİNİ

vurğulayıb. Onun fikrincə, yeni Konstitusiya buna yol aça bilər.

Türkiyədə bir çox dünyəvi dövlət tərəfdarları İslamçı köklərə malik hakim partiyanın Konstitusiyanı öz maraqlarına uyğunlaşdırmağa çalışdığını düşünürlər.

Pamuk deyib: “Bəzi seçicilər bu işin siyasiləşməsi ucbatından referenduma önəm vermirlər.

Və referendum mövcud hökumətə “yox” kampaniyası halına gəldiyi üçün Konstitusiya dəyişikliklərinin də əleyhinə səs verəcəklər.

Halbuki mən Konstitusiya dəyişikliklərinə “yox” deyənlərin bir qisminin dəyişikliklərin düzgün olduğunu düşündüklərinə inanıram...”

1980-ci il 12 sentyabr çevrilişi Türkiyə demokratiyasını təxminən 10 il geri atdı.

Ordu Süleyman Dəmirəlin rəhbərlik etdiyi hökuməti devirdi - Türkiyə Ordusunun baş qərargah rəhbəri Kenan Evrenin rəhbərlik etdiyi hərbi xunta bunu ölkədə qanun-qaydanı bərpa etmək istəyi ilə əsaslandırdı.

Çevriliş ərəfəsində Türkiyədə sağçı və solçular arasında toqquşmalarda

HƏR GÜN 30-A QƏDƏR İNSAN QƏTLƏ YETİRİLİRDİ

Həmin ərəfədə ölkədə siyasi qərarsızlıq da vardı. Türkiyə parlamentinin prezidenti seçmək yönündə cəhdləri bir neçə dəfə uğursuzluqla nəticələnmişdi.

Dinə söykənən siyasi qüvvələr də yüksəlişdə idi.

Hərbi çevrilişdən sonra parlament ləğv edildi, siyasi partiyalar qadağan olundu, həm sağçılar, həm də solçular arasında on minlərlə insan həbs edildi.

230 min nəfər sorğu-sual edildi, 14 min nəfər vətəndaşlıqdan məhrum edildi, 50 nəfər edam olundu.

On minlərlə insan işgəncələrə məruz qaldı. Ecevit, Dəmirəl, Türkeş və Erbakan kimi siyasətçilər neytrallaşdırıldı və onlara siyasətlə məşğul olmaq qadağan edildi.

Hərbi çevrilişdən sonrakı üç il ərzində generallar cəmiyyətin ordunun iradəsinə tabe etdirilməsinə yönələn 800-ə qədər qanun qəbul etdi.

1982-ci ildə hərbi xuntanın təşəbbüsü ilə yeni Konstitusiya qəbul edildi.

Hazırkı hökumət bu il sentyabrın 12-ə təyin edilən Konstitusiya dəyişikliyi referendumunda “çevriliş zehniyyətindən xali və Avropa Birliyi standartlarına uyğun bir Anayasa” qəbul ediləcəyinə inanır.

Həmçinin oxu
Orxan Pamuk dövlətin yardımından imtina etdi
Orhan Pamuk, Yaşar Kamal baş nazirin ziyafətinə getmədilər...

XS
SM
MD
LG