Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:22

«Paltarım olsa, dərsə gedərəm»


«Necə ildir məktəbə getmirəm, nə çantam var, nə də paltarım. Anam işləmir. Paltarım olsa, gedərəm».

8 yaşını tamamlasa da, Nicat hələ məktəbli ola bilməyib. 2 ildir ki, anasının ona məktəbli çantası və paltar alacağı günü gözləyir. Ailəsinə təkbaşına baxan Xəyalə Kərimova isə deyir ki, Nicatı məktəbə göndərmək onun da böyük arzusudur. Xəyalə Kərimovanın sözlərinə görə, evlərinin yaxınlığındakı məktəbdən deyilib ki, paltar ancaq məktəbdən alınmalıdır.

İKİ İLDİR UŞAĞI MƏKTƏBƏ QOYA BİLMİRƏM

«Uşağımı məktəbə qoymaq istəyirəm imkanım yoxdur heç cür. 2 ildir oxuda bilmirəm onu, artıq 8 yaşına keçib. Bu gün ayın 5-dir ona hələ 1 corab belə ala bilməmişəm. Nə çanta, nə paltar almışam. Məktəbin özündə verilir. Keçən il də istədim məktəbə qoyam 35 manat istədilər, verə bilmədim. Mən də istəyərəm uşağım savad alsın».


Gəncə sakini Manya Əliyeva isə uşağına məktəbli forması alıb. Deyir ki, digər satış yerlərində 15 manata ala biləcəyi məktəbli geyimini məktəbdə 35 manata satıblar.

«Uşağım 1-ci sinfə gedir. Məktəbdən maraqlandım, baha dedilər, amma məcbur elədilər deyə, başqa yerdən yox, məktəbdən aldım. Məktəbdən 35 manata aldım. Şəhərdə daha ucuzdur. Dedilər burdan alsanız yaxşıdır, əl çəkmədilər, məcburi aldım».

GEYİM PULSUZ DEYİL

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov da deyir ki, Gəncədə təhsil ocaqlarında valideynlər geyimi məktəbdən alır. Məktəbli formalarının qiyməti isə ölçülərə görə 30 manatdan başlayır.

«Kitablar hamısı pulsuz paylanılır. Məktəbli forması da kimin keçən ildən var, onları geyir, kimin də yoxdur, alırlar. Məktəbdən valideyn pulla alır. Məktəbdən pulsuz verilmir. Ölçüsünə görədir - 28 manat - 30 manat».

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, imkansız ailələrə məcburi geyim aldırmaq olmaz. Təhsil Nazirliyi bu istiqamətdə işlər görməli və imkansız ailələr geyimlə təmin olunmalıdır.

MƏKTƏB YARDIM ETMƏLİDİR

«Məktəbli formasının olması vacibdir, uşaqlar arasında ayrı-seçkiliyi qoruyur. Orta qiymətlər 40-50 manat arası elan olunub. İmkanı çatmayan ailələr var ki, 3 nəfər məktəbə gəlir və almaq imkanı yoxdur. Bu zaman məktəb özü yardım etməlidir. Təhsil nazirliyi bu istiqamətdə iş aparmalı, mənbə tapmalıdır, necə pulsuz dərsliklər paylayırlar, imkansız ailələrin uşaqlarının paltarını pulsuz verilsə uyğun olar».
XS
SM
MD
LG