Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:17

Hamı siyahını açıqlayıb, bəs YAP?


İndi elə bir vəziyyət yaradılıb ki, hamı narazılıq etməkdənsə, siyahıya düşmək uğrunda mübarizə aparır
İndi elə bir vəziyyət yaradılıb ki, hamı narazılıq etməkdənsə, siyahıya düşmək uğrunda mübarizə aparır
Bu il noyabrın 7-də keçiriləcək parlament seçkilərinə gedən siyasi partiyaların hamısı vahid namizədlərin siyahısını açıqlayıb. Hakim Yeni Azərbaycan Partiyasından başqa.

Bir neçə seçki bloku artıq qeydiyyat üçün sənədləri Mərkəzi Seçki Komissiyasına da təqdim edib. Hakim partiya hələ ki siyahını açıqlamır. Bunun nə vaxt olacağı isə hələ bəlli deyil.

YAP İcra katibinin müavini Mübariz Qurbanlı narahatlığa əsas görmür.

«Mediaforum» saytına müsahibəsində o, partiyadan deputatlığa namizəd olacaq şəxslərin siyahısı ilə bağlı heç bir problem olmadığını, bu məsələdə partiyanın gecikmədiyini və hər şeyin qaydasında olduğunu deyib. Üstəlik hakim partiyada bu siyahının hələ də açıqlanmamağını seçki strategiyası adlandıranlar da var.

VAXTINDAN ƏVVƏL AÇIQLANAN SİYAHI YAP ÜÇÜN ARZUOLUNMAZDIR


«Tolerantlıq» ictimai Birliyinin rəhbəri Azər Rəşidoğluna görə, müxalifət partiyalarından fərqli olaraq hakim partiyanın siyahısı ilə bağlı hansısa narazılıqların üzə çıxması seçkiqabağı ciddi problemlər yarada bilər. Bu baxımdan da o, həmin siyahının vaxtından əvvəl açıqlanmasını YAP üçün arzuolunmaz sayır.

Azər Rəşidoğlu üstəlik hakim partiyanın vahid namizəd siyahısını hələ də elan etməməsini hakimiyyətin deputat siyahısının tam hazır olmaması ilə də əlaqələndirir.

Azər Rəşidoğlu
Azər Rəşidoğluna görə, əslində hakim partiya narazılıqları tam zəiflətmək baxımından da siyahını gec açıqlamaqda maraqlı görünür. Ekspertə görə, indi elə bir vəziyyət yaradılıb ki, hamı narazılıq etməkdənsə, siyahıya düşmək uğrunda mübarizə aparır, yollar axtarır.

«Birinci şəxs hakim partiyanın siyahısını təsdiqləyəndən sonra artıq kiminsə narazılıq etməyə belə cürəti çatmayacaq. Narazılıq edənlərin aqibəti Əli İnsanov, Rəfael Allahverdiyev kimi olduğuna görə, siyahı tam təsdiqlənəndən sonra heç kim narazılığını qətiyyən büruzə verə bilməyəcək».

«SİYAHI O VAXT AÇIQLANACAQ Kİ...»


Ümid Partiyası ilə «Qarabağ» seçki blokunda birləşən Demokrat Partiyasında da hakim partiyanın öz vahid siyahısını hələ də açıqlamamasını bir neçə amillə izah edirlər.

Ötən seçkilərdə öz siyahısını elan eləməkdə YAP-ın heç vaxt gecikmədiyini bildirən ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, birincisi, YAP öz daxilində narazılıqların qarşısını almaq üçün siyahını elə bir vaxtda açıqlamaq istəyir ki, narazılara müstəqil şəkildə namizədliyini irəli sürmək üçün vaxt qalmasın.

ADP sədrinə görə, siyahının açıqlanmamasının başqa bir səbəbi də radikal və loyal mövqelərə malik olan hakimiyyətdaxili qrupların hələ də siyahı üzrə razılığa gəlməməsi ilə də bağlı ola bilər.

Sərdar Cəlaloğlu
«Ola bilsin ki, namizədlərin siyahısında həmin iki qanadın maraqları toqquşur və razılığa gələ bilmirlər».

ÜÇÜNCÜ SƏBƏB: MÜXALİFƏT ÜÇÜN «BATAQLIQ»


Üçüncü səbəb kimi Sərdar Cəlaloğlu hesab edir ki, YAP bütün dairələr üzrə müxalifətdən olan namizədlərin elan olunmasını gözləyir. ADP sədrinə görə, bununla hakim partiya bir gülləyə iki dovşan vurmaq istəyir. Belə ki, zəif həlqələri müəyyənləşdirib özünün əsas namizədlərini həmin dairələrdən irəli sürmək istəyən hakim partiyanın ikinci əsas məqsədi isə müxalifətdən olan arzuolunmaz namizədlər üçün «bataqlıq» mühiti yaratmaqdır.

«Misal üçün keçən seçkidə mən namizədliyimi verdiyim dairədən 35-ə qədər adam namizədliyini irəli sürülmüşdü ki, onların da 28 nəfəri sona qədər seçkilərdə iştirak elədi. Bunun da 15-20 nəfəri YAP nümayəndələri idi. Seçki «bataqlığı» yaradılır ki, hərə bir iki səs toplasın və o dairədən arzuolunmaz şəxs parlamentə düşməsin».

Sərdar Cəlaloğlu həm də hesab edir ki, hakimiyyət daxilində hər birinin 30-40 namizədi olan ayrı-ayrı mərkəzlər var ki, onların bəziləri parlamentə YAP-ın siyahısında düşmək istəyir.

Onun sözlərinə görə, hakim partiyada yaxşı bilirlər ki, həmin mərkəzlərin namizədləri partiya siyahısında deyil, müstəqil şəkildə seçkiyə getsələr onda YAP-ın namizədləri kənarda qalacaq. Bu zaman mübarizə iqtidarla müxalifət arasında deyil, daxildə gedəcək.

Sərdar Cəlaloğluna görə, ortalığa çıxan güc mərkəzləri hakimiyyət daxili mübarizəni gücləndirə bilər ki, bu baxımdan hakim partiya gözlənilən qorxunu nəzərə alıb proses tam yekunlaşana qədər müdafiə edəcəyi vahid namizədlərin siyahısını açıqlamaq istəmir.
XS
SM
MD
LG