Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:27

Əli Əhmədov YAP-ın siyahısına münasibət bildirdi


Əli Əhmədov
Əli Əhmədov
«Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində iştirak etmək üçün müəyyənləşdirdiyi namizədlər siyahısı partiyanın bütövlükdə mövqeyini əks etdirir».

Bunu «APA»ya açıqlamasında YAP-ın sədr müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib.

«Bu siyahı partiya daxilində ciddi məsləhətləşmələr nəticəsində hazırlanıb... Ola bilsin ki, ayrı-ayrı fərdlər səviyyəsində siyahı ilə bağlı fərqli münasibətlər ifadə olunsun. Bunu tamamilə normal hesab edirəm. YAP-ın yarım milyondan çox üzvü var…».

Ə.Əhmədov YAP-ın namizədlər siyahısına hazırda millət vəkili olan şəxslərin bir qisminin salınmamasına da münasibət bildirib:

«Hər bir namizədin müəyyənləşdirilməsi taktikası ilk növbədə onun seçkidə iştirak edəcəyi dairədə nə dərəcədə şanslı olması ilə ölçülür. Fərqli mülahizələr ola bilər. Amma seçkinin taleyini seçicilərin rəyi müəyyən etdiyindən, biz istəsək də, istəməsək də onların bu və ya digər namizədə səs vermək istəyib-istəməməsinə istinad etməliyik. Namizədlərimizi müəyyənləşdirərkən məhz bu meyardan və reallıqdan çıxış etmişik. Bununla əlaqədar olaraq siyahıda bundan əvvəl YAP-ı parlamentdə təmsil edən deputatların bir qismi əks olunmayıb. Bir qismi isə seçkilərdə iştirak etmək istəməyib».

YAP-ın icra katibi partiyanın 11 dairədən namizəd irəli sürməməsi məsələsinə də aydınlıq gətirib:

«YAP özünün seçki taktikasında namizədliyini irəli sürmüş (bitərəf) hörmətli insanları müdafiə edir. 2005-ci ildə də biz bu formada ayrı-ayrı hörmətli insanları dəstəkləmişik. Eynilə bu il keçiriləcək parlament seçkilərində də Azərbaycanın çox hörmətli insanlarını – hansı ki, onlar müxtəlif dairələrdən namizədliklərini irəli sürüblər – müdafiə etmək taktikasını seçmişik. Güman edirəm ki, bu, doğru bir yanaşmadır. Müttəfiqlik edən ayrı-ayrı partiyaların rəhbərliyində təmsil olunan insanlar da YAP tərəfindən dəstəklənib. Bu, keçən seçkidə də belə olub, bu seçkidə də onları dəstəkləmək xəttini götürmüşük. 11 dairədən namizəd irəli sürməməyimizin səbəbi bununla əlaqədardır».

Sentyabrın 18-də YAP 7 noyabr parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını açıqlayıb. Siyahıda 114 dairədən namizəd irəli sürülüb. Azərbaycandakı seçki dairələrinin ümumi sayı 125-dir.
XS
SM
MD
LG