Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:20

«Mən dəliyəm öz baldızıma verdiyim imzadan imtina edim?!»


Gəncədə imzatoplama, oktyabr 2010
Gəncədə imzatoplama, oktyabr 2010
“AXCP-Müsavat” seçki blokunun 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürən Dünyaxanım Cərullayevanın qeydiyyatından imtina olunub. Deputatlığa iddialıya deyilib ki, onun topladığı imzaların içərisində xeyli saxta imzalar olduğu üçün belə bir qərar qəbul edilib.

86 saylı DSK-nın katibi Yaqub Hacıyevin AzadlıqRadiosuna dediyinə görə, Dünyaxanım Cərullayevanın topladığı imzalar yoxlanılarkən müxtəlif qanun pozuntuları üzə çıxıb və bundan başqa da yüzdən çox adam ərizə ilə onlara müraciət edərək sözü gedən namizədə imza vermədiklərini bildiriblər:

“Bizdəki ekspertlərin verdiyi rəyə görə, saxta imzalardır, kimlərinsə yerinə imza atılıb, siyahıda vaxtı ötmüş şəxsiyyət vəsiqələridir və s”.

“HEÇ DSK-NIN YOLUNU TANIMIRIQ”

Dünyaxanım Cərullayeva isə deyir ki, o, öz imzalarından imtina etdiyi bildirilən adamlarla görüşüb və onların heç biri bu məlumatı təsdiqləməyib:

“Onlar mənə dedilər ki, biz heç dairənin yolunu da tanımırıq, heç yerə də getməmişik və xəbərimiz də yoxdur”.

Dünyaxanım Cərullayeva deyir ki, hətta imzasından imtina edənlərin içərisində onun bacısının həyat yoldaşı Səməd Bağırovun da adı var.

“MƏN DƏLİYƏM?!”

Həsən Kərimov
Səməd Bağırov isə həmin ərizədən xəbərsiz olduğunu bildirir. Deyir ki, bu günlərdə harasa məktub göndərdiyini belə xatırlamır.

Digər tərəfdən, imza verdiyi Dünyaxanım Cərullayeva onun baldızıdır və o öz yaxın qohumuna verdiyi imzadan niyə imtina etməlidir ki:

“Mən elə bir şey eləməmişəm. Mən DSK-ya da getmərəm axı, baldızım gəlib bizə, imza vermişəm. Mən dəliyəm, sonradan elə addım atım, imzamdan imtina edim”.

Seçicilərin öz imzalarından imtina etməsi səbəbindən namizədliyi qeydə alınmayan deputatlığa iddialılar az deyil. 29 saylı Səbail seçki dairəsindən namizədliyini irəli sürən “AXCP-Müsavat” seçki blokunun digər bir namizədi Həsən Kərimovun namizədliyi də eyni səbəb üzündən qeydə alınmayıb.

SAATLIDA TƏKRAR İMZATOPLAMA KAMPANİYASI

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən namizədliyini irəli sürən “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Ziyafət Hüseynov isə imzalardan imtinaların qarşısını almaq üçün oktyabrın 10-dan başlayaraq seçicilərin öz imzalarını təsdiqləyəcək təkrar imzatoplama kampaniyasına başlayıb:

“Mənim qeydiyyata alınmam üçün verilən 700 imzanın yenidən təsdiqlənməsi üçün təkrar imza yığıram ki, biz imzamızı təsdiqləyirik”.

Ziyafət Hüseynov deyir ki, baş verənlərin qarşısının alınması ilə bağlı prezidentə, baş prokurora və MSK-ya da müraciət ediblər.

ESKPERT NƏ DEYİR?

Hafiz Həsənov
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənova görə isə, bu məsələdən narazı qalan deputatlığa iddialılar imzalarından imtina edildiyi bildirilən seçicilərdən yazılı izahat alıb MSK-ya müraciət edə bilərlər. Ya da belə bir addımı seçicilər özləri də könüllü ata bilərlər:

“Misal üçün 86 saylı İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürən Dünyaxanım Cərullayeva imzasından imtina edən adamlarla bağlı bir akt tərtib eləsin, yəni onlardan izahat alsın və ya həmin adamlar özləri müraciət hazırlasınlar ki, DSK belə hərəkət edir. Dünyaxanım Cərullayeva şikayətini verəndə həmin şəxslərin izahatlarını da MSK-ya müraciətə əlavə eləsin”.

Hafiz Həsənov deyir ki, bunun üçün namizədliyi qeydə alınmayanların üç gün vaxtı olur. nlar yalnız həmin müddət ərzində DSK-ların qərarlarından MSK-ya müraciət edə bilərlər.
XS
SM
MD
LG