Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:21

«AXCP-Musavat» seçki blokunun namizədi döyülüb?


“AXCP-Musavat” seçki blokunun namizədi DSK katibi tərəfindən döyüldüyünü iddia edir. Blokun 67 saylı Cəlilabad seçki dairəsindən namizədliyini irəli sürdüyü Təzəxan Mirələmli həmin DSK-nın katibi İsa Allahverdiyev tərəfindən döyüldüyünü deyir.

Təzəxan Mirələmli AzadlıqRadiosuna bildirib ki, oktyabrın 12-də saat 12.00 radələrində ekspert qrupunun iclasında iştirak etmək üçün DSK-nın yerləşdiyi binaya gəlib.

Təzəxan Mirələmli deyir ki, DSK üzvləri imzalardan imtina ilə bağlı ərizələri elan edərkən o, buna etirazını bildirib və nəticədə DSK katibi tərəfindən şillələnib:

"DSK KATİBİ ÜSTÜMƏ CUMARAQ MƏNİ ŞİLLƏLƏDİ"

“Sənədləri Dairə Seçki Komissiyasına verdiyim gündən DSK-ya rəsmi müraciət etmişəm ki, ekspert qrupu sənədləri yoxlayan zaman mənim və səlahiyyətli nümayəndələrimin iştirakı da təmin olunsun. Ancaq mənə cavab verilməyib. Bu gün təsadüfən maraqlandım ki, ekspert qrupu nə vaxt toplanacaq, dedilər ki, bu gün saat 12-də. Həmin radələrdə DSK-ya gəldim, səlahiyyətli nümayəndələrimə dedilər ki, sizi dairənin sədri çağırır. Nümayəndələrim otaqdan çıxdılar, otaqda ekspert qrupunun üzvləri, mən və DSK üzvləri qaldı. İmzalardan imtina olunması barədə ərizələr oxunanda etirazımı bildirdim ki, bu ərizələr qeyri-qanuni toplanıb. Ərizələri icra hakimiyyətinin nümayəndələri imza sahiblərinin adından toplayıblar. Mən etiraz səsimi qaldıranda ki, bu nə qanunsuzluqdur, DSK katibi İsa Allahverdiyev üstümə cumaraq məni şillələdi. O çalışırdı ki, məni təxribata çəksin”.

Təzəxan Mirəlioğlu deyir ki, DSK katibinin hərəkətlərindən Cəlilabad rayon Prokurorluğuna ərizə ilə şikayət edib, ancaq hələlik ona məhkəmə-tibbi ekspertizadan keçmək üçün arayış verilməyib.

DSK katibi İsa Allahverdiyev və DSK sədri Xandadaş Əliyev isə AzadlıqRadiosuna namizədin şikayətinin əsassız olduğunu söyləyiblər. Onlar bildiriblər ki, imzalardan imtina ilə bağlı ərizələr araşdırılarkən Təzəxan Mirəlioğlu komissiya üzvlərini söyərək təhqir edib, bu hərəkətləriylə də komissiyanın işini 30 dəqiqə ərzində pozub.

DSK sədri deyib ki, Təzəxan Mirəlioğlunun hərəkətlərindən müvafiq orqanlara şikayət ediblər.
XS
SM
MD
LG