Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:25

Şagirdlər evə, müəllimlər namizədlə görüşə...


Dərslərin pozulması hesabına təbliğat aparılması qanunvericiliyə ziddir
Dərslərin pozulması hesabına təbliğat aparılması qanunvericiliyə ziddir
«Şagirdlər siz evə gedin, biz deputatlığa namizədlə görüşə gedirik».

Bu sözləri oktyabrın 21-də Beyləqan rayonunun Kəbirli kəndindəki iki orta məktəbin müəllimləri şagirdlərinə deyiblər. Sonra da özləri Yeni Azərbaycan Partiyasının 81 saylı Beyləqan Dairə Seçki Komissiyasından namizədi olan Ayaz Orucovla görüşə gediblər. Görüş kənddəki mədəniyyət evinin qarşısında açıq havada keçirilib. Ayaz Orucov Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktorudur.

«MÜƏLLİM DEDİ Kİ, BU GÜN NƏ BİLİM NƏDİR O, SEÇKİ SEÇİRİK»

Kəbirli kəndindən təsadüfü telefon nömrələrinə zəng etdiyimiz zaman görüşün keçirildiyini təkzib edən olmadı. Sadəcə görüşün səhər yoxsa günün ikinci yarısı olması ilə bağlı müəyyən fərqli fikirlər səsləndi. Telefon zəngimizə cavab verən qadınlardan biri bildirdi ki, dördüncü sinifdə oxuyan qızı həmişə gündüz saat 1-də dərsdən çıxsa da bu dəfə evə bir saat tez gəlib.

-On iki olardı gəldi.
-Bəs, adətən başqa günlər neçədə gəlir evə?
-Adətən saat 1-də dərsdən gəlirlər.

Həmin evdən 1 saylı Kəbirli kənd orta məktəbinin 4-cü sinfinə gedən şagird isə bunları dedi.

«Müəllim dedi ki, bu gün nə bilim nədir o, seçki seçirik, ona görə də tez buraxdılar. Məktəbdə uşaq qalmadı ha!»

Kəbirli kənd 2 saylı orta məktəbin müəllimlərindən biri görüşün olduğunu təsdiqləsə də, bunun dərsdən sonra keçirildiyini dedi.

«Mən getməmişdim, dərsdən sonra olub, dedilər dərslər bitəndən sonra görüşə gəlin».

DSK SƏDRİ: «XƏBƏRİM VAR, GÖRÜŞ DƏRSDƏN SONRA OLUB»

Görüş oktyabrın 21-i günün ikinci yarısında olub
81 saylı Dairə Seçki Komissiyasının sədri Azər Əliyev əvvəlcə belə bir görüşün olduğunu təsdiqlədi. Bildirdi ki, görüş oktyabrın 21-i günün ikinci yarısında olub.

«Xəbərim olub, dərsdən sonra, günün ikinci yarısında olub. Heç bir müəllim heç bir dərs pozuntusuna yol verməyib. Şayiədir, gör adamlar əqidələrini necə korlayıblar».

MƏKTƏBİN DİREKTORU: «GÖRÜŞ DƏRS VAXTI, SAAT 11-12 ARASI OLUB VƏ…»


Amma DSK sədri Azər Əliyevdən fərqli olaraq Kəbirli kənd 1 saylı orta məktəbin direktoru Asəf Zeynalov görüşün dərs vaxtı olmasını təsdiqlədi. Direktor bildirdi ki, YAP-ın namizədi Ayaz Orucovla görüş saat 11-12 arasında olub. Dediyinə görə, görüşdə həmin saatda dərsi olmayan müəllimlər və kənd sakinləri iştirak edib.

-Balaca görüş keçdi təbliğatla bağlı…
-Məktəbin müəllimləri hamısı qoşulmuşdu o görüşə?
-Yox dərsi olmayan müəllimlər qoşulmuşdu. Sərbəst şəkildə.
-Asəf müəllim, görüş neçədə oldu?
-Saat 11-12 olardı.
-Bəs müəllimlərin həmin vaxt dərsi yox idi ki?
-Dərs var idi, görüşə dərsi olmayan müəllimlər gəlmişdi.
-Kənd sakinləri bildirirlər ki, bütün şagirdləri evə buraxıblar.
-Yox elə deyil. Bizdə ümumi 80 müəllim var, görüşə toplasan heç iyirmi müəllim yox idi. Onu kimsə deyib səhv deyib.

DSK SƏDRİ: «XƏBƏRİM OLMAYIB, MƏN SİZDƏN EŞIDIRƏM BUNU…»


Dairə Seçki Komissiyasının sədri Azər Əliyevə məktəb direktorunun görüşün saat 11-12 arasında keçirildiyini təsdiq etməsini deyəndə DSK sədri bir az əvvəl görüşdən xəbərdar olması ilə bağlı dediklərini təkzib elədi.

«Mən sizdən eşidirəm bunu, mənə heç müraciət də olunmayıb».

Hüquqşünas Fuad Ağayev: «Büdcə təşkilatlarının inzibati resurslardan istifadə yolu ilə hansısa namizədin xeyrinə təbliğat aparması xeyli suallar doğurur»
Azər Əliyev həm də qeyd elədi ki, dərslərin pozulması hesabına təbliğat aparılması qanunvericiliyə ziddir və əgər müraciət olunsa, DSK bu məsələni araşdıra bilər.

MÜƏLLİMLƏR GÖRÜŞƏ ALDADILIB APARILIBLAR?


Həmin görüşdə iştirak edən jurnalist Akif Nəsirli AzadlıqRadiosuna deyib ki, görüşdəki müəllimlərdən biri aldadılaraq görüşə gətirildiklərini deyib. Beləki müəllimlərə əvvəlcə rayon təhsil şöbəsindən yoxlama gələcəyini bildirib toplantıya dəvət ediblər. Akif Nəsirli deyir ki, toplantı başlayandan sonra onların qarşısına təhsil şöbəsinin nümayəndələri yox, YAP-ın namizədi Ayaz Orucov çıxıb.

Məktəb direktoru Asəf Zeynalov rayon təhsil şöbəsi əməkdaşlarının həmin gün həqiqətən də məktəbə gəldiklərini, amma bu gəlişin məktəbdə yoxlamalar aparılması ilə bağlı olduğunu bildirdi.

Cəhdlərimizə baxmayaraq nə namizədin özü, nə də onun vəkillərilə danışa bilmədik. Onun namizədliyi qeydə alınana qədər çalışdığı Fonddan müavini Telman Babayevlə də danışdıq. Ayaz Orucovun özü və ya vəkilləri ilə danışıb bizə cavab verəcəyini bildirsə də, veriliş efirə gedənə qədər bu cavabı ala bilmədik. AzadlıqRadiosu deputatlığa namizəd Ayaz Orucovun da bu məsələ ilə bağlı mövqeyini dinləməyə hazırdır.

Hüquqşünas Fuad Ağayevə görə, büdcə təşkilatlarının inzibati resurslardan istifadə yolu hansısa namizədin xeyrinə təbliğat aparması xeyli suallar doğurur və bunu DSK ciddi araşdırmalıdır. Hüquqşünas hesab edir ki, əgər həmin toplantı rayon təhsil şöbəsinin və ya məktəb direktorunun təşəbbüsü ilə təşkil edilibsə bununla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun müəyyən tədbirlər görülə bilər.
XS
SM
MD
LG