Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:50

Nuşirəvan Məhərrəmli: «Baxım sonra ...»


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
“Azadlıq” qəzetinin sabiq direktoru Azər Əhmədovla bağlı videogörüntü oktyabrın 25-i səhər tezdən “Lider” televiziyasında anons olunub və axşam saat 19-da efirə gedən “Səda” informasiya proqramında yayılıb.

13 gün əvvəl internetdə yayımlanan bu görüntünün indi hansı zərurətdən efirə verildiyini öyrənmək istəsək də, Lider TV-dən suallarımıza cavab verən olmadı. Müraciət etdiyimiz proqram və xəbər redaktorları məsələni şərh etməkdən imtina etdilər. Sadəcə bildirildi ki, anons verilibsə, həmin veriliş deyildiyi vaxt efirdə gedəcək.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də məsələyə münasibət bildirməyib. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, həmin verilişə baxmadığından məsələyə münasibət bildirməkdə çətinlik çəkir:

“BAXIM SONRA MÜNASİBƏT BİLDİRƏRƏM”


“Mən bütün günü görüşdə olmuşam və heç bir verilişə baxmamışam. Ona görə də baxmadığım veriliş haqqında bir şey deyə bilmərəm. Baxım sonra münasibət bildirərəm”.

Zeynal Məmmədli
Teletənqidçi Zeynal Məmmədli hesab edir ki, bütün məsələlər kənara qoyulsa belə, qadının sifətinin tanınan formada göstərilməsi media ilə bağlı bütün etik normalara ziddir.

“Bu, qadına münasibətdə birbaşa insanların özəl həyatına müdaxilə və biabırçı bir haldır. Siyasi baxımdan da bu qara piardan başqa bir şey deyil”

“TELEVİZİYA CİDDİ CƏZALANDIRILMALIDIR”


Zeynal Məmmədli bildirir ki, erotik və pornoqrafik görüntüləri xüsusən də gündüz saatlarında və hər hansı kod olmadan yaydığına görə, Lider TV ciddi cəzalandırılmalıdır:

“Televiziyada açıq-saçıq görüntülərin verilməsi bu məsələləri tənzimləyən Azərbaycanın bütün qanun və normalarına uyğun gəlmir. Bu görüntüləri verdiyinə görə, Lider televiziyası mütləq cəzalandırılmalıdır”.

“BU, İCTİMAİ ƏXLAQA ZİDD MƏSƏLƏDİR”

Media Hüquqları İnstitutu da televiziyadan bu kimi görüntülərin yayımlanmasını ictimai əxlaqa zidd məsələ sayır. İnstitut rəhbəri Rəşid Hacılı hesab edir ki, Milli Televizya və Radio Şurası bu məsələyə dərhal münasibət bildirməlidir:

“Teleradio Şurası həmişə televiziyalarda azyaşlıların tərbiyəsinin və ictimai əxlaqın qorunmasından, guya belə məsələlərə xüsusi diqqət yetirdiyini zaman-zaman açıqlayır. Bu məsələyə də öz qiymətini verməlidirlər”.

“MİLLİ DƏYƏRLƏRİMİZƏ UYĞUN DEYİL”

Eldəniz Quliyev
Azərbaycan Ziyalılar Hərəkatının lideri Eldəniz Quliyev bunu siyasətdə yavaş-yavaş özünə yer almağa başlayan qara piar adlandırır. Onun fikrincə, bu cür siyasi texnologiyadan istifadə edənlər son nəticədə bumeranq effektini yaddan çıxarmamalıdırlar:

“Lider televiziyası bir neçə ildir ki, belə şeyləri davam etdirir. Mən hesab edirəm ki, bu, bizim nə mental şüurumuza, nə də milli-mənəvi dəyərlərimizə uyğundur”.

Lider televiziyasında yayımlanan videogörüntünün sonunda aparıcı onu da bildirdi ki, İrandan göndərildiyi bildirilən həmin videogörüntülər “Yeni Müsavat” qəzetinə verilib və qəzet də həmin görüntüləri müxtəlif internet şəbəkələrinə yayıb.

Amma “Yeni Müsavat” qəzetindən məsələyə hər hansı münasibət bildirmək istəmədilər.

Bu il oktyabrın 12-də internetdə Azər Əhmədovun bir qızla intim münasibətlərini əks etdirən videogörüntü yayılıb.

Nəzər yetir:

Seçkiqabağı növbəti qara piar
XS
SM
MD
LG