Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:37

Əsgər ailələri hökumət binası qarşısında etiraz edib


Son aylar müəmmalı qətllər və zorakılıqlara görə Ermənistan ordusunda vəziyyət bu ölkədə ciddi müzakirə mövzusudur
Son aylar müəmmalı qətllər və zorakılıqlara görə Ermənistan ordusunda vəziyyət bu ölkədə ciddi müzakirə mövzusudur
Ermənistanda hərbi xidmət dövründə həlak olmuş əsgərlərin valideynləri noyabrın 4-də hökumətin binası qarşısına toplaşaraq övladlarının ölümünün səbəblərinin araşdırılmasını tələb ediblər.

Ermənistanda siyasi məhbus hesab edilən Vardqes Qaspari də aksiyaya qoşulub. Hökumət binasının girişində yerə uzanan Qaspari «Orduda, polisdə, saxlama müəssisələrində xüsusilə siyasi məhbuslara zorakılığa və işgəncələrə son qoyulsun!» yazılmış plakat tutub.

Yaxınlıqdan keçən Yerevan meri Qaqik Beqlaryan yerə uzanan adamın kim olduğunu soruşub. Onun yanındakı polis əməkdaşı isə söz verib ki, tezliklə həmin adam oradan uzaqlaşacaq.

UŞAĞI ƏZİK-ƏZİK EDİBLƏR


Sonra aksiya iştirakçıları merə yaxınlaşıb övladlarının ölümünün araşdırılmasını xahiş ediblər.

Elə dünən – noyabrın 3-də Ermənistan ordusunda daha bir əsgərin döyülərək xəstəxanaya düşməsi haqqında məlumat yayılıb.

18 yaşlı əsgər Erik Qriqroyan keçən həftənin sonunda Yerevandakı xəstəxanaya aparılıb. Onun burnu sındırılıb və başqa ağır bədən xəsarətləri alıb.

Atasının AzadliqRadiosunun erməni xidmətinə dediyinə görə təzə əsgərliyə aparılan oğlunu Yerevan yaxınlığında olan hərbi hissə komandirinin müavini döyüb:

Ermənistan sülhməramlıları, 2009
«Deyilənə görə, oğlum səhər vaxtında oyanmayıb, ona görə döyülüb. Amma faktiki olaraq, uşağı əzik-əzik ediblər».

ƏSGƏRİ DÖYƏN ZABİT HƏLƏ SAXLANMAYIB

Atası bildirir ki, zabit onun oğlunu başqa əsgərlərin gözləri qarşısında dörd saata qədər döyüb. Əsgər yoldaşları bunun qarşısını almağa qorxublar.

Müdafiə Nazirliyi bu işlə bağlı cinayət işi açıldığını bildirib. Amma əsgəri döyməkdə ittiham olunan zabit hələ saxlanmayıb.

Rəsmilər həmin zabitin bu yay başqa bir əsgəri də döyməsinə görə yaxınlarda məhkəmə qarşısına çıxarılacağını bildirib. Bu, ittihamla onu iki ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Amma adı əsgər döyməkdə hallanan zabit hələlik həbs edilməyib.

Müdafiə Nazirliyi bildirib ki, o, sonuncu döyülmə hadisəsinə görə də günahkar bilinsə, məhkəməyə qədər həbs ediləcək.

Son aylar müəmmalı qətllər və zorakılıqlara görə Ermənistan ordusunda vəziyyət bu ölkədə ciddi müzakirə mövzusudur.

SARKİSYAN MÜXALİFLƏRİ İFTİRADA SUÇLAYIB

Bu yaydan başlayaraq tez-tez əsgərlərin, zabitlərin özlərini asmaları, qətlə yetirilmələri, zabitlərin əsgərləri təhqir etmələri barədə məlumatların arası kəsilmir. Müdafiə Nazirliyi və ordu komandanlığı cəmiyyəti əmin etməyə çalışır ki, zorakılıqlara son qoyulması üçün bütün mümkün vasitələrdən istifadə olunur.

Seyran Ohanyan
İki gün əvvəl Müdafiə naziri Seyran Ohanyan yaxınlarda müəmmalı şəkildə qətlə yetirilmiş iki əsgərin valideynləri ilə görüşündə bir daha vətəndaşları inandırmağa çalışıb ki, rəhbərlik bu cür halların qarşısını almaq üçün ciddi tədbirlər görür.

Rəsmilər orduda qətllərlə bağlı hazırda iki zabit və doqquz əsgərin istintaq altında olduğunu bildirirlər. Keçən ay iki əsgərin təhqir edilməsini əks etdirən videonun internetdə yayılmasına görə daha bir zabit həbs olunub.

Oktyabrın sonunda bu mövzuda suallara cavabında prezident Serj Sarkisyan orduda bəzi çətinliklər olduğunu qəbul etdiyini deyib. Amma Sarkisyan jurnalistləri və müxalifət qruplarını da orduya iftira atmaqda ittiham edib.

Hazırda Azərbaycanda Ermənistanın altı əsgəri saxlanır. Ermənistan Azərbaycanın onları əsir götürdüyünü, Bakı isə bu əsgərlərin Ermənistan ordusundakı dözülməz şəraitə görə Azərbaycan tərəfə keçdiklərini iddia edir. Bir neçə il əvvəl də Ermənistan ordusundan qaçdığı iddia olunan bir neçə Ermənistan əsgəri Azərbaycandan üçüncü ölkələrə verilib.

İndi Ermənistanda da Azərbaycanın iki əsgəri saxlanır. Yerevan da onların Azərbaycan ordusundakı dözülməz şəraitdən qaçdıqlarını iddia edir.
XS
SM
MD
LG