Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:49

«Pozuntular ABŞ-da da olur»


Rasim Musabəyov
Rasim Musabəyov
«Mənim parlament seçkilərində qələbəm yetərincə ciddi rəqabət şəraitində baş verib. Rəsmi nəticələrə görə 18-ci dairədə təxminən 40 faiz seçici səsverməyə qatılıb. Məncə bu, o qədər də şişirdilmiş rəqəm deyil».

POZUNTULAR ABŞ-DA DA OLUR

Azadlıq Radiosuna müsahibəsində 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən deputat seçilən politoloq Rasim Musabəyov belə deyib. Musabəyov seçki prosesinə bütünlükdə qiymət verməkdə çətinlik çəkdiyini deyib:

«Mən dünən məntəqələrdə olmamışam. Ona görə ümumi proseslə bağlı hər hansı fikir səsləndirə bilmərəm. Ancaq seçildiyim dairənin məntəqələrdəki müşahidəçilərim bildirirdilər ki, səsvermə prosesində pozuntular olub. Rəqiblərimin tərəfdarları məntəqənin qarşısında dayanıb anti-təbliğatla məşğul olub, kimlərsə insanları kütləvi şəkildə səsverməyə gətirib, kimlərsə qutulara topa bülletenlər atmağa cəhd edib. Ancaq bu seçki pozuntuları təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində baş verir. 13 il öncə mən böyük demokratiya təcrübəsi olan ABŞ-da seçkiləri müşahidə edirdim. Hyustonda bir nəfər bir neçə bülleteni qutuya atarkən yaxalanmışdı».

«17 SAYLI DAİRƏDƏ SEÇKİ OLMAYIB»
Qənimət Zahid


17 saylı Yasamal Seçki Dairəsindən namizəd Qənimət Zahid deyir ki, 7 noyabrda 17-ci dairədə seçki olmayıb:

«Bu, əsl rüsvayçılıq idi. Bütün ölkə üzrə seçkilər ən biabırçı şəkildə saxtalaşdırıldı. Açığı seçki prosesinin bu qədər qabalıqla, zorakılıqla həyata keçiriləcəyini gözləmirdik. Güman edirdim ki, hakimiyyət seçkini daha zərif texnologiyalardan yararlanaraq saxtalaşdıracaq. Ancaq seçki günü çox böyük vəhşiliklərin şahidi oldum».

Qənimət Zahid bildirir ki, dairədə karusel əməliyyatı ilə nəticələr hakim partiyanın namizədinin xeyrinə saxtalaşdırılıb:

«Ölkənin müxtəlif tərəflərində yaşayan siyasi aşağı keyfiyyətli insanların cəlb olunması yolu ilə karusel əməliyyatlarının təşkili məni çox mütəəssir etdi. Azərbaycan hakimiyyəti özünün siyasi texnologiyalarında bu keyfiyyətli insanlara üstünlük verir, bu texnologiyalara əl atırsa, bu hakimiyyətin özünün keyfiyyəti haqda fikir yürütmək mümkündür. Azərbaycan Parlamentinin sifəti də bu texnologiyalara uyğundur».

İÇKİLİ MÜŞAHİDƏÇİ MƏNTƏQƏDƏ NECƏ OTURDU?


85 saylı Şamaxı Seçki Dairəsindən namizədliyini vermiş «Vəhdət» partiyasının sədri Tahir Kərimli seçkilərin gedişi və nəticələrindən narazı qalanlardan oldu. Tahir Kərimli AzadlıqRadiosuna müsahibəsində bildirib ki, seçkilərlə bağlı şikayət ərizəsi hazır etsələr də, DSK-dan qərarın surətini ala bilmədikləri üçün MSK-ya təqdim edə bilməyiblər:

Tahir Kərimli deyir ki, 85 saylı Şamaxı seçki dairəsində qanunsuzluqlar seçki qabağı təşviqatda da özünü göstərib, onun əleyhinə çoxlu əməliyyatlar edilir, təzyiqlər olunurdu:

Tahir Kərimli
«Şamaxı camaatı açıqdan-açığa Elxan Süleymanovun seçilməyini istəmirdilər. Onun seçilməsi üçün icra başçısı və yaxınları çoxlu qanunsuzluqlara əl atırdılar. «Karusel» əməliyyatı, komissiya üzvlərinə, müşahidəçilərə təsir, zorakılıqla səs verməyə məcburiyyət halları baş alıb gedirdi. Hətta “karusel” əməliyyatında iştirak etməkdən əhali boyun qaçırırdı. 7 nömrəli seçki məntəqəsindən Elxan Süleymanovun lehinə əvvəlcədən hazırlanmış 17 bülleten tapmışıq və hazırda əlimizdə fakt olaraq saxlayırıq. Quşçu kəndində və digər məntəqələrdə də bu hallar baş verib».

Tahir Kərimli Şamaxının Göylər və Məlikçobanlı kəndlərində müşahidəçilərinin döyülməsi faktının da olduğunu iddia edir. O, bildirir ki, Göylər kəndində bir məntəqədə onun müşahidəçisinə icra nümayəndəsinin qohumu içkili halda fiziki təzyiq göstərib.

Tahir Kərimlinin bu iddialarına cavab olaraq 85 saylı Şamaxı DSK-nın sədri Vahid Xanəliyev bildirdi ki, bu fikirlər tam əsassızdır:

«Bu seçkilərin tam demokratik şəkildə keçirilməsi barədə 63 seçki məntəqəsindən 500 nəfər müşahidəçinin, 25 nəfər beynəlxalq müşahidəçinin rəyi var. Döyülmə faktına dair onun müşahidəçisi ilə bağlı akt tərtib olunub. Məlikçobanlı kəndinin 19 saylı məntəqəsinə Tahir Kərimlinin müşahidəçisi içkili halda daxil olub, orada oturanları təhqir edib. Bununla bağlı akt tərtib etsək də, seçkinin gedişatına mane olmamaq üçün o adamın müşahidəsini davam etdirməyə izn verdik. Əslində onların məqsədi bunu etməklə seçki prosesinə mane olmaq idi. Tahir Kərimlinin adamları seçki qabağı təşviqatda da seçki nəticələrini onun xeyrinə dəyişmək məqsədilə Elxan Süleymanovun əleyhinə mənbəyi məlum olmayan, insanın şərəf və ləyaqətini təhqir edən məlumatlar yayıb. Bu isə Seçki Məcəlləsinə ziddir və bununla bağlı DSK-nın qərarı olub və ona çatdırılıb».

«NƏTİCƏNİ CİDDİ RESURSLAR OLMADAN ƏLDƏ ETMİŞƏM»
Erkin Qədirli


16 saylı Yasamal Seçki Dairəsindən parlament üzvlüyünə namizəd Erkin Qədirli bildirir ki, seçkidən gözlədiyi nəticəni əldə edib.

«Rəsmi nəticələrə görə mən ikinci yerdəyəm. Bu nəticəni ciddi maliyyə resursları, təbliğat imkanları olmadan əldə etmişəm. Ancaq bu, heç də 7 noyabr seçkilərinin demokratik, şəffaf keçməsi anlamına gəlmir. Seçki günü bir sıra qanun pozuntuları ilə yadda qaldı. Çox kobud pozuntular baş verdi. Bizim məşvərətçi səs hüquqlu komissiya üzvlərini digər komissiya üzvləri ilə oturmağa qoymadılar, onlara müşahidəçilərin yanında yer verdilər, vətəndaşların şəxsiyyət vəsiqələrinə baxmalarını, bülletenləri saymalarını əngəllədilər. Sonda da səsverməyə gələn insanlarla qutudan çıxan bülletenlərin sayı arasında kəskin fərq yarandı. Bəzi məntəqələrdə bu fərq 250-300-ə qədər yüksəldi».

Erkin Qədirli deyir ki, Azərbaycanda seçki prosesinin ciddi çatışmazlıqlarından biri seçicilərin yetərincə yetişkən olmamasındadır:

«Seçicilər ideoloji deyil. Bu, siyasətçi üçün böyük problemdir. Çünki seçkiyə siyasi gündəliklə gələn siyasətçi öz mesajlarını dəqiq müəyyənləşdirə bilmir. Budəfəki seçki mənim üçün bir sınaq idi. Mənim mesajlarım akademik çevrəyə yönəlmişdi. Çox güman, aldığım səslərin çoxu elə həmin çevrədəndir. Görünür, bu çevrə hələlik o qədər də böyük deyil».

SEÇKİNİ BURADA ŞƏRH EDİN
XS
SM
MD
LG