Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:34

Müxalifət bacaracaqmı?


Əli Kərimli
Əli Kərimli
MÜXALİFƏT NƏTİCƏLƏRİN LƏĞVİNƏ ÇALIŞACAQ

Müxalifət qüvvələri parlament seçkilərinin nəticələrinin ləğvi və yenisinin keçirilməsi üçün ardıcıl mübarizə aparacaq. Bu məqsədlə onlar ümumxalq hərəkatı təşkil etmək niyyətindədirlər.

Noyabrın 10-da bir qrup müxalifət partiya və birliyinin imzaladığı birgə bəyanatda belə deyilir. Bəyanata Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Vətəndaş Hərəkatının həmtəsisçisi İlqar Məmmədov, AMİP-in baş katibi Arzuxan Əlizadə, Xalq Partiyası adından Pənah Hüseyn, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev qol çəkiblər.

Sənəd açıqdır, başqa siyasi qüvvələr də ona qoşula bilər.

Bəyanatda deyilir ki, yeni situasiya yaranıb - real müxalifətin parlamentdə təmsil olunmasının qarşısı alınıb. Bu durumda müxalifət üçün prioritet ümumxalq hərəkatı təşkil etmək, demokratik qüvvələrin və onların sosial bazasının inteqrasiyası, siyasi fəallığın yüksəldilməsi olacaq.

«İLHAM ƏLİYEV PƏHLƏVİNİN YOLUNU GEDİR»


AXCP sədri Əli Kərimli:

«Bizim ümumi qənaətimiz budur ki, bütün siyasi qüvvələr keçmişdəki siyasi münasibətlərindən asılı olmayaraq bu seçkilərin nəticələrinə hamılıqla qiymət verməlidir. Ölkədəki siyasi vəziyyəti dəyişməkdən ötrü böyük vətəndaş hərəkatına, Azərbaycanın hər bir vətəndaşının bu prosesdə iştirakına ehtiyac var. Biz hesab edirik ki, bu seçkilərin bu qədər anti-demokratik keçirilməsi cəmiyyəti silkələməlidir. Və Azərbaycanda demokratik seçkilərə nail olmaq yolunda təkan verməlidir».

İlqar Məmmədov
REAL-ın həmtəsisçisi İlqar Məmmədov isə Azərbaycan prezidenti İlham Əliyevin İran şahı Pəhləvinin yolu ilə getdiyini bildirdi. O parlament seçkiləri günü diqqəti yayındırmaq üçün Azərbaycan hərbçisi Mübariz İbrahimovun dəfninə də diqqət çəkdi:

«Hərbi mərasim alınmadı. Azərbaycanın hərbi və daxili işlər naziri kütlənin əlindən qaçırdılar. Tamam başqa kütlə hakimiyyəti ələ aldı. Bu, Azərbaycanın gələcəyidir. Bu, hələ başlanğıcdır. Ardı pis gələcək. İlham Əliyev Pəhləvinin yolunu gedir. Azərbaycanda İran ssenarisinin təkrarlanma ehtimalını noyabrın 7-də bir də gördük».

BEYNƏLXALQ QURUMLAR YOX, CƏMİYYƏT ÖZÜ HAQQINI ALMALIDIR

Müsavat başqanı İsa Qəmbər isə bildirdi ki, beynəlxalq qurumlar və ABŞ-ın Dövlət Departamenti seçkilərlə bağlı mövqeyini birmənalı şəkildə açıqlayıb:

«Amma görünür, Azərbaycan hakimiyyəti o aydın mövqeyi başa düşmək istəmir. Ona görə də beynəlxalq təşkilatlar siyasi sənədlərinin dilini bir qədər də aydınlaşdırmalıdırlar ki, bizim hakimiyyət özünü başa düşməzliyə qoya bilməsin. Eyni zamanda, biz özümüz xalqımızla bir yerdə demokratik dəyişikliklərə nail olmalıyıq və olacağıq».

ƏLİ HƏSƏNOV: «ONLARIN NARAZILIĞINI NORMAL QİYMƏTLƏNDİRİRİK»

Əli Həsənov
«Amerikanın səsi» radiosuna müsahibəsində Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bu haqda deyib:

«Uduzan partiyanın seçkiyə belə münasibəti təəccüblü deyil. Azərbaycandakı builki seçkilər bütün əhalinin etimadını qazanıb. Ona görə də parlamentə düşə bilməyən bu siyasi qüvvələrin narazılığını normal qiymətləndiririk...».

Əli Həsənov həmçinin deyib ki, yeni parlamentdə də hakimiyyətin siyasi kursuna müxalif olan yetərincə qüvvə var.

İMİTASİYA, YOXSA BAŞLANĞIC?


Politoloq Zərdüşt Əlizadə isə müxalifətin bu bəyanatının elə bəyanat olaraq da qalacağını düşünür. O xatırlayır ki, 1990-cı il parlament seçkilərindən sonra da müxalifət alternativ Ali Sovet yaratmağı planlaşdırırdı. Amma bu alınmadı. Əlizadənin qənaətincə, son 17 ildə müxalifət sadəcə imitasiya ilə məşğuldur.

«Demokratiyanı Öyrənmə» İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov isə pessimist deyil. O müxalifətin bir araya gəlməsini müsbət qiymətləndirir. Hesab edir ki, başqa müxalif birliklərin də bu bəyanata qoşulması səmərəli olardı:

Mirəli Hüseynov
«Amma “bu birlik nəyisə dəyişə bilərmi” sualına gəlincə, hesab etmirəm ki, nəticələrə təsir göstərəcək. Azərbaycan parlamenti çox güman ki, elə bu tərkibdə, bəlkə cüzi istisnalarla fəaliyyət göstərəcək. Amma bu birlik ölkədə siyasi proseslərin başlanmasına təkan,siyasi qüvvələrin konsolidasiyasına səbəb ola bilər. Ona görə bunu müsbət dəyərləndirirəm».

SİYASİ İRADƏ ORTADADIR

AzadlıqRadiosu isə bəyanata imza atan partiya sədrlərinə belə sual vermişdi ki, az qala hər seçkidən sonra müxalifət buna bənzər bəyanatlar səsləndirib. Amma orda səslənən fikirlər az sonra da unudulur. Bu dəfə nəticələrin ləğvi və ümumxalq hərəkatının başlanması üçün hansısa planları varmı?

Əli Kərimli cavabında deyib ki, bu günə mövcud olan siyasi iradələridir. Qərar verilib ki, artıq mübarizə seçkidən-seçkiyə aparılmasın. Onun sözlərinə görə, siyasi azadlıqların təmin olunması üçün ciddi mübarizəyə başlamaq fikrindədirlər.
XS
SM
MD
LG