Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Tehran Əlişanoğlu. Açması: Nərmin Kamal


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu
Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Nərmin Kamalın "Aç, mənəm" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Nərmin Kamalın “Aç, mənəm” romanının bugünlü ədəbiyyatımızda yeri barədə yüksək fikirdəyəm.

“Ən yeni ədəbiyyat” seriyasından ən yeni romanı ən nəhayət oxuduq deyənlərlə də razıyam.

Roman yayılır, oxunur; oxucu auditoriyalarına təzə nəfəs, duyum, düşüncə gətirir; oxucu baxışlarını dəyişməyə yönəli cidd-cəhdlər aşkardır...

Çox uzaq görünsə də, bu (yəni epoxal dəyişmə) baxım(ın)dan “Aç, mənəm”in effektini nəsrimizdə bircə Anarın 40-45 il öncəki “Ağ liman”ı ilə müqayisə etmək olar; biri ekzistensial fəlsəfə zəminində, digəri postmodern...

Amma eyni zamanda bu fikirdəyəm ki, romanı yazırkən Nərmin Kamal bir az tələsmiş, tələsgənliyə uymuşdur.

Amma eyni zamanda bu fikirdəyəm ki, romanı yazırkən Nərmin Kamal bir az tələsmiş, tələsgənliyə uymuşdur. Azca bişirsəydi, daha sanballı mətn ortaya qoya bilərdi; bir əvəzinə bəlkə də ikisini...

Postmodern qaydalarla ərsəyə gəlməmiş mətndə postmodern aramaq (necə ki, Nərmin Aqşinin, Pərvizin romanlarına yanaşır) həmin qaydaları rəhbər tutan mətni (deyək, “Aç mənəm” romanını) çözməkdən çox-çox rahatdır.

Nəzəri bilikləri Nərmin Kamalın bədii təfəkkürünə tam işləməkdənsə, daha da əngəl olur. Amma bu elə bir naxışdır ki, çox keçməz, əksinə, dərinliyin və kamilliyin rəhninə çevrilər zənnindəyəm.
Azca bişirsəydi, daha sanballı mətn ortaya qoya bilərdi; bir əvəzinə bəlkə də ikisini...

Nərmin Kamal bugün bizdə postmodernizmi bir platforma olaraq qəbul edib, onu nəzəriyyədə və praktikada ardıcıl yeridən, bu barədə açıq bəyanatlar verən bəlkə yeganə birisidir; o, nəinki postmodern haqda danışır, yazır, onu azartla izah və şərh eləyir, eyni inadla postmodernə qarşı çıxanlara qarşı durur: “görəsən, niyə biz ədəbiyyatçılar klassisizmə on əsrdən çox dözdük, modernizmi qafamızda dörd əsr – yəni yetərincə çox saxlayıb da çölə atdıq, ancaq postmodernizmə əlli-altmış il ömür sürəci qıyırıq...

Yaxşı olar ki, buraxaq o da bütün rakurslar kimi öz ömrünü rahat, doya-doya yaşasın...” (Tənqid.net jurnalı, 2006, № 1; s. 152)

“Aç, mənəm” şəksiz, postmodern dünyagörüşün ortaya qoyduğu bir mətndir.

Yazıçının nə zamandır israrla özgə mətnlərində aradığı (ya bəlkə də oxucunu bilərəkdən hazırladığı) həmin o postmodernizmin əyaniliyi budur, qarşımızdadır.

Amma buradaca bildirməliyəm, postmodern qaydalarla ərsəyə gəlməmiş mətndə postmodern aramaq (necə ki, Nərmin Aqşinin, Pərvizin romanlarına yanaşır) həmin qaydaları rəhbər tutan mətni (deyək, “Aç mənəm” romanını) çözməkdən çox-çox rahatdır.

Çünki orda mətnə (postmodern) yanaşmanı sən təklif edirsən və ölçüyə (postmodernə) gəldiyi qədər bəhrələnirsən; nə qalırsa nəzərdən (postmoderndən) kənardır, kimindirsə (deyək, klassik ölçülərə aiddir) qayğısına da qalsın.

Postmodern mətn oyun qaydalarını özü təklif edir sənə; oynaya bildiyin qədər (peşəkar, ya profan) oynamalısan, ya da eləcə toxunmayıb, bir kənarda, klassikanı-klassifikasiyanı (o sıradan postmoderndə) durulanacan gözləməlisən.

Zira gec-tez hər hansı “-izm” klassik ölçülərin (sənət həqiqətinin) bir olduğu yerə gəlir...

“Azadlıq radiosu” təklif elədi və mən hər halda oynamağı qərar verdim.

Nərmin Kamal nəşrə yazdığı ön sözdə “Aç, mənəm”i (Bakı, “Qanun”, 2010) oxucularına hekayələr romanı kimi tanıdır (müqayisə çox olmasın: vaxtilə “Ağ liman” da ədəbiyyatımıza hekayələr romanı kimi girmişdi; görünür, yeni dünya duyumunu hissələrindən bütövləşdirmək daha əlverişlidir); qəhrəmanı Azərbaycan haqqında, onun həyatı, taleyi, günü-gündəliyi-güzəranı barəsində qırx hekayə, tarixçə, oçerk, düşüncə, feildən (əməldən) ibarət bir mətn.

Yazıçı önsözdə hətta romanın mündəricəsini də qısaca nəql edərək, elə bil oxucuya sırf mətnlə üzbəüzlükdən savayı nəsə saxlamaq istəmir; zira “kitabın oxucularda təəssürat yaradacağına” əmindir.

Belə ki, təəssüratdan başlamalı.
Doğrudan da, roman hər şeydən öncə işığı ilə alır səni; 40 rəqəmi sanki ağırlıq gətirməlidir: balaca bir mətndə qırx əhvalat, hadisə, süjet, üstəlik diqqət eləsək, hamısının da münədəricəsi fəc`i, qəmgin, problematik.

Gəl ki, roman işıqlıdır: mətnə (mətni) daxil edib də yükləmir səni çox, eləcə işığa tutur hadisələri, hadisələrə münasibəti, bir az da sənin münasibətinə yer qoyur; hətta azca güldürmək də istəyir, məqam-məqam elə güldürür də; nəticədə ağırlıq mətndə, izi-təpəri-enerjisi isə içimizdə qalır...

İşıqlandıqmı; nədən, Azərbaycandanmı, durumundanmı, ya gözəgörünməz daha nədənsə, nələrdənsə?

Postmodern mətn oxucuya instruksiya verir; söhbət kitaba önsözündən getmir, yox, bir müsahibəsində yazıçının qeyd etdiyi kimi: bu – qabıqdır, sonrakı nəşrlərdə olmaya da bilər.

Roman “Açmaq” fəsli ilə başlayır; əslində, bu bir çox məşhur postmodern romanlarda olan “Önsöz”, “Giriş”, “Müqəddimə” tipli açar-instruksiyalar əvəzi düşünülmüş, eyni zamanda feil (fəndmi, hiyləmi) olaraq mətnin birbaşa, üzvi hissəsi kimi yer almışdır.

Həmin fəsildə, həmçinin “Qurtulmaq” fəslində roman oxucuya mətni necə qavramaq yolunu göstərir.

Hətta ən son, bir neçə cümləlik “Soruşmaq” bəndini də instruksiya qəbilindən saymaq olar: “Bəlkə siz də onu tanıyırsınız?

Tanısanız, bəlkə siz də mənə onun haqqında öz xatirələrinizi danışarsınız? Ona hansı adlarla, daha hansı həyatlarında rast gəlmisiniz?”

Əslində, bu eynən “Açmaq” fəslindən alınmış bir passajdır; mətnə açılan instruksiya mətndən kənara da yönəlir.

Üstəlik, bütün bu yolgöstəriciliyini az bilib, müəllif nəşrə önsözündə oxucusuna daha bir mesaj buraxır: “Darıxmaq hekayəsinin sonunda isə elə təsəvvür yaranır ki, bütün bu hekayələri qəhrəmanın fotosuna baxan ayrı-ayrı adamlar deyil, romanın qəhrəmanı olan Azərbaycanın özü danışır...”

Postmodern romanlarda adətən bir qarmaqarışıqlıq-nizamsızlıq obrazı olur; instruksiya da bu qarışıqlıqdan çıxmaq üçün oxucuya ipucudur; yəni baxın-ha, bu eləcə kortəbii qarmaqarışıqlıq deyil, onun obrazıdır, nizamsızlığın diktə etdiyi nizam var burda.

Belə çıxır ki, Nərmin Kamal postmodern şərtə gərəyindən də artıq sadiqdir; bir gör “Aç, mənəm”də nizamsızlıq nə çoxdur ki, dörd dəfədən (“Açmaq”, “Darıxmaq”, “Qurtulmaq”, “Soruşmaq”) onu nizama gətirməli, düzənləməli olur.

Nizamsızlıq çoxdursa, deməli, deyiləsilər, daha doğrusu, deyilə (mətnləşə) bilməyəsilər də çoxdur.

Postmodernizm fəlsəfəsindən yaxşı bildiyi xaosmos anlamını (nizamsızlığın obrazı, uyarılması, hesaba-nizama alınması) Nərmin Kamal bədiiyyata da gətirmək istəyir; və yazıçının cəhdinə önəm verməliyik, o bunu xeyli qədər istedadla edir.

Əvvəla, N.Kamal günün yazarıdır və güclü postmodern duyuma malikdir; bircə elə Azərbaycanın birinci keçmişi barəsində hekayət (“Ayrılmaq”, “Darıxmaq”, “Öldürmək”, “Gəzmək”, “Atmaq”, “Qurtulmaq”) nəyə desən dəyər; qəhrəman (Azərbaycan) və onun ətrafında olan Azərbaycan nizamsızlıq içindən elə hey boy verir, çizgilər göstərir, birini silib də, özgə çizgilər alır və s.

Qoy müəllif “rəml” atmadığını, “rəmz” yozmadığını, ölkə Azərbaycandan danışmadığını desin; bunun növbəti ipucu olduğunu bilməyə nə var: rəml atmadın, rəmz yozmadın, bəs bu qarşımızdaca əyaniləşən Azərbaycan obrazı haradan çıxdı?!

Sonrakı əksər (müstəqim) hekayələrdə də postmodern duyum sərrast işləyir...

Nərmin Kamalın postmodern maarifçilik yolunda fədakarlığı danılmazdır, - dedik; az qala postmoderndə elə bir postulat, qayda, ölçü yoxdur ki, bu balaca romanda yer, tətbiq, gerçəkliyini aramasın-tapmasın.

Məzmun planında: amansız postmodern ironiya (məsələn, “Axtarmaq”, “Çimmək”), gerçəklərin təklif etdiyi absurd-qrotesk (“Satmaq”, “Yatmaq”, “İtirmək”, “Tələsmək”, “Susmaq”, “Savaşmaq”, “Yalvarmaq”), gerçəkçi fantaziya (“Ağrımaq”, “İşləmək”, “Unutmaq”, “Keçmək”), postmodern nağıl – mentalitet məzəsi (“Üzmək”, “Arzulamaq”, “Baxmaq”, “Çıxmaq”, “Tanımaq”, “Bilmək”, “İnanmaq”, “Gözləmək”, “Böyümək”, “Qocalmaq”), sitat (“Gülmək”- sanki Haqverdiyevin “Çeşməy”ini təzələyir); məzmunca, yaxud formal daxil edilən qurama, səthi süjetlər də yox deyildir (“Yanmaq”, “Uydurmaq”, “Xatırlamaq”, “Yemək”, “Qorxmaq”, “Danışmaq”), amma ümumi ansamblda oxunur.

Forma planında: oxucu ilə birbaşa dialoqa, kontakta cəhd, 40 hekayə modelində saysız sayda açıq mətn yaratmağa işarə; bəzən süni görünsə də eyni bir obrazın (“Onun bədənində narın, çox xırda qəhvəyi xallar var idi. Sanki bir qab quş yemini götürüb üstünə səpmişdilər”) növbənövlükdə məxrəci saxlaması və s.

Əlbəttə, bütün bunları sadalamaqla elə bir kəşf eləmirəm, müəllifin nəşrə önsözündə oxucuya vəd verdiklərini: “məzmunda çoxlu hadisələr, əyləncəvilik, fəlsəfilik, günümüzün gerçəkləri və absurd, dinamik sosial və psixoloji süjet”, “formada Şərqin mətn içində mətn, qərbin açıq roman ənənələri” (!) – sadəcə hekayələrin adını çəkməklə konstatasiya edirəm.

C.Yusifli romanda stilizə görür (U.Eko, M.Paviç), H.Herisçi burda Məhəmməd Əsəd bəyin izini axtarır; hərə oxuduğundan, mən də O.Pamukun “Gizli üz”ünün, H.Herisçi təhkiyəsinin havasını bəzi məqamlarda duyuram; böyük maarifçilik işi görən əsərdə müəyyən sızmalar, “özgə təcrübəsi”nin təsiri olmasa, təəccüblü olar.

Nərmin Kamal
Amma burda kəşflik başqa bir məqam var: yazıçının bədii idrak zəminində 40 feilə (hərəkətə, əmələ, fəndə, hiyləyə) üz tutması; az qala mentalitetə çevrilmiş ətalət, hərəkətsizlik durumu (Sabiri, Mirzə Cəlili yada salaq) və milli dilin özəlliyini verən feillər (hərəkət halı) arasında mənalar (mənasızlaşma) oyunu; dil fəlsəfəsindən idrak fəlsəfəsinə! – tamamən postmodernə yaraşan bir mövzu: “Onun çoxlu keçmişləri pərdə-pərdə açıldıqca həyatlar, hekayətlər, hadisələr gizlilikdən qurtuldu. Feillər muxtar oldu...”

Mənə görə, 40 hekayə formatında qarşımızdakı mətnin uğuru daha potensialdır; mərkəzi mövqedə (“instruksiya”) “Qurtulmaq” fəsli olmaqla: “Qollarını yanlara geniş açdı. Əllərini, ayaqlarını hara, hansı tərəfə istəsə tərpədə bilərdi.

Eynilə, həyatını da...” Eninə nə qədər açsan, açılası bir mətn. Əvvəlcədən vurğuladığım “iki kitab”dan birisi elə budur: Azərbaycan haqqında postmodern hekayələr toplusu!

Romana çevrilmədən də eləcə bestsellerə çevrilə biləsi bir kitab; fəlsəfəsi də içində: “Gördüm ki, cənnətlə cəhənnəm iç-içədir. Gördüm ki, insan bir özgəsinə çevrilə bilər, özgələr insanın özüdür... İnsanın tam ziddi yenə onun özüdür”.

Amma axı Nərmin Kamal məhz roman yazmaq istəmişdir; “Aç, mənəm” romanını, həmin bu postmodern həqiqətləri də içinə almaqla.

Azərbaycan haqqında (ilk) hekayətində uğurla roman düşüncəsinə rəvac vermişdir də...

Doğuşundan: “Söhbət yayılmışdı ki, qəhrəmanımız Bibiheybət doğum evində dünyaya göz açanda neft fontan vuraraq xəstəxananın bir tərəfini uçurtmuş, çoxlu yeni doğulmuş körpə yeni neft quyusuna düşərək boğulmuşdu.

Xəstəxananın o biri tərəfində doğulan uşaqlar üçünsə qohum-əqrəba gözaydınlığı vermişdi: - yaxşı əlamətdi, bərəkətli, ruzili gündə doğuldu, papaqlara manatlıqlar atılmışdı...”, - ta Qətrəz adasına düşənəcən onun xətti həyatını bir daha izləmək fikrim yox.

O yerə gəlib-çıxmışdıq ki, Azərbaycan həyatında ilk cinayətə imza atıb və indi bunun fəlsəfəsi üzərində düşünür (“Qurtulmaq”)...

Amma romançı, artıq bildiyimiz kimi, buracan çox ustalıqla (özü vəd verdiyi tək: “cümlə bəzəkləri”, “bədii boyalar vuraraqdan”) gətirdiyi düz xətti heç vəchlə davam etdirmək fikrində deyil; baxmayaraq ki, bu xəttin özü postmodern təhkiyəyə layiq başdan-başa spiralvari dərinləşmələrlə elə hey şəbəkələnir; oxucunu bir Azərbaycandan o birinə (qəhrəman və ölkə) və yenə qayıdıb kəndinə qaytarır; roman düşüncəsi qlobal və lokal məkanlararası çevik gəzişir (“Darıxmaq” - “Öldürmək” - “Gəzmək”; C.Yusifli orda da haqlıdır ki, burda “zaman durbini” daha çox məkan planında sınır).

Görünür, ixtisasca fəlsəfəçi və fəlsəfi tədqiqlərinə aludə olan N.Kamal birbaşa postmodern duyuma etibar eləməyib, xaosmosu kompozision olaraq da yaratmağa girişir.

Əslində isə onu (xaosmosu) özlüyündə inkişafdan (obrazlaşmaqdan) saxlayıb, sındırmağa məşğul olur: roman strukturunu hekayəçiliyə qurban verir; roman başlanğıcının daşıyıcısı Azərbaycandır, təhkiyəni onun əlindən alıb reportaja – təhkiyəçi-müəllifə verir, bu isə daha çox publisist səciyyəlidir, mətndə romanlaşmağa nə zaman, nə də məkan tapa bilmir; odur ki, nəfəsi hekayəyə, oçerkə, esse-düşüncəyə (40 hekayə dediyimiz) ancaq çatır...

Bilirəm, filosof-nəzəriyyəçinin burda tutarğası yox deyildir; postmodern mətnlərdə həyat və bədiiyyatın eyni hüquqda bir-birinin içinə girdiyi mövqeyinə pənah apardığıdır (bu barədə artıq H.Herisçinin doğru, ya yanlış “sərbəst nəsr”ə dair mülahizələri var). Amma bu yerdə məhz “iç-içəlik”, “içinə girmə”, eyni müstəvidə-havada-sferada şəbəkələşmə məqamına diqqətli olmaq gərəkir (reportajmı, yoxsa roman; 40 hekayə formatı, ya roman?).

Görünür, romançı xeyli qədər xaosmosu idrak prinsipi olaraq yox, eləcə stixiya kimi fəhm edir; elə bu nöqtədən də Azərbaycanın həyatına sonrakı (dərininə) müdaxilələrdən qaçınıb, paralel həyatlar təsvirinə üstünlük verir; nəşrə ön sözündən də göründüyü kimi, idrak məsələlərini və ümumən bunun lüzumu kimi şeyləri isə oxucunun haqqı bilir:

“Bəs niyə o, bu həyat tərzini seçmişdi? Bunu və başqa bir çox şeyi deməyib, sizin üçün saxlayırıq”...

Doğrusu, başqa oxucularla işim yox, romançı ilə bahəm mən hələ də “Qurtulmaq” məqamında durub, Azərbaycanın nədən bu həyat tərzini seçdiyinə cavabları gözləməkdəyəm; nə qədər maraqlı, əyləncəvi, ya fəlsəfi olsalar belə, daha 40 hekayə ola, inanmıram romandan umduğuma hekayəçidən qane olam.

Nərmin Kamal
Axı bu, Azərbaycan haqqında yalnız verilmişlərdir, bu və ya digər informasiyalardır; nədən buracan uğurla həzm etdiyi verilənləri romançı daha sonra işləməkdən vaz keçir, roman düşüncəsinə hədəf eləmir?

Bir gör onun gətirdiyi məsələlər nə qədər mühüm bir nöqtəyə gəlib çıxmışdı: Azərbaycan qatil olmaya-olmaya qatildir, nədən?

Xaosmos elə burda gizlənmirmi?; görünür, romançı varmağa ürək eləməyib, burdaca dayanıb-durur: “Doğrudanmı, onun yalnız iki yolu var?!

Ya geridə qoyduğu həyatın düz xəttini davam etmək, barama qurdu kimi elə hey bu ipəyi düzəltmək, daim Sara, Aman və başqaları..., ya da ölmək”...

Aşkardır ki, hadisələrin bir düz xətt, səbəb-nəticə bağlılığında inkişafı romançını hürküdür; bir kökdən nəşətlənən və olayları bir kökə bağlayan dünya baxışı postmodernə yaddır.

Burda dərinə deyil, enə kök verən hadisələr hökmfərmadır; N.Kamalın da Eko barədə tədqiqatında geniş şərh etdiyi həmin bu çoxköklülük (rizoma) təsadüfiliyə söykənir.

Amma “Aç, mənəm”in roman strukturuna həssas olsaq, burda ilk baxışda göründüyünə rəğmən, rizomatik gəlişmə daha çox Azərbaycanın romanındadır (hər təsadüfilik bir tür həqiqətlərə açılır), nəinki hekayələrin feillərə düzümündə; ümumən götürdükdə isə roman hekayələrdə guya düzxətlilikdən yayınacaqmış kimi zahirən şaxələnməklə, əksinə düzxətliliyin əsirinə çevrilir; prinsipcə iki xəttin (Azərbaycanın romanı və təhkiyəçi-müəllifin Azərbaycan reportajları) biri digərinə girməsindən yaranır.

Hekayələrin həm də (romanın “Darıxmaq” hissəsində) Azərbaycanın dilindən söylənməsi məqamı isə (“Şərqin mətn içində mətn” prinsipimi?) sadəcə bir fərz olub rüşeym halında da qalır.

Bir sözlə, indiki halda, mənə elə gəlir ki, nəzəri bilikləri Nərmin Kamalın bədii təfəkkürünə tam işləməkdənsə, daha da əngəl olur. Amma bu elə bir naxışdır ki, çox keçməz, əksinə, dərinliyin və kamilliyin rəhninə çevrilər zənnindəyəm.

Zira bilik artdıqca bədiiyyatın gücü daha da alt qatlara çəkilir, zahiri texnikada deyil, mükəmməl işləyən texnolojidə nəşət edir. Odur ki, romanın tənqidini verən həmkarlarım kimi Nərmin Kamalın daha böyük uğurlarını hələ qarşıda bilirəm.

Deyim ki, bu, mənim Nərmin Kamalla birinci polemikam deyil; məsələn, düz beş il əvvəl uzun-uzadı yazışmalarda (bax: Tənqid.net jurnalı, №№ 1, 2, 5, 6) o, postmodernizmi bizim hamımızdan qorumağa çalışırdı; işə bax ki, indi bu zəmində onun özünü məhşər ayağına çəkməyə cürətlənirik.

Yazıda mən “Aç, mənəm” romanının işığında (!) vara bildiyim qədər mətnin həqiqətlərinə aşina olmağa, oynaya bildiyimcə oynamağa çalışdım; hara baş vurdum, hansı nöqtəyə toxundumsa, təzə yazıçı sözü-nəfəsi-mövqeyi ilə qarşılaşdım; nə bəhs açdımsa yazıçı cəsarəti-işi-hünəri ilə üzbəüz oldum; opponent və dialoqsuz da ötüşmədim, belə ki: mətndə və mətnin çevrəsində - hər yerdə üzləşdiyim Nərmin Kamal oldu.

Bu gün bəlkə yeri varsa da, daim belə olmasını istəməzdim; elə bu da yazıçının təkəbbür etdiyi iddialardandır: postmoderndə müəllif olmur, Mətn olur.
XS
SM
MD
LG