Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:39

ATƏT Ermənistana təzyiqləri artırmalıdır


Novruz Məmmədov
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Müsahibəni dərc edirik:

- Novruz müəllim, NATO-nun Lissabon sammitində qəbul edilmiş sənədlə Azərbaycanın ərazi bütövlüyünün bir daha dəstəklənməsini necə qiymətləndirirsiniz? Bu sənəd Azərbaycan diplomatiyası üçün nə deməkdir?

- NATO-nun bir neçə gün öncə keçirilmiş Lissabon sammitini beynəlxalq aləmdə baş verən çox mühüm hadisələrdən biri kimi dəyərləndirmək lazımdır. Ona görə ki, bu gün planetimizdə ən güclü siyasi-hərbi təşkilat məhz NATO-dur. Bu hərbi alyansın fəaliyyəti isə dünyanın aparıcı güc mərkəzlərinin məqsədlərinə xidmət edir. Yəni, dünyanın ən inkişaf etmiş ölkələrini – ABŞ-ı, Avropanın bir sıra güclü dövlətlərini özündə birləşdirən bu təşkilatla bu gün rəqabət apara biləcək hərbi qurum yoxdur. Bu nöqteyi-nəzərdən də NATO-nun Lissabon sammitini qarşıdan gələn illərdə bu güclü siyasi-hərbi təşkilatın fəaliyyət perspektivlərini, proqramını müəyyənləşdirən toplantı kimi qiymətləndirmək daha məqsədə uyğun olardı. Əlbəttə ki, belə bir təşkilatın ortaya qoyduğu mövqeni rəsmi olaraq təsdiqləməsi mühüm bir hadisədir.

Azərbaycanın ərazi bütövlüyünün NATO-nun bu sammitində dəstəklənməsi və təşkilatın qəbul etdiyi sənəddə təsdiq edilməsi, şübhəsiz ki, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin məntiqi nəticəsi və uğurudur.

Azərbaycan ictimaiyyəti çox yaxşı bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli Prezident İlham Əliyevin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edir. Yəni, dövlətimizin başçısı həm ölkə daxilindəki, həm də beynəlxalq aləmdəki fəaliyyətində bu məsələnin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyev fəaliyyətinin böyük bir hissəsini məhz, bu münaqişənin sülh və danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə həsr edir. Düşünürəm ki, Azərbaycanın ərazi bütövlüyünün NATO-nun sammitində dəstəklənməsi bir tərəfdən Azərbaycanın xarici siyasətinin uğurudur, digər tərəfdən isə Azərbaycanın NATO vasitəsilə Ermənistana göstərdiyi bir təzyiqdir.

- Məlum olduğu kimi, Ermənistanın prezidenti NATO-nun Lissabon sammitində iştirak etmədi. Bu ölkənin mətbuatı da Serj Sarkisyanın səhv addım atdığını yazır. Hətta, bəzi məlumatlara görə, Ermənistan rəhbəri ATƏT-in Astana sammitində də iştirakdan imtina etmək istəyir. Siz necə düşünürsünüz, belə bir səhv addımlar Ermənistan dövləti üçün hansı perspektivi vəd edir?

- Bəlkə də, bu gün Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etməmək barədə düşünür. Amma mən düşünürəm ki, hər halda o, sammitə gələcək. Çünki, dünyanın geosiyasi mənzərəsini formalaşdıran böyük sammitin davamında ikinci mühüm bir sammitdə iştirak etməmək Ermənistan prezidenti və bu ölkənin diplomatiyası üçün həqiqətən siyasi iflas ola bilər. Hesab edirəm ki, Ermənistan prezidenti ATƏT-in Astana sammitində iştirak etmək məcburiyyətindədir.
Ümumiyyətlə, bütün bunlar ondan irəli gəlir ki, Ermənistan rəhbərliyi avantürist, əsaslandırılmamış, qeyri-konstruktiv mövqelərilə özünü çətin bir vəziyyətə salıb. Ermənistan rəhbərliyi həqiqətən bu gün bu dövləti siyasi və diplomatik dalana salıb və oradan da çıxış yolu tapa bilmir.

Bilirsiniz, xarici siyasət dövlətin elə bir fəaliyyət sahəsidir ki, orada atılan adımın nəticəsini tezliklə görmək olmur. Bu sferada atılan hər bir addımın məntiqi nəticəsi 3, 5, 10, hətta, 20 ildən sonra özünü göstərə bilər. Məhz, Ermənistan rəhbərlərinin də atdığı səhv addımlar müəyyən müddətdən sonra öz mənfi nəticəsini göstərəcək. Bir məsələni xüsusi olaraq qeyd edim ki, həm Ermənistan rəhbərliyi, həm də erməni xalqı başa düşməlidir ki, onlar keçmiş Sovetlər dövründə Azərbaycanın hesabına yaşayıb. Azərbaycanın həm birbaşa yardımı, həm də Azərbaycanın müəyyən imkanlarından istifadə etməklə Ermənistan yaşayırdı. Amma bu ölkənin işğalçı siyasəti üzündən yaranmış mürəkkəb vəziyyətin nəticəsi olaraq, görün Ermənistan necə pis vəziyyətə düşüb. Bu ölkədə nə tərəqqi, nə də ki, inkişaf perspektivləri var. Onlar özlərini elə bir çətin vəziyyətə salıblar ki, oradan çıxış yolu tapmaq o qədər də asan deyil. Hətta, Qərbin müəyyən dairələrinin güclü dəstəkləri olduqda belə, onlar bu vəziyyətdən optimal çıxış yolu tapa bilmirlər. Bəli, Ermənistanın bugünkü vəziyyəti bu ölkənin bir neçə il bundan əvvəl atdığı səhv addımlarının nəticəsidir. Hazırda isə əsas məsələ odur ki, Ermənistan rəhbərləri, erməni xalqı bunu görməli və vəziyyətdən çıxmaq üçün addım atmalıdır. Əks təqdirdə, onlar özlərini tam iflasa aparacaqlar.
Məlumdur ki, Ermənistan xalqı illər ötsə də, bu coğrafiyadan çıxıb getməyəcək, həmişəlik burada yaşayacaq. Ona görə də, özlərinin, bu regionun və dünyanın gələcəyini düşünərək, düzgün addım atmalı və işğalçılıq əməllərindən əl çəkməlidirlər.

Hər kəs bilir ki, dünyanın geosiyasi mənzərəsi dəyişkəndir. 30 il bundan əvvəl olan mövcud vəziyyət bugünkü ilə eyni deyildir. Bundan sonra gələn illərdə də bu vəziyyət dəyişəcək. Bax, o zaman, Ermənistan yeni geosiyasi mənzərədə, məkanda hansı mövqeni tutacaq? Bunu artıq onlar özləri fikirləşməlidirlər.
Əgər erməni xalqı bu dəyişkən mənzərəni göz önünə alaraq, fikirləşib düzgün addım atsa, o zaman, onların vəziyyəti xeyli yaxşılığa doğru dəyişə bilər. Amma Ermənistanın hazırki siyasətinin bir qrup şəxsin korporativ maraqlarına xidmət etməsi və erməni xalqının taleyinin nəzərə alınmaması onu göstərir ki, bu dövlət çox sürətlə uçuruma doğru irəliləyir.

- Novruz müəllim, son günlər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində intensiv danışıqlar aparılır. Prezident İlham Əliyevin Həştərxanda, xarici işlər nazirinin isə həmkarı ilə Lissabonda görüş keçirməsi, eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan xarici siyasət idarələrinin rəhbərlərinin görüşməsi həmin intensivliyə aiddir. Sizcə, diplomatik müstəvidə bu aktivlik hansı nəticəyə gətirib çıxara bilər? Və Azərbaycanın ATƏT-in Astana Sammitindən gözləntisi nədir?

- Azərbaycanın qarşısına qoyduğu əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh və danışıqlar yolu ilə ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Dünyada beynəlxalq hüquq anlayışı da mövcuddur ki, münaqişələr bunların əsasında həll olunmalıdır. Bu gün dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini qəbul edir və dəstəkləyir. Bunun bariz nümunəsi də məhz, NATO-nun üzvü olan 28 dövlətin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədə imza atmasıdır. Əbəttə ki, hazırda, dünyada mütləq çoxluq da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Yəni, bütün bunlar o deməkdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar göstərilən əsaslar üzərində aparılır. Əgər ermənilər dərindən düşünsələr, bu münaqişənin ədalətli həlli Ermənistan dövlətinin də xeyrinə ola bilər.

Düz deyirsiniz, bu ilin əvvəlindən başlayaraq, münaqişənin həlli istiqamətində intensiv danışıqlar aparılır. ATƏT-in Minsk qrupunun həmsədri Rusiya daha çox aktivlik nümayiş etdirir. Son görüşlərin təşkil olunması da bu fikri bir daha sübut edir.

Qeyd edim ki, son zamanlar ATƏT də Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün aktivlik nümayiş etdirir. Təşkilatın sədri münaqişənin tezliklə və beynəlxalq hüquq normalarına uyğun həll olunmasını istəyir.
Göründüyü kimi, bu gün dünya birliyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi münaqişənin həllinə mane olur.

Düşünürəm ki, ATƏT-in Astana Sammitində də Dağlıq Qarabağ münaqişəsinə müəyyən münasibət bildirilməli, qətiyyətli mövqe ortaya qoyulmalıdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) adında təhlükəsizlik sözü birbaşa Cənubi Qafqaza aiddir. Amma təəssüflər olsun ki, mənim şəxsi mövqeyimə görə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı münaqişənin həllində vasitəçiliyi həmsədrlərə tapşıraraq, onların arxasında durub qətiyyətli mövqe nümayiş etdirmədən problemin həllinə ehtimal prinsipindən yanaşır. Bu böyük təşkilat qarşısına qoyduğu vəzifənin həyata keçirilməsi, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması naminə çox ciddi addımlar atmalı, sənədlər qəbul etməli və Ermənistana təzyiqləri artırmalıdır.

Digər tərəfdən isə, düşünürəm ki, bu təşkilatın etibarlı və güclü tərəfdaşı kimi, dünyada sülh və təhlükəsizliyin təmin olunması prosesində xüsusi rolu olan dövlət kimi ABŞ da qətiyyətli mövqe ortaya qoymalıdır. Əlbəttə ki, ABŞ-da qondarma «respublikanın prezidentinin» şəhər meri tərəfindən qəbul edilməsi Azərbaycanla ABŞ arasındakı münasibətlərin ruhuna uyğun deyil. Axı bu məsələ beynəlxalq hüquqda da qəbul edilməyən bir proses kimi göstərilir.

Təbii ki, belə hallar olmamalıdır. Biz ABŞ-ın ədalətin bərpa olunması, beynəlxalq hüququn prinsiplərinin bərqərar olunması prosesində aktiv iştirakını istəyirik. Əlbəttə ki, ABŞ-dan bu cür mövqeni ATƏT-in Sammitində də ortaya qoymasını gözləyirik.

Bir sözlə, keçirilmiş görüşlərin nəticəsi olaraq, biz münaqişənin tez və ədalətli həllinə nail olmaq istəyirik. Təbii ki, münaqişənin həll olunması üçün qətiyyətli addım atmaq Ermənistanın üzərinə düşən məsuliyyətdir. Yəni, Ermənistan rəhbəri öz xalqının gələcəyini firavan görmək istəyirsə, o, konstruktiv mövqe sərgiləməli və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə razı olmalıdır. Deyim ki, bu gün Ermənistan güclü təzyiq altındadır. Bunu isə Azərbaycan diplomatiyası edir. Bu baxımdan da, bir daha demək istəyirəm ki, Azərbaycan əzəli, tarixi torpaqlarını hansı yolla olunra-olsun geri qaytaracaq. Bunu bütün dünya ictimaiyyəti bilməlidir, ilk növbədə isə Ermənistan.
XS
SM
MD
LG