Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:47

Nərmin Kamalın tənqidlərə münasibəti


"Aç, mənəm" romanı Azadlıq Radiosunun "Oxu zalı"nda müzakirə edilmiş yazıçı Nərmin Kamalla müsahibə. Onun tənqidlərə münasibəti.


- Nərmin, həm müsbət, həm də mənfi fikirləri nəzərdə tuturam, yazılanlar sizə necə təsir bağışladı?

- Pərvizin “Yad dildə” romanı ilə bağlı gedən müzakirələrə baxanda, “Aç mənəm”lə bağlı müzakirə ədəbi tənqid formatına daha uyğun oldu, məncə.

Bu dəfə tənqidçilər əsərin özünü daha çox şərh etdilər. Bu hər halda, yaxşıdır.

- Bəzən yazarlar deyir ki, tənqidçilər əsəri tam oxumadan, elə basmaqəlib cümlələrlə tənqid edir.

Sizsə, əsərinizlə bağlı tənqid yazanlardan neçəsi onu başdan sona oxuyub?

- Deyəsən oxuyublar. Tehran Əlişanoğlu da, Kənan Haçı da… Həmid Heriçsi də. Bilirsiz hardan bilirəm?

Mənim əsərə yüklədiyim mənaları tuta biliblər, hətta yazdıqlarımdan nəzərdə tutmadığım mənalar çıxarıblar.

- Nəyi nəzərdə tutursuz?

- İnsan nəylə məşğul olursa, ətrafda baş verənlərə də o prizmadan baxır. Mən bilən Elnarə Tofiqqızının elmi işi panteizmlə bağlıdır.

O, əsərin bəzi cümlələrində panteizm “tapıb”. Halbuki mən yazanda bunu nəzərdə tutmamışam.

Ancaq Elnarə xanımın tənqidi mənə bir az qəribə gəldi.

Əsərin dilil ilə bağlı Elnarə xanım yazır ki, “canlı danışığın heç bir qayda-qanun gözləmədən yazıya çevrilməsi kimi ciddi nöqsanları demirik”.

Romanın çətin tərəfi odur ki, yazar hər obrazı onun özünə uyğun “danışdırsın”, hərəni öz kaloriti, canlı danışığı ilə canlandırmağı bacarsın.

Bu əsərdə mən əlimə bir oğlanın şəklini götürüb düşürəm Bakının küçələrinə, qarşıma çıxan insanlardan soruşuram ki, bu oğlanı tanımırsız?

Onların da hər biri mənə öz “dilində” cavab verir. Biri balıqsatan qadındır, biri balaca uşaqdır. Əsərdəki 39 hekayə müxtəlif adamların dilindəndi.

Təkcə birincisini özüm “danışıram”.

- Belə başa düşdüm ki, dediklərin yazının dili ilə bağlı səslənən iradlara cavabındı…

- Təsəvvür edin, sizə tanış olmayan şəhərdəsiz, getdiyiniz yeri də tanımırsız.

Birindən getdiyiniz yeri soruşanda sizə deyə bilər ki, məsələn, burdan sağa, iki tindən sonra sola dönərsiz.

Ola bilər, deyilən kimi getsəz, axtardığınızı tapmayasız. Ancaq əlinizə xəritə götürüb getsəz, xəritədəki rəqəmlər sizi düz istədiyiniz ünvana çatdıracaq.

Bu mənada məncə hərfin, sözün rəqəmin qarşısında bir əksikliyi var. Sözdə bir az şişirtməyə meyl, qeyri-dəqiqlik var.

Buna görə də əsərin dili ilə bağlı söylənən tənqidlər hesab edirəm ki, əsərlə bağlı deyil, sözün şişməyə meyli ilə bağlıdır.

- Həmid Herisçiyə “Aç mənəm” “Əli və Nino”nu xatırladıb, Elnarə Tofiqqızı isə “Kəlilə və Dimnə” ilə paralellər aparıb...

- Əsərin girişində özüm yazmışam ki, bu, “Kəlilə və Dimnə”nin sturukturu üzərində yeniləmədir. Bu sturuktur həm də “Min bir gecə”nin sturukturudur.

Həmid Herisçinin fikirlərinə gəlincə, deyəsən o ancaq “Ayrılmaq” hissəsini oxuyub. İstəyirdim bayaq özümü də, oxucuları da Həmid bəyin bütün əsəri oxumasına “inandırım”, ancaq alınmadı.

Dərinə getdik, bütün mətləblər açıldı… (Gülür…)

- Həmid Herisçi yazır ki, Nərim Kamalın qəhrəmanı böyümür, elə uşaqlıqda qalır...

- Mənə də təəccüblü gəldi Həmid bəyin dedikləri. İş orasındadır ki, o uşaq böyüyür, xeyli hadisələrlə qarşılaşır…

- Tənqidlərdə əsəri yenilikçi nəzəriyyələrə, postmodernizm fəlsəfəsinə bağlamaq meylləri var. Siz öz əsərinizi bu cərəyanlardan hansına aid edirsiz?

- Məncə, tənqidçilərin axtarışları elə düzgün istiqamətdədir. Bilirsiz… bilirsiz… yadıma nəsə düşdü və çıxdı.

- Bu “yada düşmək, cıxmaq” tapıntısını da deyəsən, tənqidçilər bəyənməyib. Deyirlər ki, dili korlayırsan…

- Bu iradı mənə xeyli adam bildirib. Əsərdə bir “sükutluq” sözü işlətmişəm. Bilirsiz, bu, sükutdan daha dərin mənadı.

Şahbaz bəy (Şahbaz Xuduoğlu – red.) əsəri oxuyandan sonra dedi ki, dilimizdə belə söz yoxdu.

Dedim ki, sən sözə qulaq as – sükutluq. Bəzən həyatımızda elə sükut olur ki, bataqlıq kimi, dərin.

Bax bu sükutluqdu, məncə. “Boş”la “boşluq” necə fərqlidirsə, “sükut”la “sükutluq” da elə fərqlidir.

Nərmin Kamal Azadlıq Radiosunun "Pen klub" verilişində
Bir də “başımın gicgahları ağrıdı” yazmağımı çox adam bəyənməyib. Axı gicgah başdan başqa harda olur? Məgər yanlış yazmışam?

Azərbaycanda iki dil var, biri televiziyadan eşitdiyimiz ədəbi dil, biri də danışdığımız dil. Yazanda “hicran” yazırıq, deyəndə “ayrılıq” deyirik. Mən dediyimiz kimi yazmağın tərəfdarıyam.

Ola bilər, dilin keşiyində duran bir sıra yazarlar bunu qəbul etməsin. Ancaq mən əsər yazanda məqsədim dilin təmizliyinə nail olmaq olmayıb.

Mən dilin maksimum təbii, canlı olmasına çalışmışam.

Məni tənqid edirlər, amma “Ən yeni ədəbiyyat” seriyasından elə əsərlər var ki, onların dili mənim dilimdən daha bərbaddır.

Mən, sadəcə söhbət açdığım anı daha qüvvətli təsvir etmək üçün belə yazmışam. Özümə tənqidi yanaşanlardanam.

Mən yaxşı yazıçı olmaq istəyirəm.

Ona görə, tənqidlərə həssas yanaşıram ki, yanlışım varsa, düzəldim.

- “Bu roman müəllifin daha gözəl və mükəmməl əsərlər yazacağından xəbər verir. Yaxınlarda lap yeni bir şey olacaq...” Bunu da Cavanşir Yusifli yazır. İndi nə yazırsız?

- Hələlik çox maraqlı bir əsəri - Norveçli Rustein Qarderin “Sofinin dünyası” əsərini dilimizə tərcümə etməklə məşğulam.

Kitab bir ay sonra “Ən yeni tərcümələr” seriyasından çap olunacaq.

Əsəri oxuya-oxuya həm də onu düşünürəm ki, mən bu əsəri heç 10 ilə də yaza bilməzdim.

- Roman 40 rəqəminin mistik anlamını daşıyır. Ancaq əsərdəki hekayətlərin sayı 39-dur.

Əsərə ad kimi seçdiyiniz “aç, mənəm” sözlərini kimə ünvanlayırsız? 40-cı qapını açmağa cəsarəti çatmayanlara?

- 3-4 məqam gizlənir bu sözün arxasında. Əsərdə qəhrəman uzun illərdən sonra evlərinə qayıdır, qapını döyür, anası “kimdir” soruşanda deyir “aç, mənəm”.

Əsərdə hər nağılçı bu oglanı oz dilindən açır. Yəni açdıqca, aç, mənəm.

Həmçinin oxu
Cavanşir Yusifli Nərmin Kamalın romanını tənqid edir
Kənan Hacı. Böyüklər üçün şəkilli kitab
Elnarə Tofiqqızı. Romanın dili o qədər primitivdir ki...
Həmid Herisçi. Nərmin Kamal və Anar
Tehran Əlişanoğlu: Açması - Nərmin Kamal
Nərmin Kamal. İstədim ki qəhrəmanımın adı Azərbaycan olsun...
Nərmin Kamalın "Aç, mənəm" romanından bir parça
XS
SM
MD
LG