Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:33

Naxçıvandan müsavatçının döyüldüyü xəbəri gəldi


Müsavat Partiyasının üzvü Çapay Əliyev Şərur rayon polis şöbəsinin əməkdaşları tərəfindən döyülüb. Bu haqda AzadlıqRadiosuna müsavatçının qardaşı, deputatlığa keçmiş namizəd Səxavət Əliyev məlumat verib.

Səxavət Əliyevin dediyinə görə, dekabrın 10-u Şərur rayon polis şöbəsinin İbadullah bölməsinin əməkdaşları qardaşı Çapay Əliyevin yaşadığı Püsyan kəndinə gələrək, onu həyatyanı sahəsindəki mağazasının təcili söküləcəyi ilə bağlı xəbərdarlıq edib:

“Qardaşım söküntünün səbəbini soruşduqda ona və digər qohumlarımıza fiziki təzyiq göstərilib”.

“20-30 POLİS HƏYƏTİMİZİ MÜHASİRƏYƏ ALMIŞDI”

Məsələyə aydınlıq gətirmək üçün Çapay Əliyevin özüylə əlaqə saxlamağa çalışdıq. Telefon zəngimizə cavab verən, özünü Çapayın əmiqızısı kimi təqdim edən Balaxanım Əliyeva Çapayın vəziyyətinin ağır olduğunu və bizimlə danışa bilməyəcəyini dedi. Suallarımızı cavablandıran Balaxanım Əliyeva da hadisənin baş verdiyini təsdiqlədi. Onun sözlərinə görə, hadisə baş verən vaxt yas yerində olub:

“Mənə məlumat verdilər ki, tez evə get, Çapayın və bacım Əliyeva Gülarənin vəziyyəti ağırdı. Evə gələndə gözlərimə inanmadım. 20-30 nəfər polis işçisi həyətimizi mühasirəyə almışdı. Həyətə keçmək istəsəm də polislər məni buraxmadı”.

Balaxanım Əliyeva deyir ki, qonşunun həyətindən baxıb bacısı Gülarəni, Çapayı, onun bacısı Tağıyeva Rəxşəndəni, yeznəsi Tağiyev Bayramı, bacısı oğlu Babayev Zakiri al-qan içində vəziyyətdə görüb:

“POLİSLƏR MƏNİ BOĞMAĞA BAŞLADILAR”

Çapay Əliyev
Balaxanım Əliyeva: “Polislər sonra məni döyməyə, boğazımdan yapışıb boğmağa başladılar. Mən özümə gələndən sonra gördüm ki, buldozerlə həyətdəki dükanı və digər tikililəri yerlə-yeksan ediblər”.

Səxavət Əliyev deyir ki, hadisədən bir gün əvvəl, dekabrın 9-u keçirdiyi mətbuat konfransında Naxçıvan hakimiyyətinin əleyhinə sərt tənqidi fikirlər səsləndirib: “Hesab edirəm ki, ailəmə qarşı törədilən vəhşilik mətbuat konfransında səsləndirdiyim fikirlərə görədir. Hakimiyyət məndən qisas alır”.

Məsələyə aydınlıq gətirmək üçün Şərur rayon polis şöbəsinə dəfələrlə zəng vursaq da, telefonlara cavab verən olmadı.

Muxtar Respublika Daxili İşlər Nazirliyinin rəsmisi Anar Heydərov isə deyilənlərin yalan olduğunu, Naxçıvanda belə bir hadisənin baş verməsinin mümkünsüzlüyünü bildirdi.

Səxavət Əliyev 7 noyabr parlament seçkilərində AXCP-Müsavat seçki blokunun 2 saylı Şərur seçki dairəsindən deputatlığa vahid namizədi olub.
XS
SM
MD
LG