Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:06

Hicablı şagirdlərin təhsili necə olacaq?


Təhsil Nazirliyi qarşısında aksiya, 10 dekabr 2010
Təhsil Nazirliyi qarşısında aksiya, 10 dekabr 2010
- Mən istəyirəm ki, böyüyəndə ağıllı, bilikli olum, istəyirəm ki, hicablı qız olum. Mənim məktəbdən çox xoşum gəlir. Ən çox da Azərbaycan dili dərsini xoşlayıram.

7 yaşlı Məryəm Nuhiyeva 7 saylı orta məktəbin birinci sinif şagirdidir. Dekabrın 13-dən o da bir çox hicablı şagirdlər kimi dərslərə buraxılmır.

Hicablı şagirdlərin dərslərə buraxılmayacağı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəb direktorlarına noyabrın ortalarında şifahi xəbərdarlıq edib. Elə o vaxtdan bəzi orta məktəblərdə hicablı şagirdlər dərslərə buraxılmırlar.
270 hİcablı qız dərsə buraxılmayıb

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzindən verilən məlumata görə, 270 hicablı qızın dərslərə buraxılmaması ilə bağlı onlara müraciət daxil olub.

Hicablı şagirdlərin valideynlərindən kimisi uşaqlarını dərslərə buraxmamaqla, kimi isə alternativ təhsil müəssisəsi axtarmaqla problemi həll etməyə çalışır:

- Dedilər ki, hicablı olmaz. İcazə yoxdur, ona görə də mən qızımı məktəbə göndərmirəm.

- Mən çalışıram özəl məktəb tapım, hansında ki, belə bir problem olmasın. Çalışacam ki, qızım təhsildən yayınmasın.

Təhsil Nazirliyi
- Özümüz də qalmışıq çıxılmaz vəziyyətdə. Qızım da ağlayır ki, mən hicabsız dərslərə getmək istəmirəm. Bilmirik nə edək.

ÇIXIŞ YOLU VALİDEYNLƏRİ MAARİFLƏNDİRMƏKDİR


Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə hicablı şagirdlərin dərslərdən yayınması ilə bağlı səslənən fikirlərlə razılaşmır. O, hicablı şagirdlər üçün alternativ təhsil müəssisələrinin yaradılması kimi digər üsulların problemin həlli olmadığını deyir:

- Bunun bir həlli yolu təbliğat aparıb valideynləri düzgün istiqamətdə maarifləndirməkdir. Məktəb rəhbərliklərinə də tapşırmışıq, çalışmalıyıq ki, hicablı şagirdlər dərslərə gəlsinlər. Ancaq bizdə olan məlumata görə, Bakı məktəblərində çox az hicablı şagird oxuyur. Məsələn, min şagirddən bir-ikisi hicablıdır. Biz düşünürük ki, bizim təbliğatların müsbət nəticələri olacaq. Artıq bir neçə valideyn maarifləndirilib və düzgün istiqamətləndirilib.

TÜRKİYƏDƏ PROBLEM HƏLL OLUNUB

Türkiyədə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı qərar əvvəllər narazılıqla qarşılansa da, artıq hər kəs bu qərara hörmətlə yanaşır. Bunu hazırda Türkiyənin Kars Universitetində dərs deyən, vaxtilə Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik etmiş Vurğun Əyyub deyir:

Vurğun Əyyub
- Türkiyə dindar bir ölkədir. Xüsusilə də mənim yaşadığım Kars öz dindarlığı ilə digərlərindən fərqlənir. Amma onlar da dərslərə vahid məktəbli formasında gəlinməsi ilə bağlı qanunlara əməl edir.

«BU QADAĞA QANUNSUZDUR»

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev isə Azərbaycanda hicab məsələsinin Türkiyə ilə eyniləşdirilməsinin tərəfdarı deyil. Onun fikrincə, məktəblərdə hicab problemi Azərbaycan ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır:

- Etiqad və vicdan azadlığının təzahür formalarından biri də hicabdır. Təhsil Nazirliyinin ya da təhsil nazirinin vahid məktəbli forması adı altında bir qadağanı qoyması tamamilə qanunsuzdur. Hesab edirəm ki, bu, süni sürətdə yaradılıb. İndiki zamanda insanların əsas diqqətini ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdən yayındıran faktorlardan biridir.

Bu günəcən orta məktəblərdə hicaba qadağaya etiraz edən dindarlar «Hicaba azadlıq!», «Ölərik hicabı əldən vermərik!» kimi şüarlar səsləndirərək bir neçə etiraz aksiyası keçirməyə cəhd ediblər. Nardaranda və Masallıda keçirilən aksiyalarda isə təhsil naziri Misir Mərdanovun şəkilləri yandırılıb.
XS
SM
MD
LG