Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:58

«Niyə prezidentinizdən soruşmursuz?»


Andres Herkel
Andres Herkel
Dekabrın 22-də Estoniyada AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andres Herkelin “Azərbaycan məktubları” adlı kitabının təqdimat mərasimi keçirilib.

Andres Herkel AzadlıqRadiosuna deyib ki, artıq kitabın Azərbaycan dilinə tərcüməsi barədə düşünürlər. Estoniyada iki nəfər kitabı tərcümə eləyə biləcəyini deyib.

HERKEL RƏSULZADƏ BARƏDƏ


“Azərbaycan məktubları”nda Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş ayrıca bölmə var. Herkel deyir ki, Rəsulzadəni eston oxucusuna tanıtmaq üçün onun haqqındakı kitablardan, onun tərcümeyi-halı barədə yazılanlardan istifadə edib. Herkel Bakıda hələ də Rəsulzadənin abidəsinin olmamasına da münasibət bildirir:

“O, çox güclü və maraqlı şəxsiyyət olub. Mən onun Ankaradakı abidəsini ziyarət eləmişəm. May ayında, Azərbaycanın Respublika bayramından bir gün əvvəl. Bakıda niyə Rəsulzadənin abidəsi yoxdur? - bu, Azərbaycan hakimiyyəti üçün açıq sual olaraq qalır. Mən xatırlayıram ki, Bakının mərkəzində heykəl üçün yer də ayrılmışdı, sonra necə oldusa, bu məsələni unutdular...”

Andres Herkel kitabında Rəsulzadəni eston liderləri ilə müqayisə edir. Onun sözlərinə görə, Estoniya Respublikasının bəzi yaradıcıları Sovet dövründə repressiyaya məruz qalıblar, ölüblər:

“Ancaq onlar haqqında kitablar yazılır, xatirələri yad olunur. Bir millətin öz qəhrəmanları barədə tarixi kitabları varsa, onun gələcəyi də daha təhlükəsiz olacaq. Çünki siz öz milli kimliyinizi, tarixinizi bilməlisiniz”.

ELÇİBƏY DÖVRÜ

Azərbaycan məktublarında Azərbaycan Xalq Cəbhəsinin lideri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəy haqqında bölüm isə elə də böyük deyil, Herkel bunu vaxt azlığı ilə izah edir:
“Ancaq onu vurğulaya bilmişəm ki, Elçibəy dövrü türk köklərinə güclü oriyentasiya dövrü adlana bilər. Çox çətin, qeyri-sabit dövr olub. Bir yandan Qarabağ müharibəsi, bir yandan Sürət
Bakıda mətbuat konfranslarından birində jurnalistlər təkidlə məndən soruşurdular ki, bu məsələni prezidentlə müzakirə etdinizmi? Mən də hər dəfə eyni cavabı verirdim ki, niyə öz prezidentinizdən soruşmursuz? Ona görə indi İlham Əliyevin "Jurnalistlərin dostu" seçilməsi xəbəri mənim üçün əsl sürpriz oldu
Hüseynov. Kitabda həm Sürət Hüseynov, həm də Rövşən Cavadovla bağlı məlumatları vermişəm”.

Herkel deyir ki, özü şahidi olmayan hadisələri daha çox faktlarla təsvir etməyə çalışıb. Həmin dövrlərlə bağlı interpretasiya verməkdən çəkinib. Onun fikrincə, bu dövrlərlə bağlı şərhi xatirələri olanlar verə bilərlər. “Mənim buna haqqım yoxdur. Mən bu hadisələr barədə ancaq öyrənmişəm”.

HAKİMİYYƏTİN BİR ƏLİYEVDƏN DİGƏRİNƏ ÖTÜRÜLMƏSİ


Ancaq Azərbaycan tarixinin 2000-ci ildən sonrakı dövrü daha ətraflı təsvir olunur kitabda. Andres Herkel 2003-cü il prezident seçkilərindən bir il sonra Azərbaycan üzrə həmməruzəçi təyin olunub. Deyir ilk vaxtlar bu ölkədə baş verənləri yaxşı anlaya bilməyib, hakimiyyətin bir Əliyevdən digərinə ötürülməsi ona maraqlı gəlib. Bu ötürülməylə yanaşı beynəlxalq təşkilatlardan da seçkiyə dair tənqidlər gəlməkdə davam edib.

Herkel Heydər və İlham Əliyevlərin siyasətlərinin nəticələrini müqayisə edir:

“Bir tərəfdən indi müxalifət daha çox əzilib, sıxışdırılıb. Digər tərəfdən isə dövlət təbii resursları, xüsusilə neft ehtiyatları hesabına xeyli güclənib. Heydər Əliyev xarici şirkətləri ölkəyə dəvət etməklə güclü qərar verdi. Bakı-Ceyhan çəkildi. Ancaq demokratiya qurmaq üçün şərait xeyli zəifdir”.

MÜXALİFƏT ZƏİFDİR?


Andres Herkel deyir ki, demokratiya üçün ən yaxşı şərait sabitlikdir:

“90-cı illərin əvvəllərində vəziyyət daha qarışıq idi. İndi daha çox imkan var. Ancaq mövcud şərait heç də müxalifətin xeyrinə işləmir. Əksinə, müxalifət getdikcə daha çox sıxışdırılır, müxalifət və müstəqil qəzetlərin sayı azalır. Bu da narahatlıq yaradır”.

Azərbaycanın hakimiyyət təmsilçiləri müxalifətdən söz düşəndə deyirlər ki, radikal müxalifət artıq köhnəlib, cəmiyyət üçün maraqlı deyillər və yenilənməlidirlər. Andres Herkelə görə, siyasi mənzərənin əsas şərti azadlıqdır.

“Normal cəmiyyətdə müxalifətin inkişafı üçün şərait olmalıdır, siyasi mənzərə inkişaf etməlidir. Müxtəlif ideologiyalar-mühafizəkarlıq, sosial demokratiya, liberallıq olmalıdır. Əlbəttə Avropa üçün normal siyasi mənzərə Azərbaycan üçün ideal olardı. Bu ölkədə hər şey bir partiyanın əlində cəmləşib, parlamentdə də vəziyyət belədir”.

2010-cu il 7 noyabr seçkilərindən sonra parlamentdə ənənəvi müxalifətin təmsil olunmamasına gəlincə, Herkel deyir ki, son seçki müxalifətin təcridi istiqamətində daha bir addım oldu.

JURNALİSTLƏRİN DOSTU

2009-cu ildə bir yerli jurnalist təşkilatı Andres Herkeli “Jurnalistlərin dostu” elan etmişdi.

Bu il isə RUH Jurnalistləri Müdafiə Komitəsi prezident İlham Əliyevi bu ada layiq görüb.

Andres Herkel deyir ki, bu xəbər onun üçün “əyləncəli” oldu:

“Yadımdadır, Bakıda mətbuat konfranslarından birində jurnalistlər təkidlə məndən soruşurdular ki, bu məsələni prezidentlə müzakirə etdinizmi? Mən də hər dəfə eyni cavabı verirdim ki, niyə öz prezidentinizdən soruşmursuz? Ona görə indi belə bir xəbər mənim üçün əsl sürpriz oldu”.

EYNULLA KEÇMİŞ NAZİRLƏRDƏN DƏ MƏŞHURDUR


“Azərbaycan məktubları”nın 11 səhifəsi hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevə həsr olunub. Avropa Məhkəməsinin qərarına görə, azadlığa buraxılmalı olan Fətullayev narkotik saxlama maddəsiylə hələ də həbsdədir. Herkel deyir ki, Eynulla ilə həm azadlıqda, həm də həbsdə görüşüb:

“Onun həbsə atılandan sonrakı taleyini qələmə almışam. Atası ilə görüşlərimiz bəzən çox çətin və emosional keçib. Mən deyərdim ki, Eynulla hətta bəzi keçmiş nazirlərdən də məşhur məhbusa çevrilib. Avropa Məhkəməsinin qərarına baxmayaraq onun hələ də həbsdə qalmasını heç cür başa düşmürəm”.

Bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsi toplaşıb Eynulla Fətullayevin işini də müzakirə etmiş, Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırmışdı. Bakıda bəzi dairələrin Nazirlər Komitəsindən daha sərt qərar gözləntisinə cavab olaraq Herkel deyir ki, AŞ üzvü olan ölkələrə hər hansı cəza, yaxud sanksiya qəliz məsələdir:

“Biz heç Gürcüstanla münaqişə vaxtı Rusiya Federasiyasına sanksiya tətbiq edə bilmədik. Azərbaycan kimi daha sabit ölkəyə münasibətdə bu, çətin olacaq”.

NOVRUZƏLİ MƏMMƏDOVLA BAĞLI KÖVRƏK XATİRƏLƏR

Andres Herkel kitabında keçmiş siyasi məhbuslara, o cümlədən, “Talışı-sədo” qəzetinin 2009-cu ildə həbsdə vəfat etmiş baş redaktoru Novruzəli Məmmədova da yer ayırıb. Novruzəli Məmmədovun ailəsi və vəkili onun əlyazmalarının məhv edildiyini deyir.

Herkel deyir keçmiş məhbusla ölümündən bir neçə ay görüşüb və bununla bağlı çox kövrək xatirələri var:

“Onunla görüşdən əvvəl mənə demişdilər ki, kamerada vəziyyəti pisdir. Ancaq görüşdə yadımda qalan əsas bir şey oldu. Novruzəli deyirdi ki, həbsxanadan əvvəl gördüyü işi həbsxanada tamamlamağa artıq gücü qalmayıb. Mən təkid elədim ki, əgər əsər məhv edilibsə, bəlkə onu təzədən yazmaq olar. Novruzəli dedi ki, artıq çox gecdir, buna gücü çatmaz”.

Andres Herkel Azərbaycan hakimiyyətinin Novruzəli Məmmədova münasibətini, onun talış dilində yazdıqlarının niyə məhv edildiyini anlamadığını bildirir.
XS
SM
MD
LG