Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:24

2010-cu il nə ilə xatırlanacaq?


2010-cu ilin axırında dayanıb lap əvvəllərinə boylanmaq elə asan olmasa da, bunu etmək təcrübəmizdən yararlanmağa çalışacağıq.

HƏR YENİ İLƏ «LEYLİ-MƏCNUN»LA...

Sentyabrın 18-i ölkə Üzeyir Hacıbəylinin yubileyini keçirdi
Fikrimcə, Azərbaycan mədəniyyəti hər Yeni ilə böyük bir mədəni olayın qeyd edilməsi ilə başlayır. 1908-ci il yanvarın 12-si bəstəkar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının Bakıda--Tağıyev teatrında tamaşaya qoyulduğu tarixdir.

İl öz ömrünə yenicə başlayanda Üzeyir Hacıbəylinin sovet dövründə çap edilməyən yazılarını oxumaq imkanı da qazandıq. Azərbaycan mətbuatı tarixinin araşdırıcısı Şirməmməd Hüseynov özü demiş, «milli iftixarımız» Üzeyir Hacıbəylinin «Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri» (1904-12-ci illər) kitabının birinci cildini, yayın başlanğıcında isə ikinci cildini (1912-17-ci illər) oxuculara təqdim etdi.

İlin ilk ayının bir özəlliyi də Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yanvarın son günündə dünyaya gəlməsidir. «İz» proqramı hər il bu önəmli günü - xüsusi verilişlə qeyd edir. Yeri gəlmişkən, 2010-cu il martın 6-sı Məhəmməd Əmin Bəyin Ankarada vəfat etməsindən 55 il ötdü.

Fevral ayı Azərbaycan dilçiliyi üçün önəmli bir kitabın çıxması ilə yadda qaldı. Dilçi alim, əməkdar elm xadimi Kamal Abdullanın «Dilçiliyə səyahət» kitabı işıq üzü gördü. Kamal Abdulla kitabı «Dilçi olmayanlar üçün dilçilik» adlandırmışdı.

İL NƏ İLƏ YADDA QALDI?

2010-cu il hansı olaylarla yadda qaldı? Nələr üz ağartdı, nələr qan qaraltdı? «İz» proqramı bu sualla ölkə ziyalılarına üz tutdu. Mədəniyyətşünas Aydınxan Əbilov:

- 2010-cu il istər dünya, istər ölkə mədəniyyətində mürəkkəb proseslərlə seçildi. Azərbaycan kitabı Moskva Kitab Yarmarkasında həm Qran-Pri aldı, həm də üçüncü yeri tutdu. Bizim təşkilat - Yeni Yazarlar və Sənətçilər Birliyi X Bakı Kitab Bayramını təşkil etdik. İnternetdə ədəbiyyatla, mədəniyyətlə bağlı layihələrimiz var, onlardan biri də «Kitabxana.net» dir. 600 minə yaxın girişi təmin etmişik. Geriləmələr də var. Xüsusən elektron KİV-lərdə mədəniyyətlə bağlı samballı verilişlərin azlığı, ciddi ədəbi əsərlərin qıtlığı və humanitar-kulturoloji düşüncədə polemika mədəniyyətinin bir daha aşağı düşməsi. Biz artıq qlobal yox, məhəlli düşüncəyə malik bir millətə çevrilməkdəyik və hadisələrə ancaq öz baxışımızla qiymət veririk. «WikiLeaks» saytı bütün dünyanı qarışdırdı. Elə saytlar var ki, mədəniyyəti, ədəbiyyatı qarışdırır. Arzu edərdim ki, Azərbaycan da dünyada gedən bu mürəkkəb proseslərin içində olsun. Və bu mürəkkəb proseslərin özü Azərbaycanı sivil düşüncə mərkəzlərindən birinə çevirəcək fərdlər, şəxsiyyətlər, intellektuallar yetişdirsin.

«KOROĞLU» – ƏLİ KAMALİ ARXİVİNDƏKİ VARİANTDA ÇAP EDİLDİ


Dövlət Akademik Milli Teatrı
Yazqabağı Regional İnsan Hüquqları və Media Mərkəzi region teatrlarının monitorinqini yekunlaşdırdı və maraqlı nəticələrə gəldi. Birliyin rəhbəri Xalid Kazımov monitorinqin nəticələrini AzadlıqRadiosu ilə bölüşdü.

Moskvada türkoloq Tofiq Məliklinin «Nazim Hikmət-Poeziya və poetikası» kitabı çapdan çıxdı.

Azərbaycan aktyoru Bəşir Səfəroğlu 85 yaşına çatdı.

Füzuli adına Əlyazmalar İnstitutunda üç «Koroğlu» əlyazması bir kitaba sığışdırıldı. Üstəlik, Folklor İnstitutunda «Koroğlu» dastanı yeni versiyada—Əli Kamali arxivindəki variantdan çap olundu.

Gənc yazışı Rəna Yüzbaşının Moskvanın nüfuzlu nəşriyyatlarının birində «Skinhed» romanı çıxdı.

Alim Qasımov və qızı Fərqanə xanım uzun aradan sonra Beynəlxalq Muğam Mərkəzində və ölkənin baş sarayında iki günlük konsert verdi.

Rüstəm İbrahimbəyovun Bayılda tikmək istədiyi Kino Evi layihəsi dayandırıldı...

Azərbaycan aşıqları yenə Parisdə oxudular.

Azərbaycan mediası «Nizaminin məqbərəsi uça bilər, onun xüsusi restavrasiyaya ehtiyacı var»- deyibən haray çəkdi.

«A» ROMANI SƏS-KÜY DOĞURDU

Yazda 1945-ci ildən bəri Nobel ödülüylə mükafatlandırılmış almandilli əsərlər Bakıya gəldi.

Azərbaycanda ilk uşaq incəsənət ensiklopediyası işıq üzü gördü. «Azərbaycan incəsənəti» adlanan bu kitabın redaksiya heyətinin rəhbəri sənətşünas Ziyadxan Əliyevdir.

Mayda 55-ci «Eurovisia» musiqi yarışmasında Azərbaycan 5-ci yeri tutdu.

Birinci yerin sahibi - Qaraqanın «A» romanı mübahisələr doğurdu
Milli Kitab müsabiqəsi öz sahiblərini tapdı. Birinci yerin sahibi - Qaraqanın «A» romanı mübahisələr doğurdu.

TƏNHA CÜMHURİYYƏTÇİ—XƏLİL BƏY

AzadlıqRadiosunun «İz» proqramı 2008-ci ildən başlayaraq Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayevlə sıraladığı «Cümhuriyyət fədailəri» silsiləsini Müsavat hökumətinin Daxili İşlər və Ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədli ilə davam etdirdi. Xəlil bəyin yaxınları və tarixçilər qəbri Türkiyədə olan bu cümhuriyyətçini bir daha andılar.

İyun ayında ölkənin gəlib-keçmiş ən böyük gülüş ustası hesab olunan Lütfəli Abdullayev 95 yaşını tamamladı. Ancaq bu 95-in yalnız 59-unu yaşamaq onun qismətinə yazıldı. «İz» proqramı hələ sağlığında «gülüş kralı» adını qazanmış bu aktyora «Yaxşı adam» dastanını bağladı. Verilişin qonağı Lütfəli Abdullayevin qızı Dilşad xanım oldu.

İyun ayının 17-də Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi 45 yaşını qeyd etdi. Arxivin direktoru Maarif Teymur proqramımızın qonağı oldu.
İyulun 15-də Azərbaycan bəstəkarı xalq artisti Azər Rzayev 80 yaşını tamamladı. «İz» proqramı bəstəkarı evində ziyarət etdi. Azər Rzayev musiqimizin indiki durumundan gileyləndi.

İyulun 22-də Azərbaycan mətbuatı 135 yaşına çatdı. Bu yubiley mətbuat tariximizlə bağlı yazılmış bir çox kitabların çapıyla yadda qaldı.

İl NƏ İLƏ YADDA QALDI?

Kinorejissor Ayaz Salayev:

- Mənim yadımda qalan - Azərbaycan kinosunda son iki il ərzində yeni nəslin meydana gəlməsidir. Gənc rejissorların filmləri kinomuza yeni nəslin gəlməsindən xəbər verir. Təkcə kinoda deyil, ədəbiyyatımızda da yeni əsərlərin yaranması məni sevindirir.

Milli Ensiklopediyanın birinci cildi 25 min tirajla çapdan çıxdı.
Sentyabr ayında Sabir Rüstəmxanlı sənədli roman yazdı. Yazıçı yenicə çapdan çıxmış «Difai fədailəri» sənədli romanı haqqında proqramımıza da danışdı.

Sentyabrın 18-i ölkə Üzeyir Hacıbəylinin yubileyini keçirdi.

125 yaşı tamam olan Üzeyir bəyin yubileyi şərəfinə hazırladığımız verilişdə bəstəkar, musiqişünas, pedaqoq Nərgiz xanım Şəfiyeva qonaq oldu.

Oktyabr ayında rəssam Vəcihə Səmədova ölümünün 45 illiyində bir daha xatırlandı. Bədii filmlər rejissoru Nicat Feyzullayev erkən itirdiyi anası Vəcihə xanımı « Rəngkarlıq kraliçası» sənədli filmi ilə andı.

Noyabrda Bakıda ilk Beynəlxalq Teatr Festivalı düzənləndi. Teatrşünas Sevda Babayeva «İz» proqramına bu festivaldan danışdı.
Noyabrda Milli Ensiklopediyanın birinci cildi 25 min tirajla çapdan çıxdı.

AZƏRBAYCAN XALÇASI MƏDƏNİ İRS SİYAHISINA DÜŞDÜ

2010-cu ilin noyabrında özünün 65 illik yubileyini qeyd edən UNESCO Azərbaycan xalçasını dünyanın Mədəni İrs siyahısına daxil etdi.

«İz» bu hadisəni xüsusi buraxılışla diqqətə çatdırdı və «Aygün» Xalça Dünyası Assosiasiyasının yaradıcısı Fatimə Ağamirzəyevanı verilişə bələdçi seçdi. Fatimə xanım xalçamızın indiki durumunu necə var eləcə təsvir etdi.

«Azerbaijan international» jurnalının baş redaktoru Betti Bleyer «Əli və Nino» romanının müəllifliyi ilə bağlı başladığı 6 illik araşdırmalara yekun vurdu və Y.V.Çəmənzəminlinin «Əli və Nino» nun müəllifi olduğunu iddia etdi.

İL NƏ İLƏ YADDA QALDI?

Teatrşünas Aydın Talıbzadə:

Bakı Caz Festivalı və musiqi ilə bağlı keçirilən müxtəlif beynəlxalq müsabiqələr yadımda qaldı
- Yenicə təmirdən çıxmış Milli Dram Teatrının iç görünüşü, Bakı Beynəlxalq Teatr Konfransı, dünyaca məşhur Çexov Festivalının «İpək yolu» mərhələsinin Bakıda keçirilməsi, bu festival kontekstində gördüyüm Fransa truppasının təqdim etdiyi «Aureliyanın oratoriyası» tamaşası, «Prosent» Teatr Mərkəzinin «Növbədə kimdir?» tamaşası, Safurə Əlizadənin Avropa səhnəsindəki uğuru, Bakı Caz Festivalı və musiqi ilə bağlı keçirilən müxtəlif beynəlxalq müsabiqələr yadımda qaldı. Qaldı üzqaraldan məsələlərə, mədəniyyət aləmində mən xatırlamıram. Qanımı qaraldan məsələlər ondan ibarət olub ki, Azərbaycanın çox tanınmış, görkəmli simaları xəstəxanaya düşüb.

İTKİLƏR DƏ OLDU...

Yola saldığımız ildə itkilər də oldu. Yanvarın 28-də yazıçı Sabir Azəri 72 yaşında, martın 1-də aktrisa Lütfiyyə Səfərova 69 yaşında, aprelin 8-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev 65 yaşında, aprelin 26-da xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri Yusif Muxtarov 69 yaşında, aprelin 30-da isə rəqqas Əminə Dilbazi 91 yaşında, mayın 18-də aktrisa Ofeliya Aslan, avqustda bəstəkar Oqtay Kazımi, sentyabrda Türkiyənin Bilkənd Universitetinin professoru, xalq artisti Sərvər Qəniyev ömrünün 73-cü ilində Ankarada, dekabrın 19-da tanınmış fotoqraf Elxan Kərimov 62 yaşında Bakıda vəfat etdi.

Yola saldığımız il xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Telman Adıgözəlov aprelin 15-də vəfat etdi.
Oktyabrın 8-i xalq artisti, Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə vəfat etdi...

XIX ƏSRƏ AİD TARİXİ BİNALAR UÇURULDU

2010-cu il XIX əsr tarixi abidələrimiz üçün uğursuz il sayıla bilər. Paytaxtın mərkəzində yerləşən böyük bir yaşayış massivinin tarixi memarlıq abidəsi sayılan tikililəri «Qış bulvarı» layihəsinə hazırlıq prosesində söküldü.

Dekabrın 14-də ölkə müğənni Rəşid Behbudovu 95 illiyini qeyd etdi
İlin sonunda—dekabrın 14-də ölkə müğənni Rəşid Behbudovu 95 illiyini qeyd etdi.

Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş kitab-albom da ilin son günlərində çıxdı.

QARA CİLDDƏ, TÜND QARA...

Məmməd Arazın «Vəsiyyət» adlı seçilmiş əsərləri də təzə ilin gəlhagəlində işıq üzü gördü. Şair 42 il əvvəl yazdığı bir şeirində «Qara cilddə çap eləyin kitabımı məndən sonra» yazmışdı. Şairin vəsiyyətinə - «qara cilddə, tünd qara» istəyinə əməl olundu...

Vəssalam. Daha bir ili bir verilişə sığışdırmaq cəhdlərimiz bitdi.

Azadlığın «İz»i sizlərin izidir.
XS
SM
MD
LG