Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:51

Azadlığa həsr olunan ömrün alternativi


Azər Qaraçənli


"Azadlıq nitqləri" kitabından

Əvvəli burada

Əbədi olan dörd güc var: azadlıq, ədalət, sevgi və birlik. Ömrü yalnız onlara həsr eləməyinə dəyər. Qalan bütün güclər müvəqqətidi. İnsanın ürəyi, xalqın ürəyi, dövlət fəlsəfəsi və dünya tarixi bu dörd əbədi gücün sayəsində hərəkətdədi, onlardan biri dayansa, hər şey yoxa çıxar.

Azadlıq, ədalət, sevgi və birlik – dünyanın həm başlanğıcıdı, həm də sonu. Onlar həm hissdi, həm də meyar, həm arzudu, həm də ideal. İnsanın, xalqın, dövlətin və tarixin azadlığa, ədalətə, sevgiyə və birliyə nail olmaqdan böyük məqsədi yoxdu.

Azadlıq, ədalət, sevgi və birlik bir-birinə bağlı hisslərdi, bir-birinə bağlı məqsədlərdi. Onlar bir-birilərindən ayrılıqda mövcud deyillər. Biri olan yerdə hamısı olur. Daha doğrusu, olanda hamısı birdən olur. Bəlkə də onlar, elə bir gücdülər. Amma insan bunu bilmir.

Çünki insan onları öz həyatında adbaad hiss eləyir, hiss eləyir ki, məsələn, bu, azadlıqdı, bu, ədalətdi, bu, sevgidi, bu, birlikdi. İnsan ömründə bu dörd qüvvə nə qədər iç-içə, birgə yaşansa da, yenə qarmaqarışıq yaşanmır, onların hər birinin öz yeri, öz müstəqilliyi olur.

Azadlıq, ədalət, sevgi və birlik öz aralarında bərabərdilər, onların heç biri o birindən üstün deyil. Ancaq bu, əbədiyyət ölçüsüylə belədi, həyatdasa onlar bərabər yürümürlər, istər-istəməz biri o birindən qabağa keçir, biri daha vacib olur, hansısa ikinci, üçüncü dərəcəli xarakter alır.

Ayrı-ayrı situasiyalarda olduğu kimi, ayrı-ayrı varlıqlarda da bu dörd qüvvə müəyyən bir ardıcıllıqla düzülür. Bu dörd başlanğıcın dördünü də ifadə eləyən hər hansı bir varlığa baxanda görürsən ki, onlardan birini daha çox ifadə eləyir, nəinki o birilərini.

Ona görə bu dörd qüvvədən yaranan hər bir hadisənin, prosesin, varlığın dörd missiyasıyla bərabər, bir başlıca missiyası da olur. Həmin bir missiya, sözsüz ki, o dördündən biri olur. İnsan, xalq, dövlət və tarix dördlüyünü azadlıq, ədalət, sevgi və birlik dördlüyüylə yanaşı qoysaq görərik ki, insan daha çox sevgini, xalq daha çox birliyi, dövlət daha çox ədaləti, tarix daha çox azadlığı ifadə eləyir.

Ömrünü azadlığa həsr eləyən hər bir adam özündə dünya tarixinin aparıcı qüvvəsini başqalarından daha qabarıq hiss eləsə də, onu da hiss eləyəcək ki, bir yandan da ən insani missiyanı – sevgini arxa plana keçirib, əslində özünü ən əsas işindən uzaqlaşdırıb, insandan çox tarixə çevrilib. Eyni söz ömrünü ədalətə və birliyə həsr eləyən adamlara da aiddi.

Bəzən tarix, xalq və dövlət də onu yaradan əbədi stimulların düzülüşünü dəyişir. Tarixin aparıcı qüvvəsi ilk növbədə azadlıq olsa da, bəzən o, ədalətə, sevgiyə və birliyə daha çox can atır. Xalq hər şeydən əvvəl birləşmək üçün olsa da, bəzən o, daha çox azadlıq, ədalət və sevgi üçün çalışır. Dövlətin birinci vəzifəsi ədalət olsa da, bəzən o, azadlığa, birliyə və sevgiyə daha çox xidmət eləyir.

Hər hansı bir hadisədə, varlıqda, prosesdə onun başlıca missiyasını formalaşdıran sıralanma pozulursa, bu, həmin hadisəni, varlığı, prosesi qiymətdən salmır, əksinə, bu, özünü fəda eləməyin nəticəsi ola bilər, yəni hadisəni, varlığı, prosesi daha da qiymətə mindirə bilər. Ancaq sıralanmadakı yerdəyişmə onu dəyişən varlıq və ya proses üçün itkisiz ötüşmür.

Sevgidən çox azadlığa, ədalətə və birliyə bağlanan insan, azadlıqdan çox sevgiyə, birliyə və ədalətə can atan tarix, birlikdən çox azadlıq, ədalət və sevgi üçün çalışan xalq, ədalətdən çox sevgiyə, birliyə və azadlığa xidmət eləyən dövlət hökmən nəsə itirir, bir ağrı qazanır.

Sıra ardıcıllığındakı dəyişiklikdən başqaları da ziyan çəkə bilər, amma əbədi güclərin əxlaqi gücü ondadı ki, bu ziyan heç vaxt pis niyyətlə, pis məqsədlə vurulmur.

Yəni, tutalım, başqalarına dəyən ziyan insanın sevgini yox, azadlığı, ədaləti və ya birliyi ön plana çıxarmasına görədisə, burda mənəviyyata zidd bir şey yoxdu. Əbədi dəyərlərin hamısı mənəvi dəyərdi, onların hansını seçsən olar. Onların alternativi yalnız onların özüdü.

Azadlığa həsr olunan ömrün üç alternativi var: sevgiyə həsr olunan ömür, birliyə həsr olunan ömür və ədalətə həsr olunan ömür. Azadlığa həsr olunan ömrün başqa alternativi yoxdu. Başqa ömürlər azadlığa həsr olunmuş ömrə yalnız zidd ola bilərlər.

Eyni söz sevgiyə, birliyə və ədalətə həsr olunan ömürlərə də aiddi. Onların da üç alternativi var. Ümumilikdə götürəndəsə bu dörd ömür variantı bütün başqa ömürlərin alternatividi, bütün başqa ömürlərdən yüksəkdədi.

Bu dünyada eyni varlıq eyni vaxtda eyni yerdən eyni sürətlə dörd istiqamətdə gedə bilməz. Ona görə də insan əbədi qüvvələrin açdığı dörd haqq yolundan istər-istəməz birini daha çox tutub gedir. Ayrı-ayrı situasiyalarda da belə olur, bütövlükdə insan ömründə də.

Əbədiyyətə həsr olunan ömür istər-istəməz daha çox ya azadlığa, ya ədalətə, ya sevgiyə, ya da birliyə həsr olunmuş olur. Qalan bütün ömürlərdən üstün olan bu dörd ömür variantı bir-biri qarşısında bərabərdi, onların heç biri o birindən əskik deyil.

Amma kim nə deyir desin, sevgiyə həsr olunmayan ömrün sonunda nəsə daha böyük bir ağrı görünür. Ömrünü azadlığa həsr eləyən hər bir adam bunu bilməlidi. Ömrünü ədalətə və birliyə həsr eləyən adamlar da bunu bilməlidi.
XS
SM
MD
LG