Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:43

«Şayiəyə inanan vətəndaş hökumətə inanmır»


Natiq Cəfərli
Natiq Cəfərli
«Bizim vətəndaşlar hökumətə inanmır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı ekspert Natiq Cəfərli benzinin qiymətinin qalxması barədə yayılan şayiələrə münasibət bildirərkən deyib. O deyir ki, vətəndaşın buna həm də əsası var.

«Azərbaycanda çox təəssüf ki, illərdir belə bir praktika hökm sürür ki, Tarif Şurası 2007-ci ildə olduğu kimi gecənin bir aləmi yığışır, səhər tezdən ölkədə yeni qiymətlərlə vətəndaşlar qarşı-qarşıya qalırlar. Bu son şayiədə mənim nəzərimi cəlb edən bir məsələ oldu ki, bu yanacaqdoldurma stansiyalarında bu ajiotajı görəndə anladım ki, bizim vətəndaş hökumətə inanmır. Hökumətə inansaydı, dövlətimizə inansaydı, dövlətin yürütdüyü siyasətə inansaydı, bu şayiələrə inanmazdı ən azından. Şayiəyə inanan vətəndaş deməli hökumətə inanmır. Bilir ki, hökumət ona qadirdir ki, bir gecənin içində ən azı bir qiyməti qaldırsın».

VƏTƏNDAŞ CƏMİYYƏTİ GÜCLÜ OLSAYDI...

Natiq Cəfərli deyir ki, onun nəzərini cəlb edən məsələlərdən biri də o olub ki, vətəndaş cəmiyyəti güclü olan ölkələrdə belə bir məsələ gündəmə gəlsəydi, vətəndaşlar yanacaqdoldurma stansiyalarına deyil, öz etirazlarını bildirmək üçün. hökumət evinin qarşısına yığışardılar.

İqtisadiyyatda şayiələr, gözləntilər çox şeyi deyir. Bunu isə digər iqtisadçı-ekspert Nazim Məmmədov deyib. Ekspert deyir ki, insanlar bazar iqtisadiyyatı ilə hərəkət etməlidirlər.

«Mən hesab edirəm ki, elə bahalı maşınlarda da, ucuz maşınlarda da benzin stansiyalarının qabağına gedən şəxslərin fikirlərində hələ azadlıq yoxdur. Hələ o beyinlərdə inkişaf yoxdur. Çünki bir dəfə çənini dolduracaq o, əgər bahalaşmış olsa da, benzin, bunu fikirləşib, bu şayiələrə uyub benzin stansiyalarının qarşısına yığışmazdılar. Təbii ki yüz litr almaqla özünü ömür boyu qarantiya edə bilməz. Ona görə bazar prinsiplərinə uyğun öz işlərini qurmalıdır insanlar».

Nazim Məmmədov deyir ki, bazar iqtisadiyyatı müxtəlif məhrumiyyətlər gətirsə də, hökumətin üzərinə düşən iş ondan ibarətdir ki, qiyməti tənzimlənən qiymətləri şayiə ilə yox , iqtisadi əsaslaşdırılmış şəkildə etsin:

Nazim Məmmədov
«Yəni əgər bunu artırmaq lazımdırsa, artıracaq, artırmaq lazım deyilsə, artırılmayacaq. Normal düşünən insan bilməli idi ki, ilin başlanğıcında əgər keçən ildən bu ilin proqnozları göstərilibsə, makroiqtisadi inflyasiyanın dərəcəsi də, ümumdaxili məhsulun artımı da, bütün makroiqtisadi parametrləri hökumət qəbul edibsə təbii ki, ilin başlanğıcında bunları alt-üst etməyə yəni makroiqtisadi sabitliyi pozmağa heç kəs rəvac verməz».

İQTİSADİ AZADLIQLAR VAR, YOXSA YOX?

Natiq Cəfərli isə opponenti ilə razılaşmayıb. O deyib ki, faktlar bunun əksini deyir.

«2006-cı ilin dekabrında Rövnəq Abdullayevin açıqlamaları vardı ki, gələn il benzinin qiymətinin artması mümkün deyil, biz bu barədə düşünmürük. Həmin proqnozlar da verilmişdi. Büdcənin inflyasiya proqnozları da var idi. Amma yanvarın 7-də gecə saat 10-da elan etdilər ki sabahdan qiymət qalxır. Halbuki bu da qeyri-qanuni idi. Çünki Tarif Şurası haqqında əsasnamədə bir həftədən öncə vətəndaşların hər hansı bir tarifin qaldırılması haqda xəbərdar edilməsi haqda bir müddəa var».

Ekspertlər «Heritage Foundation» və «Wall Street Journal»ın iqtisadi azadlıqlarla bağlı yeni hesabatına da münasibət bildiriblər.

Nazim Məmmədov hesabatın həqiqəti əks etdirmədiyinə iddia etməsə də, istənilən sorğuların subyektivliklə əlaqəli olduğunu söyləyib. O deyib ki, bu sorğunun xarici investisiyaların maliyyə sabitliyinə Azərbaycan hökuməti ziyan vurur deməsi onda böyük şübhələr yaradıb. O, bununla razılaşmır: «Çünki Azərbaycan hökuməti xarici investisiyaların Azərbaycana gəlməsində maraqlıdır və bunun üçün hökumət hər bir şərait yaradıb».

Natiq Cəfərli isə hesabatın tamamilə doğru olduğunu söyləyib. Onun sözlərinə görə, hətta indeksdə Azərbaycanın yeri bir az da yüksək göstərilib.

XS
SM
MD
LG