Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:37

««Facebook»da nəyi etmək olmaz silsiləsindən» 10 məsləhət


«Facebook»da çox şey etmək olar
«Facebook»da çox şey etmək olar
«Facebook»da çox şey etmək olar. Axtardığın adamları tapmaq, maraqlı xəbərləri öyrənmək, dost-tanışın toy məclisindəki fotolarına baxmaq, sadəcə ürəyini boşaltmaq olar.

«Time Magazine» dərgisi oxucularına xatırladır ki, virtual dünya ilə yanaşı, real yaşam da mövcuddur. Sonra isə «Facebook» istifadəçilərinin ikili həyat tərzinə xələl gətirəcək bir siyahı tərtib edib. Siyahıda «Facebook» istifadəçilərinə aşağıdakı hərəkətlərdən çəkinmək məsləhət görülür:

1. HEÇ VAXT ÖZ İŞİNDƏN ŞİKAYƏT ETMƏ

Bizim hamımızın uğurlu iş günü də olur, pis günü də. Bəzən elə təngə gəlirsən ki, «Facebook»da yazmağın gəlir: «Mən öz işimə nifrət edirəm!». Belə hallarda şeytana lənət oxuyub bu fikirdən vaz keçin. Çünki «Facebook»da sizi izləyənlərin arasında həmkarlarınız, şefiniz də ola bilər. Şəxsi fikirləriniz ictimai rezonans doğura bilər. «Time Magazine»nin gətirdiyi misalda ABŞ-ın Massaçusets ştatındakı məktəb müəllimi belə bir şikayətə görə işini itirib. Öz şagirdlərini «bakteriya», onların valideynlərini isə «yekəxana və deyingən» adlandıran June Talvitie-Siple doktor dərəcəsinə baxmayaraq, məktəbdən xaric edilib.

2. SPİRTLİ İÇKİ İÇƏNDƏ FOTOAPARATLARDAN UZAQ DUR, XÜSUSİLƏ ƏGƏR HƏDDİ-BULUĞA ÇATMAMISANSA

Ola bilər, bu məsləhətin Azərbaycana aidiyyəti azdır. Amma Amerikada qanuni yolla spirtli içki qəbul etmək üçün azından 21 yaşın tamam olmalıdır. Bu qanunu pozanları axtarmaq üçün polis dağa-daşa düşməkdən çoxdan əl çəkib. Sadəcə, «Facebook»a nəzər yetirməklə nə qədər adamı tapıb boynuna cərimələr qoya bilir. Özü də söhbət ancaq «alkoqol» yaş həddini aşmayanlardan deyil, yetkin şəxslərdən də gedir. Çünki gəncləri spirtli içkiyə qonaq etmək də qanun pozuntusu sayılır.

3. HƏYAT YOLDAŞINA XƏYANƏT EDƏNLƏRƏ BİR DAHA XATIRLADILIR Kİ, «FACEBOOK» DİVARLARININ DA QULAĞI OLUR

ABŞ-da keçirilən sorğunun nəticələrinə əsasən, boşanma işləri ilə məşğul olan vəkillər əllərində olan xəyanət dəlillərinin 81 faizini məhz sosial şəbəkələrdən əldə edirlər.

4. «FACEBOOK» STATUSUNU HARADAN GƏLDİ YENİLƏMƏ

Bu qaydanı siyahıya salan dərginin gətirdiyi misal çox maraqlıdır. Bir ev oğrusu iş başında olarkən soyduğu mənzildəki kompyuterdən «Facebook» səhifəsinə girib öz statusunu yeniləyib. Bununla da polisin işini xeyli yüngülləşdirib: müstəntiqlər oğrunun filan vaxtda, filan mənzildə olmasını sübut etmək üçün çox da baş sındırmayıblar.

5. İMTAHAN SUALLARININ CAVABLARINI «FACEBOOK»DAN GÖTÜRMƏYİN?

İmtahan suallarının cavablarını və kurs işlərini internetdən köçürmək bir çox ali məktəblərdə yasaq edilib. Kembric Universitetində aparılan sorğuya əsasən, tələbələrin 49 faizi kurs işlərini bir-birindən köçürür. 82 faizi isə sadəcə «Wikipedia»dan «copy-paste» edir (mətni olduğu kimi istifadə edir).

İndi isə qərara alınıb ki, «Facebook» səhifələrindəki cavablardan faydalanmaq da qaydaların pozulması kimi qəbul ediləcək.

6. «FACEBOOK»DAN ŞƏXSİ HAQQ-HESAB VASİTƏSİ KİMİ İSTİFADƏ ETMƏYİN


Heç də bütün sevgililər bir-birinə həyat yoldaşı olmurlar. Dava-dalaşla və ya dostcasına aralaşanlar da olur və olur ki, məhəbbətləri 180 dərəcə dəyişərək nifrətə dönür. Amma «Facebook»u nifrət arenasına çevirmək və keçmiş məhəbbətindən intiqam almaq da heç kimə məsləhət görülmür. Yeni Zelandiyada bir nəfər öz keçmiş sevgilisinin geyimdən kasad fotolarını «Facebook»a yerləşdirdiyinə görə 4 aylıq həbs cəzasına məhkum olunub. Məhkəmə onun nakam məhəbbət dərdindən içdiyini və bu addımı sərxoş vəziyyətdə atdığını yüngülləşdirici hal kimi qəbul etməyib.

7. ŞANTAJ ETMƏYİN


Şantaj ümumilikdə qanunsuz bir addımdır. Amma sonradan şifahi təhdidlərdən boyun qaçırmaq haradasa mümkündürsə, «Facebook»dan şantaj vasitəsi kimi istifadə etmək özünə quyu qazmaq kimi bir şeydir. Yenə də sözümüzə qüvvət, ABŞ-a, bu dəfə Viskonsin ştatına gedək. Burada Anthony Stanci adlı bir şəxs «Facebook»da yalançı adla səhifə yaradıb. O, «Facebook»da qızların qılığına girərək onlardan çılpaq şəkillərini əldə edib. Sonra da pul tələb edib və əks halda, şəkillərin internetdə yayılması ilə hədələyib.
İndi onu həbs edib 15 il də vaxt veriblər ki, türmədə oturub nə qədər pis əmələ yol verdiyinin peşmançılığını çəksin.

8. İSTİRAHƏTƏ GETMƏYİNİZLƏ EVƏ DÖNƏNDƏN SONRA LOVĞALANIN

«Facebook»da tez-tez təxminən belə bir divar yazısına rast gələrsən: «Ura! Axır ki, tətilə gedirəm – Antalyaya, 3 həftə bu isti Bakının tozlu Alatava məhəlləsindən uzaq olacam!». Belə yazanların sevinci təbiidir. Amma internetdəki lovğalıq (baxın, millət, mən yayı Antalyada keçirdim) adama baha başa gələ bilər. Çünki yuxarıda yazılan ən adi sözlər, peşəkar oğrunun beynində belə səslənir: «Mən kasıb deyiləm, Antalyaya getməyə pulum var. 3 həftə evdə olmayacağam. Alatavada yaşayıram»... Sonrası isə, allah göstərməsin, 3 həftəlik istirahətiniz evə dönəndə burnunuzdan gələ bilər.

9. BAHALI MAL ALDIN, HALAL XOŞUN OLSUN! AMMA «FACEBOOK»DA BELƏ MƏLUMAT VERMƏYƏ TƏLƏSMƏ


«Özümə «iPad» aldım», «yoldaşım mənə 6 karat brilyant komplekt bağışladı», «ad günümə «Samsung LED-TV» hədiyyə elədilər» – bu səpgidə lovğalıq mesajlarına da «Facebook»da rast gəlmək olar. Məsləhət görülmür.

Yenə də, peşəkar oğruların diqqətini özünüzə çəkmiş olursuz.

10. «FACEBOOK» TÖVBƏ YERİ DEYİL


«Heç kimə demə, aramızda qalsın. Bu cinayətlərə görə adamı tutarlar». Bu tövbə sözləri «Facebook»dan «İsgəndər quyusu» kimi istifadə edən bir cinayətkarı tora salıb. Axı onun etibar edib ürək açdığı «Facebook» istifadəçisinin Allah bilir, neçə min dostu var, onların da dostu, dostlarının dostu... Əlqərəz, «Facebook»da tövbə etdin, TV-də canlı yayımda tövbə etdin – fərqi yoxdur.

Bu, Qərb dünyasından olan misallar. Bəs Azərbaycan istifadəçiləri, onlara məsləhətiniz varmı? «Facebook»da nədən çəkinmək lazımdır?
XS
SM
MD
LG