Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:28

Obama öz müşavirləri ilə Misirdəki durumu müzakirə edib


Misirdə etirazlar yanvarın 29-da bərpa olunub
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid
ABŞ prezidenti Barak Obama öz komandasının təhlükəsizlik rəsmilərilə toplantı keçirərək Misirdəki vəziyyəti müzakirə edib. (Röyters)

Onlar arasında vitse-prezident Co Bayden və milli təhlükəsizlik müşaviri Tom Donilon da var.

Görüş bir saatdan bir qədər çox çəkib.

"Obama bizim indiyəcən ifadə etdiyimiz mövqeyi bir daha vurğulayıb.

Bu mövqe zorakılığa qarşı çıxmaq, ümumbəşəri dəyərləri dəstəkləməki, siyasi islahatların aparılması yönündə konkret addımlara dəstək verməkdir " - deyə Ağ Evin məlumatında bildirilir.

***

Misirin paytaxtı Qahirə və digər şəhərlərdə etiraz nümayişləri davam etdiyi bir vaxtda şəhərlərə əlavə qoşun hissələri gətirilir.

Ordu rəhbərliyi bunu ölkədə soyğunçuluq hallarının artması ilə əlaqələndirir.

Naməlum şəxslərdən ibarət dəstələrin mağazalara, banklara, muzeylərə hücum etməsi barədə xəbərlər yayılıb.

Muzeylərdən qədim dövrlərə aid qiymətli eksponatlar oğurlanıb.

Bəziləri bütün bunların hakimiyyət tərəfindən təşkil edildiyini və mitinqçilərə hücum üçün bəhanə kimi istifadə ediləcəyini deyir.

Ordu bildirib ki, 1 saata şəhərin bütün rayonlarını nəzarət altına alacaq.

***

ABŞ Dövlət Departamenti bildirir ki, Misir prezidenti Mübarək nazirlərin yerdəyişməsi ilə kifayətlənməməli, islahat söz veribsə, real iş görməlidir.

Bu barədə departamentin sözçüsü Filip Krouli bildirib.

Bundan qabaq ABŞ prezidenti Obama da Misir rəhbərliyini islahatlara çağırmışdı.

Bundan əvvəl Misir prezidenti Mübarək uzun müddətdir ki, boş qalan vitse-prezident postuna kəşfiyyatın rəhbəri Ömər Süleymanı təyin edib.

Ömər Süleymanın adı Mübarəkin mümkün varisləri arasında çəkilirdi. (Mübarəkin oğlu Qamaldan əlavə).

Wiki-Leaks saytı bir müddət qabaq Misirlə bağlı yaydığı sənədlərdə vitse-prezident postuna heç kəsin təyin olunmamasını Mübarək ailəsinin həmin postu prezident oğlu Qamal üçün saxlaması ilə əlaqələndirirdi.

Ömər Süleyman həm də Fələstin və İsrail arasında vasitəçilik edirdi.

O keçmiş ordu generalıdır. Onun Amerika və İsraillə yaxşı münasibətləri var.

Hakim partiyanın nümayəndəsi Əl-Cəzirə kanalına deyib ki, bu təyinat prezidentin xalqın tələblərinə müsbət cavab verməsi kimi qiymətləndirilməlidir.

Bundan sonra Mübarək baş nazir postuna Əhməd Şəfiqi təyin edib.O da hərbçidir. Mülki Aviasiya qərargahının keçmiş rəhbəridir.

***

Bakı vaxtı ilə 18 00-da Misirin iri şəhərlərində komendant saatı başlanıb.

Amma buna əməl edən yoxdur.

Günorta Qahirə şəhərinin mərkəzinə təxminən 50 min adam toplaşmışdı.

Axşam düşsə də, minlərlə etirazçı Qahirənin mərkəzi meydanında qalmaqdadır.

Bundan əvvəl bir qrup nümayişçi isə Daxili İşlər Nazirliyinin Qahirədə yerləşən binasına hücum etməyə çalışıb.

Son məlumata görə, binaya daxil olmaq istəyən 3 nəfər öldürülüb (Röyters).

Misirli dissident, Nobel mükafatlı Məhəmməd əl-Baradey prezident Mübarəki istefa verməyə çağırıb.

Ömər Süleyman (solda) İsrailin müdafiə naziri Ehud Barakla. 12 may 2008
Bir neçə gün əvvəl Misirə qayıdan əl-Baradey həmçinin etirazçıları komendant saatına əməl etməyə çağırıb.

ÖLƏNLƏRİN SAYI 95-Ə ÇATIB


Güc tətbiqinə baxmayaraq, hazırda Misirin paytaxtı Qahirənin «Təhrir» meydanına 50 minə yaxın insan toplaşmaqdadır.

«Əl-Cəzirə» kanalının verdiyi məlumata görə, Misirdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlərin sayı 95 nəfərə çatıb.

Məlumata görə, təkcə Süveyş şəhərində ölənlərin sayı 27-yə çatıb. Luksor şəhərində hakim partiyanın qərargahı yandırılıb. Şəhərə tanklar yeridilib.

Qahirədə də strateji obyektləri tanklar qoruyur.

Axşam saat 4-dən səhər saat 8-dək davam etməli olan komendant saatına əməl olunmur.

Komendant saatı yanvarın 28-də tətbiq edilib.

Qahirədə polis gözə dəymir. Küçələrə hərbçilər çıxarılıb.

İmad adlı Qahirə sakini deyir ki, hökumətin dəyişməsi heç nəyi həll etmir:

«Əhməd Nazif hökumətinin istefaya göndərilməsi və onun başqasıyla əvəzlənməsi heç nəyi dəyişməyəcək. Siyasət dəyişməlidir. 1993-cü ildən biz Dünya Bankının göstərişləri ilə yaşayırıq. Ona görə də kasıblıq 43 faizə çatıb və bu, Mübarəkin yanlış siyasətinin nəticəsidir».



ZƏRƏRÇƏKƏNLƏR ARASINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI YOXDUR


Azərbaycanın Misirdəki səfirliyi işini adi qaydada davam etdirir və iğtişaşlar nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə «APA»ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Səfirlikdə daim növbətçi var:

«Ayrılmış xüsusi telefon xətti vasitəsilə növbətçi kömək üçün müraciət etmiş Azərbaycan vətəndaşlarına yardım göstərməyə hazırdır. Səfirlik Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə - onların əksəriyyəti Qahirə universitetlərində təhsil alan tələbələrdir - əlaqə saxlayır və onlar müraciət edərsə, köməklik edə bilər».

Misirlə telefon əlaqəsi çətinliklə qurulur. Bu ölkədə mobil rabitə və internet kəsilib.

İRAN MİSİRDƏKİ NÜMAYİŞÇİLƏRİN TƏLƏBLƏRİNİ HAQLI SAYIR


İranın Xarici İşlər naziri Ramin Mehmanpərəst Misirdəki nümayişləri «ədalət axtaranların hərəkatı» adlandırıb.

Məlumatı ISNA xəbər agentliyi yayıb.

Qahirə 29 yanvar 2011
Mehmanpərəst deyib ki, «müsəlman misirlilərin ədalət axtarışı yönündə addımları onların milli və dini tələblərinə uyğun gəlir».

«Misir rəsmiləri xalqa qarşı zorakı münasibətdən çəkinməli, müsəlman əhalinin səsini eşitməli və onların tələblərini yerinə yetirməlidir».

Son günlər Misirdə hökumətə qarşı etirazlarda 40-a yaxın adam ölüb, 1300-dən çox adam yaralanıb.

QAHİRƏDƏ YENƏ ATƏŞ SƏSLƏRİ EŞİDİLİR

Səhər saatlarında Misirin paytaxtı Qahirənin mərkəzində atışma səsləri eşidilir. Polis prezident Hüsnü Mübarək əleyhdarlarının növbəti kütləvi aksiyasını dağıtmağa çalışır.

30 ilə yaxın hakimiyyətdə olan Mübarək yanvarın 28-də hökuməti istefaya göndərib. Hökumətin yeni tərkibi bu gün açıqlanmalıdır.

Son günlər Misirin bir neçə şəhərində keçirilən etiraz aksiyaları zamanı azı 20 nəfər ölüb. Qahirə, İsgəndəriyyə və Süveyş şəhərlərinə zirehli texnika yeridilib.
XS
SM
MD
LG