Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:19

«Azərbaycan islahatlar aparmalıdır ki, Misirin vəziyyətinə düşməsin»


Vəfa Quluzadə
Vəfa Quluzadə
«Misir etirazlarının Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnəcəyinə heç bir şübhə yoxdur».

Bunu AzadlıqRadiosunun suallarını cavablandıran politoloq Vəfa Quluzadə deyir.

Yaxın Şərq konflikti üzrə mütəxəssis, SSRİ-nin Misir və Əlcəzairdəki səfirliklərində çalışmış Vəfa Quluzadə ilə müsahibəni təqdim edirik.

- Vəfa müəllim, Misirdə keçirilən etiraz aksiyaları nədən qaynaqlanır? Bu aksiyalar Tunisdəki kimi, prezident Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnə bilərmi?

- 100 faiz nəticələnəcək. Çünki Hüsnü Mübarək artıq cinayət işlədib, 100 nəfərdən çox dinc nümayişçi öldürülüb. Həmçinin, dinc nümayişçilərə qarşı həddən artıq polis gücündən istifadə olunub. Nümayişçilərin şüarları o idi ki, həyatları yeməkləri pis idi. Məsələn, biri deyirdi ki, Rusiyadan «jmıx» alıb taxıl, buğda yerinə satıb yedizdirdirlər. Misir xalqı işsizlikdən, böyük tarixə malik bir xalq işsizlikdən, zəlilikdən əzab-əziyyət içində idi. Özü də 30 ilə yaxın bir diktatorun yumruğu altında. Ona görə bu məsələlər gözlənilən idi. Barak Obama da xəbərdarlıq etmişdi islahatlar keçirin, amma heç nə olmurdu. Mən Misiri yaxşı tanıyıram, insanlarını da. Zahirdən baxanda da hiss edirsən ki, bu adamların maddi vəziyyətində heç bir dəyişiklik olmayıb. Onlara azadlıqlar, hüquqları, iş lazımdır. Bunların hamısı yığılıb partlayışa gətirib çıxardı.

- Bəs niyə məhz indi partladı?


Qahirədə etiraz aksiyası, 29 yanvar 2011
- Partlayışın öz vaxtı olur. Birinci Tunisdə oldu, o zonada olan xalqlar bir-biri ilə əlaqədardır. Bir dildə danışırlar, dinləri bildir, vəziyyətləri bir-birinə oxşayır. Ən kasıbları Yəməndir. Düzdür, Tunis və Misirlə müqayisə etsəniz, Yəmən tarixən də kasıb olub. Siyahıda başqaları da var. Məsələn, Liviyanın diktatoru Müəmmər Qəddafi siyahıdadır. Dünya dəyişir, bunlar qabağa gedə bilmirlər, geri gedirlər.

- Misirdən sonra etiraz dalğasının digər ərəb dövlətlərinə də yayılacağı gözlənilirmi?

- Yüz faiz gözləmək olar. Ərəb rəhbərləri çevik islahatlar aparmalıdırlar, buna da mən inanmıram. Məsələn, Hüsnü Mübarək, Tunis prezidenti Ben Əli bir gecənin içində nə islahat apara biləcəkdi. Xalq inanmır, xalqın inamını tam itiriblər.

- Hüsnü Mübarək hökuməti istefaya göndərib. Bunun bir nəticəsi ola bilərmi?

- Heç bir nəticəsi olmayacaq. Çünki xalq tələb edir ki, hökumət Hüsnü Mübarəklə bərabər istefaya getməlidir. Hüsnü Mübarəkin təyin etdiyi hökumətə xalq inanmayacaq. H. Mübarək fövqəladə vəziyyət elan edib, ordunu şəhərə göndərib. Ordu şəhərdə xalqla birləşib. Çünki orduda olan əsgərlər də o xalqın oğlanlarıdır.

- Vəfa müəllim deyirsiniz ki, ərəb rəhbərləri çevik islahatlar apara bilsə, bəlkə eyni hadisələr onlarda təkrarlanmadı...

Ərəb ölkələrinin sammiti
- Mən inanmıram ki, bu geridə qalmış, laxlamış rejimlər xalqların tələblərinə cavab verə bilərlər. Məsələn, İordaniya rejimi neçə ildir krallıq rejimidir. Dünya gedib kosmosa çıxıb İordaniyada hələ kral rejimidir. Qəddafinin rejimi dünyada ironiya ilə qəbul olunur.

- Bir neçə il əvvəl Gürcüstan və Ukraynada inqilab oldu və bu inqilabların arxasında Qərb dövlətlərinin dayandığı bildirildi. Bəs ərəb ölkələrində baş verənləri kimdir idarə edən?

- Mən hesab edirəm ki, Gürcüstan və Ukraynada daxildə vəziyyət yetişməsəydi, Amerika heç nə edə bilməzdi. Ukrayna çoxdan Sovet İttifaqından, Rusiyadan canını qurtarmaq istəyirdi. Ukrayna çoxdan müstəqil, milli dövlət olmaq istəyirdi. Həmçinin, Gürcüstan. Geostrateji maraqlarına görə Rusiya Abxaziya ilə Cənubi Osetiyanı işğal etdi. Ancaq gürcü xalqı demokratik şəraitdə yaşamaq istəyir və ona da nail ola bilib. Ona görə hər şeyin arxasında Amerikanın barmağını axtarmaq gülüncdür. Amerika demokratiyaları dəstəkləyə bilər, ancaq gəlib orta əsr dövlətini demokratiya etsin, bu, mümkün deyil.

- Necə bilirsiniz, etirazlar başqa regionlara da keçə bilərmi?


- Mən hesab edirəm, yayıla bilər. Çünki camaat öz haqq-hüququnu istəyir. Bütün ölkələrin konstitusiyasına baxsanız, bütün hüquqlar yazılıb, ancaq həyata keçirməyə gələndə, hamısı reallaşmır. Ona görə xalqlar boğaza yığılıb tələb edirlər ki, biz öz hüquqlarımızdan istifadə etmək istəyirik.

- Azərbaycan üçün belə təhlükə varmı?


- Bilirsiniz, Azərbaycan bir qədər fərqlənir. Amma Azərbaycan da islahatlar aparmalıdır. ATƏT də, Avropa Şurası, Avropa Birliyi də Azərbaycandan müəyyən islahatları aparmağı xahiş edir. Azərbaycan bunları aparmalıdır ki, o vəziyyətə düşməsin.
XS
SM
MD
LG