Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

SAMA AXCP üzvünün həbsini pisləyib


AXCP ÜZVÜNÜN HƏBSİ PİSLƏNİB

AXCP gənclər komitəsinin üzvü Cabbar Savalanın asaxlanılmasını araşdıran Siyasi Azadlıqların Müdafiə Alyansı ciddi prosedur pozuntulara yol verildiyini bildirir.
Baş verənləri siyasi ayrı-seçkilik kimi qiymətləndirən SAMA Cabbar Savalanın ictimai fəaliyyətinə görə saxlandığını bildirir, ona qarşı irəli sürülmüş ittihamı pisləyir.

Fevralın 5-ində Sumqayıtda polisin saxladığı AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan haqqında Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu məddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu barədə Azadlıqradiosuna Sumqayıt Polis İdarəsindən məlumat verilib.

Cabbar Savalanın vəkillərinin AzadlıqRadiosuna dediyinə görə, çoxsayılı cəhdlərinə baxmayaraq Sumqayıt polisi onlara müdafiə etdikləri şəxslə görüşünə icazə verməyib. Cabbar Savalanı iki vəkil, Əsabəli Mustafayev və Anar Qasımov müdafiə edir. Vəkil Əsabəli Mustafayev deyir ki, bu ciddi qanun pozuntusudur. Hazırda vəkillər yaranmış vəziyyətlə bağlı Sumqayıt Şəhər Prokuruluğuna müraciət hazırlaylırlar.

***

Fevralın 5-i axşam saatlarında AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan Sumqayıtda həbs edilib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, onun üstündən 0, 17 qram narkotik maddə tapıldığı bildirlir.

Hazırda o Sumqayıt Şəhər Polis idarəsində saxlanılır.

Əbülfəz Qurbanlının bildirməsinə görə, «20 Yanvar» hadisələrinin 21-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət zamanı polislə müxalifətçilər arasında baş verən qarşıdurmadan sonra o izləndiyini deyirmiş.

«Biz fevralın 5-də partiya gənclər komitəsinin müşavirəsini keçirdik, o da bizimlə idi. Sonra Norveç İnsan Haqları evində bir filmə baxdıq və o, Sumqayıta evə getdi. Bu gün tezdən eşitdik ki, onun cibinə narkotik maddə atıb həbs ediblər. O siyasi proseslərdə çox fəal idi. Hər gün bizimlə bir yerdə olurdu. Onun narkotik maddə istifadəçisi kimi saxlanması tamamilə yersiz bir məsələdir. Cabbar Savalan partiyaya yeni üzv olub və fəallığı ilə seçilən gəncdir. Sumqayıt Dövlət Universitetinin tarix fakültəsinin dördüncü kursunda oxuyur»

Əbülfəz Qurbanlı Cabbar Savalanın cibindən narkotik maddə çıxmasını qurama məsələ sayır.

«Bu birbaşa bizim gənclər komitəsinin və Cabbar Savalanın fəallığı ilə bağlıdır».

Cabbar Savalan 1991-ci ildə Sumqayıtda anadan olub.

Sumqayıt şəhər polis idarəsindən Cabbar Savalanın ötən gecə saxlandığını təsdiqləyiblər. Amma polis idarəsi əlavə məlumat verməkdən imtina edib.
XS
SM
MD
LG