Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:26

Assancı İsveçə verəcəklərmi?


Culian Assanc
Culian Assanc
Bazar ertəsi Londonda başlayan məhkəmə prosesi «WikiLeaks» təşkilatının rəhbəri Culian Assancı (Julian Assange) İsveçə təhvil vermək haqda qərarla nəticələnə bilər.

Assanc və onun vəkilləri deyirlər ki, bütün səylərini belə bir qərarın qəbul olunmasına qarşı yönəldəcəklər. Assancın düşərgəsinə İsveç qanunları üzrə ekspert, vaxtilə bu ölkənin Baş prokuroru işləmiş Sevn-Erik Alhem də cəlb olunub. Prosesdə onun müdafiə tərəfinin eksperti kimi çıxış edəcəyi gözlənilir.

Alhem İsveçin «Afotnbladet» qəzetinə bildirib ki, bu işin hüquqi tərəfi heç bir tənqidə dözmür. Onun fikrincə, İsveç məhkəməsinin Assancın özünün iştirakı olmadan qərar qəbul etməsi yaxşı əlamət deyil.

Alhem İngiltərə hakimlərinə İsveçlə Britaniyanın məhkəmə sistemləri arasındakı fərqi izah edəcək.

Assancın müdafiəsinin əsas maddələrindən biri də odur ki, yaranmış şəraitdə İsveçdə qərəzsiz, ədalətli məhkəmə keçirmək mümkün deyil. Alhemin əsas arqumenti budur ki, İsveçdə zorlama işlərinə dair məhkəmə iclasları bağlı qapılar arxasında keçirilir.

Assancın İsveçə təhvil verilməsi haqda məhkəmə iclaslarına 2 gün ayrılıb. Məhkəmə belə bir qərar qəbul etsə belə, müdafiə tərəfinin apellyasiya şikayəti yönəltmək fikri var.

«WikiLeaks» rəhbərinin müdafiəsinin daha bir arqumenti İsveçin beynəlxalq axtarış haqda sanksiyasının qanunsuz olmasıdır. Assancın müdafiəsinə başçılıq edən Britaniyanın məşhur vəkili Mark Stivens (Mark Stephens) hesab edir ki, belə bir müraciəti ancaq xüsusi polis şurası yönəldə bilər. Assancın beynəlxalq axtarışını isə İsveçin prokurorluğu elan edib.

Bundan başqa, müdafiə tərəfi iddia edir ki, İsveç Assancı seksual cinayətə görə deyil, məhkəməyə gəlmədiyinə görə tələb edir.

İsveç prokurorluğunun məntiqi isə ondan ibarətdir ki, ötən ilin yayında Assanc İsveçdə keçirilən əlavə məhkəmə iclaslarına gəlməkdən boyun qaçırmaqla bu ölkənin qanunlarını pozub. Ona görə də onun beynəlxalq axtarışı haqda müraciət qanunun tələblərinə cavab verir.

Bütün yuxarıda deyilənlərə baxmayaraq, ekspertlər Assancın müdafiəsi imkanlarının az olduğunu qeyd edirlər. Onun İsveçə verilməsi haqda qərarın çıxarılması ehtimalını isə çox yüksək qiymətləndirirlər.
XS
SM
MD
LG