Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:27

«Anonim» hakerlərin İran əməliyyatı


Qrup İran hökumətinin senzurasından yan keçməklə qapalı forumlarda istifadəçilərə müxtəlif texniki tövsiyələr verirdilər
Qrup İran hökumətinin senzurasından yan keçməklə qapalı forumlarda istifadəçilərə müxtəlif texniki tövsiyələr verirdilər
«Biz anonimik. Biz bir legionuq. Biz bağışlamırıq. Biz unutmuruq. Bizi gözləyin».

Bu, «Anonim» adlı beynəlxalq internet qrupunun səsidir.

Bu qrup dünyada müxtəlif veb-saytlara haker hücumu edib sıradan çıxardır. «Anonim» adlı bu qrup naməlum qrupdur.

Bu günlərdə iranlılar yenidən küçələrə çıxanda, İran hakimiyyəti özünün senzura fəaliyyətini daha da artırdı.

Əhmədinejadın yenidən prezident seçilməsi ilə başlayan kütləvi etiraz aksiyaları zamanı hakimiyyət müxalifyönlü saytları, media saytlarını blok etdi. Həm də mobil telefonları bağladı.

«Anonim» qrupu məhz bu zaman üzə çıxdı. Onların İran əməliyyatı başladı.

Həmin qrupun üzvləri İran hökumətinin senzurasından yan keçməklə qapalı forumlarda istifadəçilərə müxtəlif texniki tövsiyələr verirdilər.

Qrup həm də iranlılara xüsusi saytları sıradan çıxara bilən DDOS sistemindən necə istifadə etməyi öyrədirdilər. Konkret khamenei.ir. leader.ir və president.ir saytlarını sıradan çıxarmağa həvəsləndirirdilər.

Əslində, «Anonim» qrupunun kimlərdən ibarət olduğunu müəyyən etmək çox çətindir. Çünki bu TƏŞKİLATIN NƏ MƏRKƏZ QƏRARGAHI VAR, NƏ DƏ LİDERİ.

Kütləvi etiraz aksiyaları zamanı hakimiyyət müxalifyönlü saytları blok etdi
Araş «Anonim» qrupu ilə işləyən hakerlərdən biridir. O, öz ölkəsində hökumətin senzurasına və kompyuterlərə nəzarətinə qarşı mübarizə aparır. Araş öz qrupunu belə təsvir edir:

«Əziz internet vətəndaşları... Hər şeydən əvvəl bilmək lazımdır ki, «Anonim» əslində mövcud deyil. «Anonim» ideyadan başqa bir şey deyil. Bu, sadəcə internet vasitəsidir. Bəşəriyyətin xeyrinə olan ümumi məqsədimizin xeyri üçün hər kəs bu vasitədən istifadə edə bilər» .

Araş kimi hakerlər hökumət saytlarına hücum etdikləri bir vaxtda hakimiyyət də sakit oturmur. İnternet saytlarının monitorinqi və filtrasiyası üçün yüksək texnoloji avadanlıqlarından istifadə edir.

«Fərda» radiosunun «Sizi İran əməliyyatına başlamağa nə vadar etdi» sualına Araş cavabında deyib ki, İran hakimiyyət təkcə ölkə daxilindəki medianı senzuraya məruz qoymur. Həm də dünyanın müxtəlif yerlərində buna əl atır:

«Misal üçün, bir müddət hətta Avropada yaşayanlar belə BBC-nin fars xidməti və başqa İran kanallarından istifadə edə bilmirdilər. Çünki İran hökuməti həmin kanalları yayan peyklərin dalğalarını vurur».

Avtoritar rejimlər son vaxtlar hakerləri, internet fəallarını, bloqqerləri daha çox hədəfə alırlar
«Siz İran əməliyyatı strategiyasını necə təsvir edərdiniz» sualına isə o belə cavab verib:

«Anonim»in belə bir sərt qaydası var – mediaya hücum etmək olmaz. Ancaq şəxsən MƏN İRAN DÖVLƏT TELEVİZİYASI VƏ RADİOSUNU MEDİA HESAB ETMİRƏM. Bu, ən yaxşı halda beyin yumaq sistemidir. Əməliyyatın əsas diqqəti hökumət saytları və hökumətin media serverlərinə yönəlmişdi ki, onların da hamısı dünən çökdürüldü».

««Anonim» İranda onlayn etiraz hərəkatına başqa hansı yollarla kömək edə bilir» sualına cavabında isə o, bunları deyib :

«Tor layihəsi var. Bu layihə internetdən anonim və təhlükəsiz şəkildə istifadə imkanı yaradır. Ancaq İran dünyada ilk ölkə oldu ki, bu proqramı da bağladı. Bilirik ki, İran rejimi güclüdür və ona qarşı mübarizə aparmaq çətindir. Lakin biz ümidliyik. Başqa anonim vasitələr də var ki, hökumət hələ onları blok edə bilməyib».

Ancaq «Anonim» qrupu bir müddət əvvəl Amazon.com, PayPal, MasterCard, Visa və başqa şirkətlərin saytlarına da haker hücumu təşkil etmişdi.

Avtoritar rejimlər son vaxtlar hakerləri, internet fəallarını, bloqqerləri daha çox hədəfə alırlar. İnternetə çıxışın artması səbəbindən belə xəbərçiləri sözə baxan etmək daha çətin olur.
XS
SM
MD
LG