Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:42

Ermənistanda müxalifətin etiraz askiyası keçirilib


Ermənistan müxalifətinin etiraz askiyası, Yerevan, 18 fevral 2011
Ermənistan müxalifətinin etiraz askiyası, Yerevan, 18 fevral 2011

Fevralın 18-də Ermənistanın paytaxtında müxalifətin mitinqi başlayıb. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Yerevanın mərkəzində keçirdiyi etiraz askiyasında prezident Serj Sarkisyanın istefasını və növbədənkənar seçki keçirilməsini tələb edir.

Mitinqə Ter-Petrosyan və başqa müxalifət liderləri qatılıblar.

Müxalifətin regionlardakı təşkilatları deyirlər ki, onların tərəfdarlarının mitinqə aparılmasına polis mane olur. Bildirdiklərinə görə müxalifətçiləri daşıyan avtobusların sürücülərinin vəsiqələrini polis əllərindən alıb, maşınlarını da cərimə meydançalarına aparıb.

Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan deyib ki, onlar günün birində yaxınlıqdakı Azadlıq Meydanına daxil olmaq istəyirlər. Hazırda həmin meydanda şəhər meriyasının təşkil etdiyi konsert başlayıb. Bir dəstə adam da meydanda həmin konsertə qulaq asır. 2008-ci il martın 1-dən müxalifətə bu meydanda aksiyalar keçirmək qadağan edilib.

Müxalifət ölkədə iqtisadi və sosial vəziyyətə etiraz olaraq kütləvi tədbirlərini davamlı olaraq keçirəcəyini bildirir.
Azadlıq Meydanında Yerevan meriyasının təşkil etdiyi konsert, 18 fevral 2011

Levon Ter-Petrosyan mitinqdə çıxışında ölkədəki sosial-iqtisadi vəziyyətə toxunaraq qeyd edib ki, hakimiyyətin bu istiqamətdə apardığı siyasət nəticəsində ölkədə on minlərlə ailə gəlir mənbəyini itirib, monopolistlər qiymətləri hədsiz dərəcədə artırıblar. Keçmiş prezident deyib ki, bu siyasətin nəticəsində insanlar Ermənistanı tərk edirlər.

Ter-Petrosyan hesab edir ki, Serj Sarkisyanın “Mübarəkləşməsi” üçün yalnız bir qədər zaman lazımdır. Onun fikrincə, Ermənistan prezidentini də Misirin keçmiş prezidentinin taleyi gözləyir.

Erməni Pan-Milli Hərəkatı da bugünkü etiraz askiyasına qoşulub. Hərəkatın rəhbəri Aram Manukyan çıxışında deyib ki, “Qarabağda uğur üçün inqilab etməliyik”.

Müxalifət növbəti etiraz askiyasını martın 1-ə təyin edib.

Getdikcə etiraz aksiyalarında daha az adam cəlb edən Ermənistan müxalifəti sonuncu etiraz askiyasını keçən il noyabrın 9-da keçirmişdi.
XS
SM
MD
LG